Azərbaycan və
İtaliya xalqlarını mədəniyyət
və incəsənətə sevgi birləşdirir
“Ölkəmizin
mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsində
mühüm rol
oynaması təsadüfi deyil”
İtaliyanın “La stampa”, “Globalist”, “TM News”, “Internazionale”, “AGİ”, “Unita” və “Newsit24” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi dərc olunub.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir müsahibədə Azərbaycanın xarici siyasəti, beynəlxalq təşkilatlarda aktiv fəaliyyətindən, iqtisadi inkişafından söz açıb.
Ölkəmizin mədəniyyətlərarası dialoq prosesinə töhfələri barəsində sualı cavablandıran nazir Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinə görə əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynadığını, sülh şəraitində birgə yanaşı yaşamanın və dözümlülüyün Azərbaycan xalqının ənənəvi həyat tərzi olduğunu diqqətə çatdırıb. Buna görə də Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsində mühüm rol oynaması təsadüfi deyil. Ölkəmiz çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib.
Nazir Elmar Məmmədyarov sivilizasiyalararası dialoqun təşviqi məqsədilə ölkəmizin ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum barədə danışıb. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasının sözügedən missiyanın bariz nümunəsi olduğu vurğulanıb.
Nazir sivilizasiyalararası dialoqun sülh və təhlükəsizliyi möhkəmləndirmək, münaqişələri tənzimləmək, mədəni müxtəlifliyi gücləndirmək və davamlı inkişafa təkan vermək üçün potensiala malik olduğunu diqqətə çatdırıb. Bu baxımdan o, dünyada sülhün gücləndirilməsi naminə Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüslərinə töhfə vermək səylərini daha əzmlə davam etdirəcəyini vurğulayıb.
Azərbaycanla İtaliya arasında əlaqələrdən danışan nazir bu gün italyan şirkətlərinin ölkəmizdə tikinti, mebel, maşınqayırma, qida sənayesi, kənd təsərrüfatı, turizm sahələrində uğurla fəaliyyət göstərdiklərini deyib. Bu əməkdaşlığın inkişafı üçün böyük potensial var. Ötən ilin noyabrında 130 italiyalı iş adamının iştirakı ilə baş tutmuş Azərbaycan-İtaliya biznes forumu və dekabrda keçirilmiş hökumətlərarası birgə komissiyanın iclasında Azərbaycan hökuməti tərəfindən təqdim olunan biznes və investisiya layihələrinə italyan şirkətləri ciddi maraq göstərib.
Azərbaycan və İtaliya xalqlarının mədəniyyət,
incəsənət, musiqi və ədəbiyyata
olan sevgi və rəğbətinə
görə mədəni və humanitar sahələrin
əlaqələrimizin daha bir başlıca istiqaməti olduğunu
deyən nazir əminliyini ifadə edib ki,
qarşılıqlı anlaşma, faydalı
əməkdaşlıq əsasında bu əlaqələr
daha da inkişaf
edəcək.
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 4.