Yaponiya telekanalında Azərbaycan
haqqında veriliş
Yaponiyanın “TV Tokyo
Corporation” televiziya kanalında
Azərbaycan haqqında
veriliş nümayiş
olunub. Şirkətin çəkiliş qrupu ötən ilin oktyabrında ölkəmizə səfər
edib. Verilişdə ölkəmizin tarixi,
bugünkü inkişaf
yolu, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində müstəsna xidmətlərindən
söz açılır.
Qeyd olunur ki, ərazisinə görə Yaponiyanın Hokkaydo adasından bir qədər böyük olan Azərbaycan zəngin təbii ehtiyatlara malikdir. Paytaxt Bakı həm
keçmişin, həm
də müasir dövrün memarlıq nümunələri ilə
diqqəti cəlb edir. Bakının müasir tikililəri
sırasında “Alov qüllələri” kompleksi
xüsusi qeyd olunur. Müəlliflər Bakının gecə
mənzərələri, Dövlət
Bayrağı Meydanı,
televiziya qülləsi,
paytaxtın gecə illüminasiyaları və
digər müasir tikililər barədə də məlumat verirlər.
Bildirilir ki, Azərbaycan turizm üçün çox gözəl ölkədir. Verilişdə ölkəmizdə mövcud olan təbiət möcüzələri,
o cümlədən nadir təbiət
hadisəsi sayılan palçıq vulkanlarından
bəhs olunur. Dörd min il
yaşı olan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu təbiət abidəsi haqqında danışılır.
Neftdən yalnız yanacaq kimi deyil, eyni
zamanda müalicəvi
məqsədlərlə istifadə
edildiyi qeyd olunur, Naftalandakı sağlamlıq mərkəzində
göstərilən tibbi
xidmət, neft prosedurunun insan orqanizminə xoş təsiri barədə ətraflı məlumat verilir.
Verilişdə Azərbaycan mətbəxinin
zənginliyi və tamı xüsusi
olaraq qeyd edilir. Azərbaycanlı ailəsində qonaq
olan çəkiliş
qrupu xalqımızın
qonaqpərvərliyi və
mehribanlığını vurğulayır.
Ölkəmizdə Yaponiyaya
böyük marağın olduğu,
Azərbaycan Dillər Universitetində tələbələrin
yapon dilini öyrəndiyi,
burada “Yapon mərkəzi”nin
fəaliyyət göstərdiyi bildirilir.
Mədəniyyət.- 2014.- 15
yanvar.- S. 16.