Min yaşlı
cavan şəhər - Kazan
Tarixində bir çox sivilizasiyaların izi qalmış şəhər fərqli din, dil və mədəniyyətlərin vəhdət yeridir
Xəbər
verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının qərarına
əsasən, Rusiya Federasiyası Tatarıstan
Respublikasının paytaxtı Kazan şəhəri
2014-cü ildə “Türk dünyası mədəniyyət
paytaxtı” elan edilib. Kazan bu mədəniyyət estafetini
ötən ilin “paytaxt”ı olmuş Əskişəhərdən
qəbul edib. Ötən dövr ərzində TÜRKSOY təşkilatının
bir çox tədbirlərinin ünvanı Kazan şəhəri
olacaq. Bu il ikinci dəfə gerçəkləşəcək
“Türkvizyon” musiqi müsabiqəsinə də
Tatarıstanın paytaxtı ev sahibliyi edəcək.
Biz də bu əlamətdar vəsilə ilə türk dünyası və İslam mədəniyyətinin zəngin səhifələrinin yaşadığı bu qədim və gözəl şəhərin tarixinə, mədəni irsinə ekskurs etmək qərarına gəldik.
Qeyd edək ki, Kazan şəhərinin tarixi bir sıra mənbələrə əsasən XI əsrin əvvəlindən hesablanır. 2005-ci ildə şəhərin 1000 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Hərçənd yaşayış məskəni kimi bu yerin tarixi daha qədim çağlara gedib çıxır. Bu yöndə elmi araşdırmalar hələ XIX əsrin sonunda aparılmışdı. Bir əsr sonra, 1995-ci ildə Rusiya və dünya arxeoloqlarının iştirakı ilə geniş tədqiqat işləri başlandı. Aşkar edilən qədim əşyalar, o cümlədən metal sikkələr diqqətlə tədqiq ediləndən sonra alimlər Kazanın bünövrəsinin 1005-ci ildə qoyulduğu barədə qərar verdilər və bu qərar Rusiya Elmlər Akademiyası tərəfindən təsdiqləndi.
Əlamətdar tarixin beynəlxalq səviyyədə qeyd edilməsi üçün UNESCO-ya müraciət olundu. Təşkilat Kazan Kremlini dünya mədəni irs siyahısına daxil etdi. Kazan Kremli öz gözəlliyi ilə heç də Moskva Kremlindən geri qalmır. Yeri gəlmişkən, sovet kinosunun yaddaqalan filmlərindən olan "İvan Vasilyeviç peşəsini dəyişir" komediyasının məşhur səhnələri məhz Kazan Kremlində çəkilib.
Qədim
tarix və Bulqar dövlətinin paytaxtı
İndiki Kazan şəhərinin yerləşdiyi ərazi
ən qədim vaxtlardan insan məskəni olub. Münbit
torpaq, heyvanat aləmi, o cümlədən Kazanka
çayında bol olan balıq ehtiyatı qədim
insanların ətraf ərazilərdən bu yerlərə
köç edərək məskən salmasına şərait
yaratmışdı. Bu ərazidə ilk
insan məskənlərinin tarixi yeni eradan əvvəl VIII-V
minilliklərə təsadüf edir. Köhnə
eranın II minilliyindən etibarən bölgəyə əcnəbi
tayfaların basqınları genişlənib, əvvəlcə
şərqi fin tayfaları, eramızdan əvvəl VIII-V əsrlərdə
Qara dəniz sahilindən və Şimali Qafqazdan skif
tayfaları buralarda görünməyə başlayıb.
Yeni eranın ilk əsrlərindən isə bölgədə
qədim türk tayfaları olan bulqarlar məskən salıb. Əsasən
Volqaboyundan köç edən bulqarlar VII əsrdə burada
dövrün güclü dövlətlərindən
sayılan Volqa Bulqar dövlətini qurublar. IX-X əsrlərdə Bulqar dövlətində ilk
şəhərlər meydana gəlir. Onlardan
ən böyüyü olan Kazan dövlətin paytaxtına
çevrilir.
"Böyük Volqa yolu"nun - Skandinaviya və Baltik
dənizi sahillərindən Xəzərədək uzanan ticarət
yolunun inkişaf etməsi Kazanın strateji əhəmiyyətini
daha da artırır. XII əsrdə Kazanka çayının
sahilində şəhəri xarici basqınlardan qorumaq
üçün qala divarları inşa edilir. Kazanı ələ keçirmək istəyən
qüvvələr isə yetərincə idi.
Qızıl
Ordanın hökmranlığı altında
XIII əsrin əvvəlində Qızıl Orda dövlətinin
Qərbə doğru başlanan geniş istilaları Volqaboyu
sahillərə və Bulqar dövlətinə də
çatdı.
Bulqarlar 1223-cü ildə Çingiz xanın
qoşunlarının ilk hücumunu dəf etsələr də,
bu nəhəng dövlətlə uzun müddət savaşmaq
gücündə deyildilər. 1236-cı
ildə Batı xanın qoşunları bütün Volqaboyunu,
o cümlədən Bulqar dövlətini də ələ
keçirdi. Kazan şəhəri Uzaq
Şərqdən Avropayadək uzanın Qızıl Orda
imperiyasının ən vacib ticarət mərkəzi oldu.
