Fransa mətbuatında Nizamiyə həsr olunan sərgidən bəhs olunub

 

Fransanın “Alzasın son xəbərləri” qəzetində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş sərginin keçirilməsi ilə bağlı məqalə dərc olunub. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən bildiriblər ki, “Dahi Nizami Gəncəvi” adlı məqalədə “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı” mövzusunda sərginin əhəmiyyətindən söz açılır. Nizami yaradıcılığının heyrətamiz müasirliyini qeyd edən müəllif Yurqen Ton hələ XII əsrdə azadlıq, bərabərlik, qardaşlıq, dini azadlıq və sair kimi dəyərlərin onun əsərlərinin əsas mövzularından olduğunu vurğulayır.

Müəllif dahi şairin əsərlərinin bir çox xarici dillərə, o cümlədən fransız dilinə tərcümə olunması, əsərlərinin əlyazmalarının müxtəlif muzeylərdə, həmçinin Strasburq Mərkəzi Kitabxanasında saxlanması haqqında məlumat verir.

Məqalədə deyilir: “Sərgiyə gələn insanları heyrətləndirən əsas məqam Nizami Gəncəvi yaradıcılığının müasirliyidir. Bu, Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşməsi ilə də bağlıdır. Çünki həmin yolla Şərqlə Qərb arasında musiqi, fəlsəfi ideyalar və ədəbi əsərlər mübadilə olunmuşdur. Nizami Gəncəvi dühası böyük Avropa yazıçılarının yaradıcılığına təsir etmişdir. Onun bir ifadəsi İpək Yolunun ruhunu tam mənası ilə ifadə edir: “Bizim qapımız digər insanlara və mədəniyyətlərə okean kimi həmişə açıq qalmalıdır”.

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 5.