AMEA-da Azərbaycan muğamını
öyrənəcək yeni şöbə
yaradılır
Şöbə əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA)
“Muğamşünaslıq” adlı yeni
şöbə yaradılır. Bu barədə
AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli məlumat verib.
O bildirib ki, yeni şöbə AMEA tarixində ilk dəfə olaraq muğam sənətini elmi cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərəcək.
AMEA-nın vitse-prezidentinin sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam müsabiqələri böyük rezonans doğurmaqla yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan verib. Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda yenidən təşkilatlanmağa borcludur. Yeni şöbə bu məqsədlə yaradılır: “Bu, müxtəlif institutlarda çalışan, əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək bir şöbə olacaq. Burada mədəni həyatda baş verən muğamla bağlı proseslər vahid qaydada elmi cəhətdən öyrəniləcək. Yeni şöbənin yaradılması ilə bağlı ilkin işlər aparılır, yaxın günlərdə akademiya rəhbərliyi bununla bağlı yekun qərar qəbul edəcək”.
İsa Həbibbəyli qeyd edib ki, bu
vaxta kimi akademiyada xalq sənəti,
musiqisi ilə bağlı ayrı-ayrı
elmi tədqiqat şöbələri olub. İndiyə kimi
muğamın xalq musiqisi
şöbələrində öyrənildiyini deyən vitse-prezident vurğulayıb ki,
muğam özünəməxsus keyfiyyətlərə
malik olduğu üçün ayrıca tədqiq olunmağa layiqdir: “Ona görə akademiyada xalq musiqisi şöbəsini
qoruyub saxlamaq şərtilə
“Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, akademiyanın tarixində bir
ilk olacaq”.
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 10.