“İRS” yapon oxuculara mədəniyyətimizi
təqdim edir
Nəşrin yeni sayında Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın Qarabağ muğam
məktəbi haqqında məqaləsi dərc olunub
Ölkəmizin Yaponiyadakı səfirliyinin və “İRS-Isan” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilib.
Jurnalın bu sayında xalqımızın muğam sənətinə diqqət və qayğısının təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir.
Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.
Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının “Qarabağ - muğamın beşiyi”, Tofiq Musayevin “Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət”, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun “Müasirimiz Məhsəti Gəncəvi”, tarix üzrə fəlsəfə doktoru İzmira Quliyevanın “Azərbaycanın təbii boyaları - təbiətin insana hədiyyəsi”, Afət Rüstəmbəyovanın “Qurama Azərbaycan tətbiqi sənətinin bir növü kimi”, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri yer alıb.
Ölkəmizə səfər edərək
son illər Azərbaycanın sürətli
inkişafının şahidi olmuş yapon müəllifləri,
tanınmış iqtisadçı-ekspert Kazuyasu
İşidanın “Yeni zirvələr fəth
edən Azərbaycan” və JİJİ PRESS informasiya
agentliyinin müxbiri Yokoi Hirominin “Odlar yurdu Azərbaycana səyahət”
başlıqlı məqalələri də jurnalda
dərc olunub.
Mədəniyyət.- 2014.- 17
yanvar.- S. 8.