“Qalx
ayağa, Azərbaycan”
20 Yanvar faciəsinin ildönümü, bu qanlı və şanlı tarix daha bir tamaşada səhnə həllini tapdı. Faciənin 24-cü ildönümündə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında “Qalx ayağa, Azərbaycan” adlı tamaşa təqdim olundu.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu tamaşada faciədən doğan ağrı ilə yanaşı, xalqımızın mübarizlik, əzmkarlıq ruhu da əksini tapdı. Meydan teatrı üslubunda hazırlanan tamaşa 20 Yanvarda müstəqilliyimizin həqiqətə çevrilməsi naminə qurban gedən əzizlərimizin haqqını bütün dolğunluğu ilə təcəssüm etdirə bildi.
Tamaşanın müəllifi İftixar
Piriyev səhnə əsərində ulu öndərin bədii obrazında
çıxış edirdi. Heydər Əliyevin 1990-cı il
yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tarixi çıxışının səhnə
təcəssümü tamaşada dolğun ovqat yaratdı. Ulu öndərimizin cəsarəti ilə
xalqımızın cəsarət qüdrəti həmahəng
səslə bir-birinə üzvi şəkildə
qovuşaraq səhnə əsərinə
bədii emosionallıq bəxş etdi. Bütün bunlar bir daha
tamaşaçılara bu fikri
aşıladı ki, 20 Yanvar
tarixi təkcə qanlı tarix
deyil, həm də şanlı tariximizdir. Bu tarix məhz bugünkü
müstəqilliyimizin təməli idi.
Mədəniyyət.- 2014.- 22
yanvar.- S. 6.