Parisdə azərbaycanlı xanəndənin çıxışı maraqla qarşılanıb

 

Parisin məşhur Abess Teatrında Azərbaycanın tanınmış muğam ifaçılarının çıxışları artıq bir ənənəyə çevrilib.

Vaxtilə teatrın səhnəsində xalq artistləri Ağaxan AbdullayevAlim Qasımov fransız tamaşaçılarını muğam musiqisi ilə yaxından tanış ediblər. Onların yolunu gənc xanəndə Arzu Əliyeva davam etdirib.

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Abess Teatrında Arzu Əliyevanın konserti təşkil edilib. İkinci dəfə bu teatrda fransalı musiqisevərlər qarşısında çıxış edən gənc xanəndənin ifasında Azərbaycan muğamları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə ifaçını əməkdar artistlər Elşən Mənsurov (kamança), Şirzad Fətəliyev (balaban) və Rövşən Qurbanov (tar) müşayiət ediblər. Azərbaycan musiqisinə böyük rəğbət bəsləyən fransız tamaşaçıları qədim musiqi alətlərimizdən olan balabana xüsusi maraq göstəriblər.

Xatırladaq ki, yanvarın 10-da Normandiya regionunun Evrö şəhərinin sakinləri də xanəndə Arzu Əliyevanın ifasında ilk dəfə Azərbaycan muğamını dinləmək imkanı əldə ediblər.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 4.