Teatr sənətimizdə yaradıcı gənclərin rolu

 

Gənc dramaturq, rejissor, teatrşünas, teatr rəssamı və bəstəkarlarla görüşdə əldə olunan uğurlardan və problemlərdən söz açıldı

 

Bir əsr yarımı haqlayan tarixə malik peşəkar milli teatrımız, onun inkişafı, zəngin sənət salnaməsi, uğurları və bugünkü durumu mütəmadi olaraq müxtəlif rakurslardan müzakirə mövzusu olur. Yanvarın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən yaradıcı gənclərlə görüşbu baxımdan əhəmiyyətli idi.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi görüşə gənc dramaturqlar, rejissorlar, teatrşünaslar, teatr rəssamları, bəstəkarlar, ümumilikdə teatr adı ətrafında cəmləşənlər, yeni nəfəs, yeni düşüncə, fərqli baxışı olan istedadlı gənclər dəvət olunmuşdular. Tədbirdə həmçinin Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət, Elm və təhsil, Nəşriyyat, reklamın təşkili və informasiya şöbələrinin, müvafiq sektorların müdirləri, teatrşünas alimlər - professorlar İlham Rəhimli, Məryəm Əlizadə, yazıçı-dramaturq Əli Əmirli, eləcə də Dövlət Musiqili, Gənc Tamaşaçılar, Rus Dram, Kukla, Yuğ, Pantomima teatrlarının direktor və rejissorları iştirak edirdilər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev giriş sözündə tədbirin məqsədini açıqladı: “Bugünkü görüşdə son illərdə mədəniyyətin müxtəlif sahələrində yaradıcı gənclərin uğurlarını qeyd etməklə bir daha görülən işlərə nəzər salmaq istəyirik”.

Maraqlı müzakirələrlə yadda qalan görüşdə gənclərlə , onların yaradıcılıq imkanlarının nümayişi qeyd olundu, bu insanların potensiallarının üzə çıxarılması üçün yaradılan münbit şəraitdən söz açıldı, yaradıcı gənclərin fəaliyyət istiqamətləri, onların uğurlu nəticələri sadalandı. Nazir müavini çıxışında Azərbaycan teatrının son illər əldə etdiyi nailiyyətlər, həyata keçirilən fundamental layihələr və icra olunan islahatlara ətraflı nəzər saldı.

Ölkə başçısının teatr sahəsi ilə bağlı fərman və sərəncamları, qəbul olunan müvafiq dövlət proqramı barədə danışan Ədalət Vəliyev proqramdan irəli gələn məsələlərin həlli, o cümlədən paytaxtregionlarda teatr binalarının təmiri və yenidən qurulması, teatr sahəsində icra olunan vacib islahatların ilkin nəticələrindən bəhs etdi.

Qeyd olundu ki, Azərbaycan teatrının sorağı dünyanın müxtəlif səhnələrindən gəlir, son bir neçə ildə teatrlarımızın xarici qastrol səfərlərinin sayı artıb, azərbaycanlı rejissorlar müxtəlif xarici ölkə səhnələrində tamaşalara quruluş verirlər. İstedadlı gənclərlə , onların teatra cəlbi, bu böyük məbəddə öz potensiallarını nümayiş etdirmək üçün geniş meydan açılır.

Nazirliyin istedadlı gənclərlə işə daim xüsusi diqqət yetirdiyini vurğulayan Ədalət Vəliyev respublikanın müxtəlif teatrlarına baş rejissor vəzifələrinə gənclərin təyin olunduğunu, istedadlı teatr mütəxəssislərinin xarici ölkələrə ixtisasartırma kurslarına göndərildiyini, bu işin davamlı olacağını dedi. Teatr sistemində köklü şəkildə kadr islahatının həyata keçirildiyi, o cümlədən region teatrlarında kadr dəyişikliyinin davam edəcəyi bildirildi.

Teatrlarda maraqlı, fərqli və mövzu baxımından aktual, həm də yüksək səviyyəli dram nümunələrinə böyük ehtiyac olduğunu vurğulayan nazir müavini gənc dramaturqların bu sahədə elə də aktivlik göstərmədiklərini dedi.

