Fenomenal teatral istedad
Sənət-səhnə
aləmi yaddaşında daim bu sayaq xatırlanası Tofiq Kazımov...
Ötən yazılarımın birində mən onu əbədi “baş rolçu” kimi xatırlamışam - “əlbəttə, xatirələrimizin səhnəsində” əlavəsilə. Düz on altı il ölkəmizin baş teatrında baş rejissor titulu daşıdığı halda, onu “baş rolçu” adlandırmaq fikrinə düşməyimin bir neçə səbəbi var ki, bunların açması bu yazı boyunca...
Əsas səbəb olaraq bunu deyim ki, rejissorların istedad elementləri aktyorlara nisbətdə daha azgörünən, çətinçatan olur. Belə ki, birincilərin günlər-aylarla fikirləşib tapdıqları, məşqlərdə öyrətdikləri mizanlar, jestlər də, - bütün bunları bir andaca tamaşaçıya çatdıran ikincilərin nəfinə yazılır. Necə ki, kütlələr Üzeyir bəyin “heç hənanın yeridir?” kimi sözlərini həmişə “Əliağa demişkən” işarətilə xatırlayırlar. Bu “adı mənim, dadı sənin” məsəlinə timsal “tale”nin tərsini (dadı mənim, adı sənin) böyük rejissorlar da yaşayır. Belə ki, Tofiq Kazımovun saysız-hesabsız yozumları sadə tamaşaçılara ayrı-ayrı aktyorların tapıntıları kimi çatıb. Lakin hər dövrün ayıq-oyaq tamaşaçıları, teatr mütəxəssisləri, elitar rəhbər kadrları da olur ki, onlar hər şeyi öz yerində görür, hər kəsi öz dəyərində qiymətləndirirlər. Tofiq Kazımov da - atası (alovlu şair və yorulmaz teatr-mədəniyyət xadimi Səməd Mənsur) sovetlər dövrünün məşhur “dincdurmaz”larından olduğundan - öz istedad və qabiliyyət dəyəri müqabilində qiymətləndirilməsə də, “Antoni və Kleopatra” (1965) və “Şəhərin yay günləri” (1979) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub, həyat və yaradıcılığı, özəl sənətkarlıq xüsusiyyətləri haqqında maraqlı monoqrafiya və neçə-neçə məqalələr yazılıb.
Bütün bunların fövqündə isə Tofiq Kazımov fenomeninin əbədi atributu kimi qiymətləndirilən fakt budur ki, o öz fəhmilə o dövrdə SSRİ mərkəzinin hərdən “periferiya” ayaması ilə də xatırlatdığı Azərbaycan SSR-ni səhnə-sənət baxımından “balaca qardaş”lıqdan çıxarmağa müvəffəq olmuşdu. Onun qoyduğu tamaşalar öz orijinallığı, novator elementlərilə milli teatrımızı Smoktunovski, Tovstonoqov kimi Moskva nəhənglərinin qalın kölgəsindən çıxarırdı.
Bunlar hamıya
məlum faktlardan idi. Amma Tofiq Kazımov sənətinin dərinliyinə vara bilənlər belə bir müstəqim və məcazi qovuşuqla da üzləşirdilər:
Alt qat...
Bəli, o, sənət inqilablı, səhnə sərhədi
daxilində milli istiqlalçı rejissor idi. Təbiətcə poetik, təbcə
dramatik, dirijor-rejissor idi. Öz nəsil-şəcərə kökü üstdə bitibən hər tərəfdən görünən
palıd, əyilməz
polad sənətkar idi. Əli qələm, dili
milli atəş-ələm
olan atası Səməd Mənsur kimi - mizan-düzəni Xalq idi, Vətən
idi. Ümumiyyətcə...
o - Tofiq Kazımov idi!..
Deyim ki, yuxarıkı abzasda bir qədər mənsuri-şeiriyyətə varmağım
səbəbsiz deyil. Belə
ki, Tofiq Kazımovun da təfsirində həyatla
sənət qafiyələnirdi...
