Ana dilimizi sevək, sevdirək”

 

Yanvarın 11-də Təhsil Nazirliyinin və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə Mingəçevir Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin zona üzrə yekun tədbiri keçirilib. Mingəçevir, Yevlax və Bərdədən şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildiriblər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm vasitədir. Müsabiqə Beynəlxalq Ana Dili Gününə (21 fevral) həsr olunub.

Tədbirdə bu cür müsabiqələrin əhəmiyyəti, şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyi vurğulanıb.

Daha sonra səhnədə müsabiqənin mahnı və şeir nominasiyalarının finalçıları çıxış ediblər. Yarışda məktəblilərin ifasında Vətənə, anaya aid şeirlər və mahnılar səsləndirilib. Qaliblərə diplom və hədiyyələr verilib.

Zona mərhələsinin qalibləri respublika müsabiqəsinin finalında iştirak edəcəklər.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 10.