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə teatrla bağlı rüblük jurnalın çapa hazırlandığını və ilk sayın mart ayında - Milli Teatr Günü ərəfəsində işıq üzü görəcəyini diqqətə çatdıran Ədalət Vəliyev gənc teatrşünasları bu nəşrlə əməkdaşlığa, teatr tənqidi ilə bağlı canlı, dolğun və peşəkar yazılar yazmağa çağırdı.

Qeyd olundu ki, hər il 100 nəfər istedadlı gəncə aylıq Prezident təqaüdləri verilir, sənətə, onun inkişafına xidmət edən insanların, o cümlədən yaradıcı gənclərin əməyi dövlətin daim diqqət mərkəzindədir.

Sonra görüş iştirakçıları məsələ ilə bağlı maraqlı məqamlara toxunaraq gəncləri mədəniyyət, teatr, yaradıcılıq sahəsinə maraq göstərməyə səslədilər, onlara müəyyən istiqamətlər, məsləhətlər verdilər. Teatrlarda quruluşçu rəssam vakansiyasının olduğu və istedadlı, peşəkar gənclərə böyük ehtiyac duyulduğu qeyd olundu. Gənc dramaturqların yetişməsi, hətta xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün nazirlik səviyyəsində şəraitin yaradılacağı bildirildi.

Nazir müavini səsləndirilən fikir və təklifləri dinlədi, onlara münasibət bildirdi.

Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov teatr rəssamlığı sahəsində gənc rəssamların azlığından söz açdı. Mədəniyyət və İncəsənət Universiteti, eləcə də Dövlət Rəssamlıq Akademiyasında peşəkar teatr rəssamlarının az yetişdiyini, məzun olan gənclərin əsas etibarilə digər istiqamətlərə meyl göstərdiklərini dedi, səhnə tərtibatı, teatr rəssamlığı sahəsində gənclərin potensialından istifadə üçün müəyyən təkliflər səsləndirdi.

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev gənclər üçün yaradılan şəraitdən danışaraq istedadlı gənclərə qapılarının açıq olduğunu, teatrların demək olar ki, hamısında gənc nəslə böyük ehtiyac duyulduğunu vurğuladı. Teatrların gənc rejissorlarla işə böyük maraq göstərdiklərini deyərək onların uğurlu işlərindən söz açdı.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə istedadlı gənclərin, tələbələrin diqqət mərkəzində saxlanıldığını, yaradıcı gənclərin potensialının istifadə olunduğunu, eyni zamanda onların peşənin sirlərini öyrənmək üçün daim öz üzərilərində çalışmasının vacibliyini qeyd etdi.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli gənclərə teatrşünaslıq sahəsində müəyyən istiqamət verməklə araşdırmalar aparmağa çağırdı. Bu mənada onlardan köməyini əsirgəməyəcəyini bildirdi. Gənc dramaturqları rejissorlarla, teatrlarla təmasda, işbirliyində olmağa səslədi.

Gənc teatr rəssamları və musiqiçilərin təklifləri də dinlənildi, müəyyən məqamlara aydınlıq gətirildi, müzakirələr aparıldı.

Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov qurumun yaradıcı gənclərlə işə böyük önəm verdiyini vurğuladı. Qeyd olundu ki, ittifaqda bir neçə yaradıcılıq laboratoriyası fəaliyyət göstərir. Dramaturgiya sahəsinə meyl göstərən istedadları üzə çıxarmaq məqsədilə 2012-ci ildən həyata keçirilən “Axundzadə dərsləri” layihəsində gənc yazarlar üçün ustad dərsləri keçirilib, gənc müəlliflərin əsərləri seçilərək MDB və Baltikyanı ölkələrə müsabiqələrə göndərilib.

Görüşə yekun vuran Ədalət Vəliyev aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi, səslənən təklif və təşəbbüslərin diqqətə alınacağını, bu xüsusda yeni layihələrin həyata keçiriləcəyini dedi. Nazir müavini teatrşünaslar üçünyay məktəbi”nin, seminarların təşkili təşəbbüsünü irəli sürdü, belə tədbirlərin yaradıcı gənclərin ünsiyyəti baxımından əhəmiyyətli olduğunu vurğuladı.

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 5.