Onunçün səhnə də bir sənət inşaatı meydanı idi. Dahilər, ustadlar
bu məbəd-“tikili”nin həm
memarı olurlar, həm bənnası. Adilər isə, sadəcə, iş icraçısı...
O, işləri elə qurmuşdu ki, Dramteatr vahid bir milli müzakirə
evinə, aktyor-tamaşaçı
ailəsinə çevrilmişdi.
“Akademik” təyinatı
ilə çalışan
baş teatrımız
o zamanlar akademik elektoratı da doyururdu, hər qəzet başında “...birləşin!” xitabı edilən proletariatı da. Əslində, o zamanlar elitarlarla
proletarlar, olsa-olsa, səhnədə birləşirdilər.
Onun zadəgan mizan-düzənilə nail
olduğu səhnə-salon
tandemi, o dövrdən
əvvəlki (1920-yə) və
sonrakı (1991-dən) dövrlərin
eyhami bir duallığı yaranırdı.
Səslənişcə doğma, əməl-işcə çətin
bir ifadə var: quruluş... Bu da - Füzulianə
“yaxşı nəzər
etdikdə” - dövlət
qurmaq kimi bir aktdır. Bu “sənət ölkəsi”nin “sərəncam”çısı
isə ayrı-ayrı
fanatlar, partiyalar, fraksiyalar yox, bütövlükdə xalqdır.
Tofiq Kazımov isə dünyanın o rejissorları
sırasındadır ki,
bəzən sözə
də quruluş verirdi. Ömür “quruluş”undakı avto-qəza
məsələsinə gəldikdə
isə... Qoy bu da olsun
bütün ədəbi-bədii
janrlarda saysız-hesabsız
tamaşalar hazırlamış
müqtədir rejissorumuzun
“avtoportret-novella” tamaşası...
Bu gün saysız-hesabsız
orta və yaşlı nəslin təsdiq edəcəyi faktik misallarla qeyd etmək olar ki, Tofiq
Kazımovun tamaşaları
erasında “Dramteatr” dillər əzbəri, elitar diskusiyalar ünvanı, bəsirəti-gözlər
bəzəyi idi. Bununla bağlı
çox səbəblərdən
biri də bu idi ki,
bayırdakı basmaqəlib
ictimai-siyasi situasiyalardan,
münasibət trafaretlərindən
bezikənlər “həyat
belədir, gedək görək sənətdə
nə deyirlər”, “səhnədə nələrə
toxunurlar” kimi sual-istixarələr edirdilər.
Tofiq Kazımov isə onları iki-üç saatlıq daha kalorili kəlam-mükalimə
ziyafətinə, kaleydoskopial
quruluş mənzərələrinə
dəvət edirdi.
O, bu kiçik məkan-həyatda böyük
həyatdakı doğruların,
doğruluqların üzünü
bir az
da ağardır, yalan-yalançılıqlarınınkını
isə sənətin ecazkar rənglərilə
daha da qızardırdı.
O vaxtlar biz (bir neçə gənc televiziya işçisi) Tofiq müəllimlə tez-tez görüşmək
arzusunda olsaq da, onun işgüzar
zəhmi (xüsusi sənət çəkisi)
bunu əngəlləyirdi.
Amma arzumuzun alındığı
məqamlar da olurdu. Belə hallarda o, suallarımıza
çox qısa cavablar verər, geniş erudisiyası, dəmir məntiqi ilə bizi “sual hakimiyyəti” kürsüsündən endirib,
ortaq həmsöhbət,
məsul tamaşaçı
həddinə salardı.
“Deyəsən, biz (televiziya)
sizi (teatrı) üstələyirik, axı...”
sualımıza cavabını
dəqiq xatırlayıram:
“Bunda pis heç nə yoxdur. Televiziya çox inkişaf
edəcək. O qədər
ki, - kütlələri
də tam inkişaf etdirəcək və xalq bütövlükdə
yenidən əsl teatra qayıdacaq...”.
