Turizmin dünya
iqtisadiyyatında yeri
Son illər turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektor kimi qeyd olunur. Bu sahə gəlirlərin miqdarına görə neft ixracı və avtomobil sənayesindən heç də geri qalmır. Bir sıra ölkələrin büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində turizm mühüm rol oynayır.
Lakin turizmin rolu bununla da
bitmir. Turizmin inkişafı ölkələrdə
işsizlik kimi ağır problemin öhdəsindən gəlməyə
stimul verərək, iqtisadiyyatın təkanverici
qüvvəsi rolunu oynayır. Bu da ümumi daxili
məhsulun (ÜDM) formalaşmasına
və sosial-iqtisadi problemlərin həllinə
zəmin yaradır.
Turizmin inkişafı
yalnız ölkə vətəndaşlarının səyahətə çıxmalarının
sayı ilə deyil, bütövlükdə
turizm infrastrukturunun modernləşdirilməsi prosesi
kimi başa düşülür.
Dünyada turizm imkanlarına görə inkişaf etmiş ölkələr
Avropa, Asiya və Sakit okean
hövzəsi, eləcə
də Amerika regionunu əhatə edir. Son illər Asiya və Sakit
okean regionunda turizmin sürətli inkişafı mütəxəssislərin
bu ərazini “Turizmin gələcəyi”
adlandırmasına səbəb
olub.
Dünyada daha çox turist göndərən ölkələr kimi
ABŞ, Almaniya, Britaniya
göstərilir. Daha çox turist
qəbul edən ölkələrdən isə
Fransa, İspaniya,
ABŞ və İtaliya
fərqlənir. BMT-nin Dünya Turizm Təşkilatının
(DTT) məlumatına görə,
bir ildə 82 milyon turist qəbul
edən Fransa bu sahədə dünyada liderlik edir. Fransa bu göstəriciyə görə ABŞ-ı (62,7
milyon), Çini (57,6 milyon), İspaniyanı
(56,2 milyon) xeyli geridə qoyub. Bu müvəffəqiyyət ölkənin təbiətinin
rəngarəngliyi və
gözəlliyi, mədəni
irsinin, o cümlədən
muzeylərinin, tarixi abidələrinin zənginliyi
ilə izah olunur. Turist axınının əsas hissəsi Parisə yönəlsə
də, Lacivərd sahil (Kann), Luara
vadisi, Atlantik okeanın sahilləri və cənub-qərb regionları da turistlərin sevimli yerlərinə çevrilib.
ABŞ-da qar şəlaləsi
kimi nadir təbiət
abidələri, Nepalda
Comolunqma (Everest) zirvəsi,
Misirdə qədim fironların ehramları, Hindistanda Tac-Mahal, Yunanıstanda Akropol, İtaliyada məşhur Kolizey abidəsi bütün insanların görmək istədiyi yerlərdir. İspaniya, Portuqaliya, Türkiyə
və digər ölkələrdə gözəl
dəniz çimərlikləri
və Aralıq dənizinin mülayim iqlim şəraitinin olması həmin ölkələrə turistlərin
böyük maraq göstərməsini şərtləndirir.
DTT-nin məlumatına
görə, 2012-ci ildə
dünyada turistlərin
sayı 1 milyardı keçib. Bu rəqəm 3,3%-lik artımla
2030-cu ildə 1,8 milyard
nəfərə çatacaq.
Son illər qardaş
Türkiyədə turizm
sənayesinin inkişafına
və bu sahə üçün ixtisaslı kadrların hazırlanmasına böyük
diqqət yetirilir. Gözəl təbiəti
və tarixi abidələri ilə yanaşı, müasir turizm infrastrukturu, hava limanları, hotellər, müxtəlif
nəqliyyat növlərindən
səmərəli istifadə
imkanı uzunmüddətli
maraqlı turlar təşkil etməyə
imkan yaradır.
Türkiyə Səyahət Agentləri Birliyinin məlumatına görə, 2013-cü ildə
Türkiyəyə 34 milyon
insan səfər edib. 2014-cü ildə Türkiyəyə gələnlərin
sayı 37-38 milyon nəfər, turizm gəlirlərinin həcmi
35 milyard dollar proqnozlaşdırılır.
Son illər ölkəmizdə
də turizmin inkişafına xüsusi diqqət yetirilir. Hotel və mehmanxana şəbəkəsi genişlənir,
müasir yol infrastrukturunun qurulması işləri gerçəkləşir.
Qusarda inşa olunan “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan”
Dağ-Xizək Yay-Qış
İstirahət komplekslərinin
yaradılması ölkəmizdə
turizmi mövsümilik
məhdudiyyətindən azad
edir. Bununla da Azərbaycan
turizminin inkişafında
yeni mərhələnin
əsası qoyulur.
2010-2014-cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramının qəbul edilməsi və 2011-ci ilin “Turizm ili”
elan olunması ölkəmizdə turizmin
inkişafına böyük
təkan verib.
Azərbaycanın tarixi abidələri, milli mətbəxi və ecazkar təbiəti xarici turistlərdə xüsusi
maraq oyadır. Bu da öz növbəsində
ölkəmizin iqtisadi
imkanlarının artması
ilə yanaşı, Azərbaycanın dünyaya
tanıdılması üçün
mühüm vasitədir.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 13.