Torpaq, əgər uğrunda
ölən varsa Vətəndir!
20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, dərd və kədər ilə xatırlanacaq gün olmadı, əksinə, xalqımız bir daha mərdliyini, mətinliyini nümayiş etdirdi. Millətimiz azadlıq uğrunda mübarizəyə qalxdı, oğul və qızları Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi. Qan yaddaşımızın 20 Yanvar tarixi hər il müxtəlif anım mərasimləri ilə qeyd edilir.
Faciəsinin 24-cü ildönümü ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində də tədbir keçirildi. Mərkəzdə ixtisasını artıran rayon mədəniyyət evləri bədii rəhbərlərinin təşkil etdiyi mərasim iştirakçıların hər birini hüznə qərq edərək düşünməyə vadar etdi.
Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova 20 Yanvarın tarixi mahiyyətindən söz açdı: “Gəlin, tariximizi unutmayaq, çünki bizi bir millət kimi var edən və eyni əqidə ətrafında birləşdirən şanlı keçmişimizdir”.
Rayon mədəniyyət evləri bədii rəhbərlərinin ifasında təqdim edilən poeziya nümunələri hər kəsi 24 il əvvəlki tarixə apardı. Tədbir üçün seçilmiş musiqilər də vətənpərvərlik ruhunu ifadə edirdi.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur, xeyri şəriylə
Torpağın
bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Tədbirdə təqdim olunan səhnəcikdə 20 Yanvar faciəsindən zərər görmüş, doğmalarını itirmiş insanlar təsvir edilirdi. O insanlar ki, yaşadıqları ağrı-acılara baxmayaraq qəlblərində böyük bir vətən sevgisi daşıyırdılar. Burada yaradılmış olan dərdli ata obrazı öz daxilində təlatümlər yaşayan, oğul həsrəti çəkən, qəlbi vətən, yurd sevgisi ilə döyünən vətənpərvər bir el ağsaqqalı idi.
Oğul, oğul, ay oğul,
Niyə qırdın belimi?
Demədimmi sənə gəlsə,
Mənə göndər ölümü?!
Mərkəzin kitabxanası tərəfindən
20 Yanvar faciəsinə
dair hazırlanan kitab sərgisi də maraqla qarşılandı.
Tədbirin sonunda mərkəzin
direktor müavini Nəzakət Rəhmanova
20 Yanvarın müstəqillik
tariximizdə anlamından
danışdı, bu hadisənin eyni zamanda vətənpərvərlik
səhifəsi olduğunu
vurğuladı:
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda
ölən varsa Vətəndir!
Rafiqə Nəsirova,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin elmi işçisi
Mədəniyyət.- 2014.- 22
yanvar.- S. 6.