İki əsrə yaxın davam edən Qızıl Orda
hökmranlığı dövründə Kazan və
ümumilikdə Volqaboyu mühüm iqtisadi regiona
çevrildi, bu yerlərə köç edən tatar
tayfaları bölgəyə əlavə mədəni zənginlik
də gətirdilər. Bu qarşılıqlı zənginləşmə tədricən
sintetik türk etnosunun - tatar xalqının təşəkkül
tapmasına təkan verdi. İslam
artıq bölgədə hakim dinə çevrilmiş,
Kazanda məscidlər tikilməyə başlamışdı.
Qeyd etmək lazımdır ki, qədim rus salnamələrində
Kazanın adı da ilk dəfə məhz bu dövrdə, daha
dəqiqi, 1391-ci ildə yer alıb. Həmin salnamələrdə
1399-cu ildə Moskva knyazı Yuri Dmitriyeviçin Kazana
hücumu da əks olunub.
XV əsrin əvvəllərində Qızıl Ordada
daxili çəkişmələrin artması imperiyanı zəiflətdi
və bu vəziyyətdən istifadə edən vassal dövlətlər
fəallaşdılar. 1422-1438-ci illərdə bölgənin
hökmdarı olmuş və əslən Qızıl
Ordanın hakim Cuçilər tayfasından olan Qiyasəddin
imperiyanın dağılmaqda olduğunu görərək mərkəz
Kazan olmaqla müstəqil dövlət (xanlıq) yaratmağa
başladı.
Kazan
xanlığı - bir əsr müstəqillik
Qısa müddətdə Kazan xanlığının
güclü dövlətə çevrilməsi qonşu rus
knyazlıqlarını, o cümlədən onların ən
güclüsü olan Moskva knyazlığını razı
sala bilməzdi. Üstəlik Qiyasəddinin
ölümündən sonra xanlıq faktiki olaraq başsız
qalmışdı. Belə bir şəraitdə
Kazan zadəganları bacarıqlı diplomatiya yeridərək
Moskva knyazlığına qarşı mübarizədə digər
qonşu dövlətlərlə ittifaq yaratmağa müvəffəq
oldular. İlk belə ittifaqı
Aşağı Volqaboyunun hökmdarı Uluq Məhəmmədlə
bağlayan Kazan xanlığı 1445-ci ildə Moskva
knyazlığı ilə döyüşdə qalib gəldi.
Həmin ildə Uluq Məhəmməd vəfat etdi və
onun oğlu Mahmudbəy müstəqil Kazan
xanlığının ilk xanı elan edildi. Onun hakimiyyəti
dövründə xanlıq iqtisadi yüksəlişə nail
oldu, Kazan bölgənin ən iri şəhərinə
çevrildi. Bu dövrdə Kazan həmçinin
mühüm dini mərkəz kimi təşəkkül
tapmağa başladı, şəhərdə yeni məscidlər,
mədrəsələr tikildi.
Kazan xanlığının müstəqil dövlət
kimi ömrü təxminən bir əsr davam etdi. Rus
torpaqlarını Moskva knyazlığı ətrafında birləşdirən
və 1547-ci ildə özünü Rusiya çarı elan edən
İvan Qroznının nəzərləri artıq ətraf
bölgələrə yönəlmişdi. Bu sırada ilk hədəf Kazan xanlığı
idi. Xanlıq isə bu dövrdə özünün
heç də yaxşı zamanlarını
yaşamırdı. Yadigar xan dövləti
sələfləri kimi idarə edə bilmirdi. 1552-ci ildə İvan Qroznının qoşunları
bir həftə sürən mühasirədən sonra Kazana
daxil oldular. Yadigar xan əsir
götürüldü, şəhər isə
yandırıldı. Tatarların rus istilasına
qarşı üsyanları bir neçə il
davam etdi, amma artıq Kazan xanlığı mövcud deyildi,
o, Rusiyanın tərkibinə daxil edilmişdi.
Rusiyanın
tərkibində
Kazan xanlığının Rusiya
çarlığı tərəfindən istila edilməsi
tatar xalqının taleyində ağır izlər qoydu. İvan
Qroznının əmri ilə tatar əhalisinin böyük
hissəsi Kazandan ucqar kəndlərə
köçürüldü. Onların
yerində şəhərə müxtəlif yerlərdən
köçürülən ruslar məskən saldılar.
Kazan isə rus şəhəri elan edildi. 1556-cı ildə şəhərdə Kreml tikilməyə
başlandı. Ağ mərmərdən
inşa edilən Kreml şəhərə əlavə gözəllik
gətirsə də, bunun artıq yerli tatarlara elə bir təfavütü
yox idi. Əslində Kazanda Kremlin tikintisi də
hər şeydən öncə siyasi anlam
daşıyırdı. Moskva knyazları ələ
keçirdikləri bütün şəhərlərdə
belə Kreml tikməklə həmin şəhərlərin
tarixi rus şəhəri olduğunu nümayiş etdirməyə
çalışırdılar.
