Şəhidlərin
unudulmaz xatirəsinə
20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində şəhidlərin unudulmaz xatirəsi musiqi axşamları ilə yad edilir. Yanvarın 16-da Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunan “Vətən çağırır” adlı konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, xormeysteri Fəxrəddin Atayevdir. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev, eləcə də Fərhad Bədəlbəyli, Tofiq Bakıxanovun əsərləri səsləndirilib. Konsertin solistləri əməkdar artistlər Sahib Paşazadə və Gülnar İsmayılovadır. Anım konsertində gənc muğam ifaçıları və vokalçılar da çıxış ediblər.
Filarmoniyada yanvarın 17-də keçiriləcək klassik musiqi axşamında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndiriləcək.
Anım konsertlərinin növbəti
ünvanı Kamera və Orqan Musiqisi Zalı olacaq. Yanvarın
17-də burada Q.Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri
və baş dirijoru, Xalq artisti Teymur Göyçayevdir.
Konsertdə Fikrət Əmirov və Aqşin Əlizadənin
musiqi əsərlərindən nümunələr təqdim
ediləcək. Solistlər Əməkdar artist Anar
Şuşalı (tenor), beynəlxalq müsabiqələr
laureatı Lalə Mürşidli (violonçel) və Ümidə
Abbasovadır (skripka).
Mədəniyyət.- 2014.- 17
yanvar.- S. 3.