Sənətə başdan-başa yeni baxışla yaşamış
bu sənətkar heç nəyə və heç kimə “toxunulmaz” statusunda baxmırdı. O cümlədən,
“məşhur” möhürlü
müəlliflərə və
“populyar” saqqallı aktyorlara. O vaxtlar “Sən həmişə mənimləsən”də Nargilə
kimi baş qəhrəmanı tələbə
Amalya Pənahovaya, “Ölülər”dəki İsgəndər
kimi katalizator-obrazı
gənc Həsənağa
Turabova tapşırması
ilə o, dövrün
əzəmətli vəzifəlilərinə,
“qardaşoğlu-bacıqızı”lı
“day-day”lara əməli
və mənəvi bir dərs də
vermiş oldu.
Və teatrda, institutda, həyatda belə-belə dərslər
verə-verə, özü
də dönüb oldu məktəb. Teatr tariximizdə
beş-üç canlı
məktəbdən biri.
Lap axırda da təkcə o dünyaya yox, mədəniyyət tariximizin qızıl səhifələrinə, cəmiyyətimizin
seçkin şəxsiyyətlər
qalereyasına, teatrsevərlərin
əziz xatirələrinə
köçdü...
O xatirələrə ki, xatiratçıların hansından
soruşsan, özünü
yığışdırıb, qayğılı, məsuliyyətli
bir görkəm alıb, bir az da hüznlənib dəqiqələrlə,
bəziləri isə
saatlarla danışa bilər. O külli-xatirələrə
Kazımovsayağı traktovka
verə bilsən, bəlkə bu xəyal-xatirəstandan birtəhər
ayrılıb bir tərəfə çıxmaq
ola. Peşəsinə
görə “avtoteatral
ömür” də adlandırmaqdan çəkinmədiyim
həmin canlı əsərin üç pərdəsi isə milli-mental salonumuzun əbədi alqışlarına
layiq:
- evində ideal ata, ər;
- həyatda məğrur
ziyalı;
- işdə ciddi
və qayğıkeş
sərkər!
Qeyd edim ki, qırx
illik mətbu fəaliyyətimdə - təkrar-trafaretçiliyə
yol verməmək cəhdilə - Tofiq Kazımov haqda çox yazmışam və - basmaqəlib ifadə ilə davam edim ki,
ömür vəfa etsə, hələ çox yazacağam. İrəliki yazılarımda ən sevimli, sevgili xatirələr adamı olan bu sənətkar barədə müxtəlif
epizodlar versəm də, aşağıdakı
xatirəni, demək olar, hər dəfə oxuculara çatdırmaq ehtiyacı
duymuşam.
Bəli,
bir gün Azdramadakı iş otağında məşhurluqdan
söz düşdü,
onu çox öydük, qayıtdı
ki, hər şey nisbidir. Dedi, bu yaxınlarda
Ədil İsgəndərov
bir neçə dostuyla Gəncə yaxınlığındakı doğma
kəndinə qonaq gedir, anası Həsənağa Salayevi görəndə yüyürür
üstünə ki,
ay oğul, bu Ədil məni eşitmir, yaxın dostusan, bunu başa sal, qoy yığışıb
gəlsin kəndə.
Axı o
şəhərdə nə
var, e?! Day biz də
qocalmışıq, mal-davarımıza
ot-əncər gətirənimiz
yoxdur...
Tofiq Kazımov bütün ömrü uzunu o sayaq müqəddəs, “türkəçarə” ana (ata, qardaş, bacı) tamaşaçılara oyanış, o ananın əksi olanlara - bilgidən bol, əxlaq-əqidədən, sevgidən kəmlərə isə düz yola qayıdış dialoqu qurdu və bu “son ucu ölümlü” dünyanın baş monoloqunun başlığındakı (“Olum, ya ölüm?!”) sözlərin birincisinə nail oldu...
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 6.