“Ortaq
mədəniyyətimizi inkişaf etdirməklə
yanaşı, dünyada təbliğ edirik”
“Bu
il Novruz bayramı ilə
bağlı yenidən Vaşinqtonda tədbirimiz
olacaq”
Bu günlərdə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov şəhərimizin qonağı oldu. Onun ölkəmizə budəfəki səfərinin məqsədi təşkilatın həyata keçirdiyi layihələrdə mühüm xidmətləri olan Azərbaycanın mədəniyyət, incəsənət və mətbuat xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalının təqdim edilməsi idi. Fürsətdən istifadə edib qurumun gələcək fəaliyyəti ilə bağlı suallarımızı baş katibə ünvanladıq.
- Düsen bəy, türk xalqlarının dostluq və əməkdaşlığında, ortaq mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynayan TÜRKSOY 2014-cü ilə hansı yeni layihələrlə daxil olur?
- TÜRKSOY ənənəvi olaraq hər ili türk xalqlarının görkəmli şəxsiyyətlərinin, yubileyləri qeyd olunan məşhur ədəbiyyat, mədəniyyət xadimlərinin şərəfinə onların adı ilə adlandırır. Təşkilatın 20 illik yubileyi çərçivəsində ötən il oktyabrın 3-də Ankarada üzv ölkələrin mədəniyyət nazirlərin iştirakı ilə keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” və “Qırğız şairi Toktoqul ili” elan etmişik. Bu il Məhdimqulu Fəraqinin 290 illiyi qeyd olunacaq. Onun yaradıcılığı türkmən ədəbiyyatında mühüm mərhələ hesab olunur. Eyni zamanda görkəmli qırğız şairi Toktoqul Satılqanovun anadan olmasının 150 illiyi qeyd ediləcək. Yanvarın sonunda TÜRKSOY-un Ankaradakı qərargahında hər iki şəxsiyyətin xatirə ilinə start verəcəyik. Eyni zamanda hər il yanvar ayının sonlarında TURKSOY-un fəaliyyətini işıqlandıran jurnalistlərə qurumun mükafatları təqdim olunur. Beləliklə, bu iki mühüm hadisə ilə TÜRKSOY yeni ilə başlayır.
Bundan başqa,
bizim digər ənənəvi tədbirlərimiz
var. Bildiyiniz kimi, artıq üçüncü
ildir ki, “Türk dünyası mədəniyyət
paytaxtı” layihəsi həyata keçirilir.
Birinci dəfə Astana,
ötən il Əskişəhər paytaxt seçildi. Bu il isə
Tatarıstanın Kazan şəhəri türk mədəniyyətinin paytaxtı olacaq. Üzv ölkələrdən
mədəniyyət xadimləri, şairlər,
yazıçılar, teatr kollektivləri,
rəssamlar il ərzində Kazanda bir araya
gələcəklər. Artıq açılış təqvimi
də bəllidir. Biz “Türk
dünyası mədəniyyət paytaxtı” layihəsini bahar bayramımız olan Novruzda yekunlaşdırıb, növbəti paytaxt ilinə başlayırıq. Ona görə də builki
Novruzda hər kəsi Əskişəhərə
dəvət edirik. Martın sonlarında Əskişəhərin
paytaxt statusu bitir və estafeti
Kazan qəbul edir. Bu mərasim isə aprelin 26-da baş tutacaq.
- Ötən il
TÜRKSOY-un da təşkilatçısı
olduğu bir yeni mədəniyyət layihəsi - “Türkvizyon”
mahnı müsabiqəsi
ilə yekunlaşdı.
Tədbirin təşkilatçılığı
və ümumi nəticələr sizi nə dərəcədə
qane etdi?
- Bu müsabiqə bizim çoxdankı istəyimiz
idi və bununla bağlı fikirlər uzun müddət idi, səslənirdi. Nəhayət, biz bu tədbiri
reallaşdıra bildik
və sevindirici haldır ki, müsabiqə “Türk dünyası mədəniyyət
paytaxtı” Əskişəhərdə
baş tutdu. Hesab edirəm ki, layihənin yüksək səviyyədə gerçəkləşməsi
üçün təşkilatçılar
əllərindən gələni
etdilər. Əlbəttə, təşkilatçılıq çox mürəkkəb
bir prosesdir. Düşünürəm ki, tədbirdə
bəlkə də təcrübə kifayət
deyildi. Amma onun televiziya
ilə birbaşa yayımı da göstərdi ki, təşkilatçılıq yüksək səviyyədədir.
Müəyyən çatışmazlıqlar
isə bu il Kazanda
keçiriləcək növbəti
müsabiqədə aradan
qaldırılacaq.
-
TÜRKSOY ənənəvi olaraq türkdilli xalqların şairlərini,
rəssamlarını, teatr
xadimlərini, opera sənətçilərini
bir araya gətirir, təcrübə
mübadiləsi məqsədilə
layihələr gerçəkləşdirir.
Bu il hansı
yeniliklər gözlənilir?
- Artıq bizim coğrafiyamız genişlənir.
