Qazax teatrı 75 yaşını qeyd edib

 

Qazax Dövlət Dram Teatrı 75 illik yubileyini təntənəli şəkildə qeyd edib. Mərasimi teatrın direktoru Saqif İskəndərov açaraq qonaqları salamlayıb, sənət ocağının 75 ildə keçdiyi yoldan danışıb. Bu illər ərzində teatrda işləmiş görkəmli sənətkarlar yad edilib. Qeyd olunub ki, 1988-ci ildə teatr fəaliyyətini bərpa edəndən sonra tamaşaçılara 70-dən artıq səhnə əsəri təqdim olunub.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının incəsənət şöbəsinin müdiri Çingiz Ələsgərli çıxış edərək ittifaqın sədri, Xalq artisti Azər Paşa Nemətovun təbrik məktubunu və hədiyyəni teatrın direktoruna təqdim edib, kollektivə yeni sənət uğurları arzulayıb.

Azərbaycan Akademik Milli Dram Teatrının rəhbərliyi adından təbrik məktubunu teatrın aktyoru, Əməkdar artist Sabir Məmmədov oxuyub.

Qazax rayonundan Milli Məclisin deputatı, “Odlar YurduUniversitetinin rektoru, professor Əhməd Vəliyevin təbriki də alqışlarla qarşılanıb.

Milli Dram Teatrının aktyoru, Xalq artisti Cəfər Namiq Kamalın söylədiyi yumoristik monoloqlar tədbirə xüsusi rəng qatıb. Tamaşaçılar tərəfindən dönə-dönə alqışlanan sənətkar teatrın kollektivinə uğurlar diləyib.

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovun yubiley təbrikini teatrın aktyoru, Xalq artisti Tariyel Qasımov çatdırıb. Qeyd edək ki, Tariyel Qasımov bir il Qazax Dram Teatrının bədii rəhbəri və direktoru olub. O, həmin dövrün xatirələrini dilə gətirib.

Gəncəli qonaqlar isə yubilyar teatrı özünəməxsus tərzdə təbrik ediblər. Gəncə Dram Teatrının aktyorları yumoristik parça, Gəncə Dövlət Filarmoniyası isə “Naz eləmə” rəqsi ilə öz sözlərini deyiblər. Daha sonra səhnəyə çıxan Gəncə Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov ürək sözlərini deyib, həmkarlarına uğurlar arzulayıb.

Yubiley gecəsində teatrın aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, İlqar Hacəliyev, Sayalı İsmayılova, Nazilə Məmmədova, Turac Mahmudova, Zəmanə Orucova, Allahverdi Musayev repertuar tamaşalarından - M.F.Axundzadənin “Xırs quldurbasan”, S.S.AxundovunTamahkar”, Ə.B.HaqverdiyevinKimdir müqəssir”, O.Kamalın “Yad qızı” əsərlərindən parçalar oynayıblar. Səhnədəki böyük monitorda müxtəlif illərdə burada oynanılmış tamaşalardan fraqmentlər göstərilib.

Gecəyə dəvət olunmuş musiqiçilər - “Göygöl” Dövlət Ansamblının solisti, Əməkdar artist Şəhadət Ömərov, gənc müğənnilər Vüsalə Əsgər, Nəsimi, Ramal, aşıq Əsgər ifaları ilə könülləri oxşayıblar.

Yubiley gecəsində teatrın bu günü və qarşıdakı planlardan söz açılıb. Teatrın rejissoru Musa Eyyubov bundan sonra da tamaşaçıları təəccübləndirəcək səhnə nümunələri hazırlayacaqlarını deyib.

Teatrla sıx yaradıcılıq əlaqələri olan yazıçı-dramaturq Firuz Mustafa 75 illik yubiley münasibətilə kollektivi təbrik edib. Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Qazax teatrının yubileyini rayonun həyatında əlamətdar hadisə kimi qiymətləndirib.

Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru Afaq Qasımova təbrik çıxışında təhsil ocağının teatrla əlaqələrindən danışıb, institutun istedadlı tələbələrinin bəzi tamaşalarda çıxış etdiyini diqqətə çatdırıb.

Sonda teatrın direktoru Saqif İskəndərov yekun söz söyləyərək bütün qonaqlara, tamaşaçılara, Mədəniyyət və Turizm Nazirliyinə kollektiv adından dərin təşəkkürünü bildirib.

 

H.Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 6.