1708-ci ildə I Pyotrun əmri ilə Rusiyanın
bütün ərazisi quberniyalara bölündü və Kazan
da eyniadlı quberniyanın inzibati mərkəzi oldu. Kazan tədricən
iri sənaye şəhərinə çevrilsə də, əvvəlki
görkəmini xeyli itirmişdi, Qızıl Orda və
xanlıq dövründə tikilmiş məscid-mədrəsələrdən
əsər-əlamət yox idi. Vaxtilə
şəhər əhalisinin əksəriyyətini təşkil
edən tatarların sayı isə ümumi əhalinin (təxminən
40 min nəfər) yalnız 10 faizini təşkil edirdi. Sonrakı dövrdə Kazanda tatarların məskunlaşmasına
qismən icazə verilsə də, çar imperiyası
ruslaşdırma xəttini davam etdirirdi. 1897-ci ildə
aparılmış siyahıyaalmaya görə, şəhər
əhalisi 130 min nəfər idi, bunun yalnız 22 faizini tatarlar
təşkil edirdi.
Bununla belə, Kazanın Rusiya imperiyası tərkibində
olduğu dövr müsbət tendensiyalarla da müşayiət
olunurdu. Şəhər regionun iri elm, təhsil və mədəniyyət
mərkəzinə çevrildi. 1758-ci ildə
Rusiyanın əyalətlərində ilk dəfə məhz
Kazanda gimnaziya açıldı. Çətinliklə
olsa da, tədricən İslam təhsil sistemi də yenidən
təşəkkül tapırdı. Kazanda
mədrəsələr İvan Qroznının dövründə
ləğv edilmişdi və 1771-ci ildə şəhərdə
iki mədrəsə açıldı. Amma
imperiya burada da müvafiq statistikaya riayət edirdi. Məsələn, XIX əsrin sonunda Kazanda 88 kilsə
fəaliyyət göstərdiyi halda, məscidlərin sayı
cəmisi 13 idi.
1791-ci ildə Kazanda ilk teatr fəaliyyətə
başladı.
1804-cü ildə Kazan Universiteti
açıldı. Universitet Rusiyanın ən
iri təhsil ocaqlarından birinə çevrildi. Rusiyanın bir çox məşhur simaları, o
cümlədən dünya şöhrətli
yazıçı Lev Tolstoy bu universitetin məzunu idi. Məşhur azərbaycanlı şərqşünas,
dilçi Mirzə Kazımbəy bu universitetdə dərs
deyib.
Kazanda ilk qəzet - rus dilində “Kazanskiye izvestiya"
1811-ci ildə işıq üzü görüb. Təxminən
bir əsr sonra, 1905-ci ildə isə Kazanda tatar dilində ilk qəzet
- “Kazan müxbire" nəşr olunmağa başladı.
XX əsrin əvvəlində Kazan artıq təkcə
Rusiyanın deyil, Avropanın da iri sənaye mərkəzlərindən
birinə çevrilmişdi. Şəhərdə
100-ə yaxın sənaye müəssisəsi vardı.
1917-ci ilin Oktyabr inqilabı ərəfəsində Kazan sənaye
və ticarət sahəsində Rusiyanın beş
ən böyük şəhərindən biri, həmçinin
iri elm-texnika və mədəniyyət mərkəzi idi. Sovet
hakimiyyəti də Kazanı köhnə Rusiyadan beləcə
təhvil aldı...
Kazanın
yeni həyatı
Sovetlərin süqutundan sonra Kazanın həyatında
yeni dövr başlayıb. Rusiya
Federasiyasının 89 subyekti arasında ən geniş
özünüidarə səlahiyyətlərinə malik olan
Tatarıstanın paytaxtı olan Kazan zəngin tarixi ilə
yanaşı, bu günü ilə də öyünməyi
haqq edib.
Əsrlər boyu çeşidli sivilizasiyaların kəsişdiyi
şəhər bu gün fərqli mədəniyyətlərin,
Şərqlə Qərbin, İslam və xristian
dünyagörüşlərinin qovuşduğu bir yerdir. Pravoslav,
müsəlman, iudaizm, katolik, hətta buddizm dinlərinin bir
arada mövcud olduğu şəhər tolerantlıq səviyyəsinə
bir çox beynəlxalq təşkilatların, o cümlədən
UNESCO-nun hesabatlarında örnək olaraq göstərilir.
Kazan, eyni zamanda Rusiyanın ən "cavan" şəhərlərindəndir. Şəhərin 1,1 milyon əhalisinin 40 faizdən çoxunu gənclər
təşkil edir. Kazan həmçinin
dünyanın ən beynəlmiləl şəhərlərindən
biridir. Burada nə az-nə çox - 110 millətin
nümayəndəsi yaşayır...
Vüqar Orxan
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 10.