Əgər əvvəllər
tədbirlər Türkiyədə
keçirilməklə məhdudlaşırdısa,
amma indi başqa türkdilli ölkələr də mühüm layihələrimizə
ev sahibliyi
edirlər. Artıq bizim ölkələrin
vilayət mərkəzlərində
təşəbbüslər qaldırılır, insanların
böyük hissəsi,
təşkilatlar bizimlə
birgə işləmək
istəyirlər. Məsələn,
bu il
Azərbaycan Bəstəkarlar
İttifaqının 80 yaşı
tamam olur və Qazaxıstan musiqiçiləri də bu tədbirə hazırlaşır. Onlar öz
repertuarlarına Azərbaycan
bəstəkarlarının əsərlərini daxil ediblər. Qazaxıstan Bəstəkarlar İttifaqı isə 75 illiyini qeyd edir.
Öz növbəsində Azərbaycan
ifaçıları da
öz repertuarlarına
qazax musiqi nümunələrini daxil
ediblər. 2014-cü ildə
də qazax operası “Birjan və Sara”nın
müxtəlif ölkələrdə
nümayişi davam edəcək. Vaxtilə biz “Koroğlu” operasını
da öz ölkələrimizdə nümayiş
etdirirdik. Opera Qırğızıstanda
- Bişkek Opera və
Balet Teatrında səhnələşdirilmişdi, “Birjan və Sara” isə ötən il Türkiyədə
- Samsun Opera Teatrının ifasında təqdim olundu.
Bundan başqa, bu il də
türkdilli ölkələrin
şairlərinin müsabiqəsi
olan “Ak torna” (“Ağ durna”) layihəsi davam edəcək. Həmçinin Qazaxıstanın Qızılorda şəhərində
Dədə Qorquda həsr olunmuş böyük konfrans keçiriləcək. Qazaxlar hesab
edirlər ki, məhz Dədə Qorqudun qəbri bu torpaqdadır. “Məhdimqulu ili”
ilə əlaqədar
olaraq şairin həyat və yaradıcılığına həsr
olunan tədbirlərdən
biri də Azərbaycanda gerçəkləşəcək.
Bu il Novruz
bayramı ilə bağlı yenidən Vaşinqtonda tədbirimiz olacaq. Biz oraya
musiqiçiləri, ifaçıları
aparacağıq. Bu tədbir artıq bir neçə ildir ki, Vaşinqtonda
yüksək səviyyədə
keçirilir.
- Bakıya budəfəki səfəriniz əlamətdar
hadisələrlə yadda
qaldı. Sizin Azərbaycanın tanınmış
mədəniyyət xadimlərinə
“TÜRKSOY-un 20 illiyi” yubiley
medalını təqdim
etməyinizlə yanaşı,
TÜRKSOY-a da “Türk
mədəniyyətinin hamisi”
mükafatı verildi...
- Azərbaycan TÜRKSOY-da yüksək səviyyədə
fəallığı ilə
seçilir. 2013-cü ildə TÜRKSOY-un 20 illik
yubileyi dünyanın
müxtəlif ölkələrində,
o cümlədən Azərbaycanda
təntənə ilə
qeyd edildi. Həmçinin Parisdə,
Strasburqda, Astanada və digər şəhərlərdə yubiley
tədbirlərimiz oldu.
Bu tədbirlər çərçivəsində
Azərbaycanın mühüm
mədəniyyət hadisələri,
məsələn, “Arşın
mal alan”ın 100 illiyi geniş qeyd edildi. Var qüvvəmizlə
mədəniyyətimizi təkcə
öz ölkələrimizdə
deyil, bütün dünyada təbliğ etməyə çalışırıq.
Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq,
ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı
yerinə yetiririk.
Eyni kökdən qaynaqlanan müştərək mədəniyyətimizi
inkişaf etdirməklə
yanaşı, onu təbliğ edirik. Bu, birgə əməyimizin
nəticəsidir. Ona görə
də TÜRKSOY-un medallarına
layiq görülən
hər kəsi təbrik edirəm.
TÜRKSOY-a
“Türk mədəniyyətinin
hamisi” mükafatının
verilməsinə gəlincə,
təqdimat mərasimində
də məlumat verildiyi kimi, 2013-cü ilin əvvəlində “Türküstan” qəzeti və “Ortaq Dəyərlər” İctimai
Birliyinin təşkilatçılığı
ilə “Türk dünyasına xidmət” devizi altında rəy sorğusu keçirilib. Məqsəd türk dövlətləri
və toplumları arasında yaxınlaşma
və inteqrasiya prosesinə ictimai dəstək vermək olub. Sorğunun yekunlarına görə türk mədəniyyətinin
qorunmasında və təbliğində xidmətinə
görə nominasiyası
üzrə UNESCO ve
İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və TÜRKSOY təşkilatı
“Türk mədəniyyətinin
hamisi” ödülünə
layiq görülüb.
Sevindirici haldır ki,
sorğuda iştirak edənlər TÜRKSOY təşkilatının
türk mədəni irsinin qorunması, dünyada təbliği sahəsində davamlı xidmətlərini qeyd ediblər. Türk coğrafiyasından olan böyük şəxsiyyətlərin yubileylərinin
keçirilməsi, ədəbiyyat
adamlarının əsərlərinin
nəşri, rəssamların
dəstəklənməsi, xüsusilə BMT qərargahında
türk dünyasının
ortaq bayramı olan Novruz şənliyinin
kecirilməsi TÜRKSOY-un fəaliyyətində
böyük rəğbətlə
qarşılanan hadisələrdir.
Mükafata görə öz
təşəkkürümü bildirirəm və əminliklə deyirəm ki, TÜRKSOY ailəsi bundan sonra da
ona göstərilən
etimadı doğrultmağa
çalışacaq.
Mehparə
Mədəniyyət.- 2014.- 17
yanvar.- S. 7.