Mövcud kadrların qorunması yeni kadr hazırlığı qədər vacibdir

 

“Peşəkar kadrları qorumasaq, onlar digər sahələrə üz tutacaqlar ki, bu, sektor üçün problemlər gətirəcək”

 

“Hotellərimiz” rubrikasının budəfəki qonağı “Ambassador” mehmanxanasının baş meneceri Asif Əhmədovdur. Xeyli müddət türkiyəli mütəxəssislər tərəfindən idarə edilən, müəyyən xidmət ənənələrinə sahib beşulduzlu hotelə bu gün yerli kadrların rəhbərlik edilməsi diqqətçəkən məqamdır. Bu həm də onu göstərir ki, turizm sektoru ölkəmizdə nə qədər yeni olsa da, artıq bu sahədə böyük obyektləri müasir tələblər səviyyəsində idarə edə biləcək yerli kadrlar yetişir. Asif müəllimlə söhbətimizdən o da aydın oldu ki, bu sektorda icarədar olmağın da məxsusi çətinlikləri var...

- Asif müəllim, öncə turizm sektoruna gəlişiniz barədə danışardınız...

- Gənc yaşlarımdan bu sektora marağım olub. O vaxtlar xarici ölkələrdə tez-tez səfərlərdə olurduq, oradakı hotellər, xidmət səviyyəsi, təbii ki, bizi maraqlandırırdı. Paytaxt Bakıda belə müasir hotellər fəaliyyət göstərmirdi, sovet dövründən qalmış mehmanxanalarda isə normal standartlardan söz açmaq mümkün deyildi. O səbəbdən bizim dövrün gəncləri başqa sahələrə üz tutdular, mən özümuzun müddət dövlət sektorunda çalışdım. Ancaq əhatəmdə olan dost-tanışların bir çoxu turizmin yeni dirçəldiyi vaxtlarda bu sahəyə investisiya qoydular, turizm sektorunda fəaliyyət göstərməyə başladılar. Onlarla təmasda olmağım, eyni zamanda bu sahəyə gənclik vaxtlarımdan olan maraq məni də özünə çəkdi. Beləliklə, bu sahə ilə məşğul olmağa qərar verdim. Əslində, bu addımı riskli hesab etmək də olardı, çünki vaxtilə türkiyəli mütəxəssislərin idarə etdiyi hoteli işlətməyin, təbii ki, öz çətinlikləri var. Ancaq şükürlər olsun ki, il yarımlıq müddət ərzində müştərilərimizə eyni xidməti göstərə bilirik, məmnuniyyət səviyyəsi də bunu göstərir.

- Bir qədər hotelin seqmenti barədə məlumat verərdiniz. Mehmanxananın müştəri yönümünü dəyişmədiniz ki?

- “Ambassador” hoteli fəaliyyətə başladığı ilk illərdən biznesyönümlü beşulduzlu mehmanxana kimi turizm bazarına daxil olub. Doqquz ilə yaxındır fəaliyyətini bu istiqamət üzrə davam etdirir. Ümumiyyətlə götürdükdə, otaq sayı çox olmayan hotellərin əksəriyyəti biznesyönümlüdür. Təyinatın bu istiqamət üzrə seçilməsi indiki bazar şərtləri, eyni zamanda idarəetmə baxımından da sərfəlidir. Əsas xidmət göstərdiyimiz müştəri kateqoriyası Bakıya işgüzar səfərə gələn insanlardır. Səfirliklərlə, xaricdən həkimlər dəvət edən klinikalarla, müxtəlif biznes strukturları ilə faydalı əməkdaşlıq qura bilmişik. Kiçik orta səviyyəli konfransların keçirilməsi üçün müraciətlər alırıq. Bu məqsədlə 80 300 nəfərlik konfrans zallarımız daimi olaraq müştərilərin xidmətindədir. Hoteldə 54 nömrə var ki, onlardan 5-i ən yüksək kateqoriyaya aiddir.

- Bəs bugünkü doluluq səviyyəsi necə, sizi qane edirmi?

- Çox həssas bir məqama toxundunuz. Bu gün yəqin ki, bütün hotellər bu sarıdan gileylidir. Bizim hotel ilk fəaliyyət illərində daim mənfəətlə işləyib. Bunun bir səbəbi şəhərdə hotellərin az olması idisə, digər səbəbi müştəri baxımından sıxıntımızın olmaması idi. Ancaq bu gün hər iki göstərici dəyişib, hotellərin sayı artıb, müştəri sayı barədə isə bunu demək mümkün deyil. Təkcə bizim yerləşdiyiniz ərazidə 10-a yaxın hotel fəaliyyət göstərir, 2-si tikilməkdədir. Halbuki bir neçə il əvvəl şəhərin bu hissəsində yalnız bizim mehmanxana vardı. Bu gün hotelimizin orta doluluğu 25-30 faiz arasında dəyişir. Yay aylarında, Yeni il ərəfəsində bu göstərici 15 faizə qədər düşür ki, biz bu dövrə boş aylar deyirik. Bunun əsas səbəbi yayda turistlərin xaricə üz tutması, dekabrdan isə buradakı əcnəbilərin Yeni illə əlaqədar vətənlərinə dönməsidir. Bu rəqəmlər təbii ki, bizi qane etmir, çünki hoteliniz beşulduzludursa, müvafiq standartlara cavab verməlisiniz, qapı xidmətçiniz olmalıdır, fitnes zalınız, Spa mərkəziniz müştərinin olub-olmamasından asılı olmayaraq fəaliyyət göstərməlidir. Bu isə o deməkdir ki, xərclərinizi gəlirinizə görə tənzimləmək sizin imkanınız xaricindədir. Burada sahibkar ya icarədar olmağın da böyük fərqi var. İcarədar, təbii ki, bütün xərclərlə yanaşı, sahibkarın icarə haqqını da ödəməlidir ki, bu da onsuz da müştəri qıtlığından əziyyət çəkən bazar üçün əlavə yükə çevrilir.

 

- Belə görünür problemləriniz çoxdur. Bəs peşəkar kadrlarla bağlı problemləri necə tənzimləyirsiniz?

- Mən bu məsələyə yalnız peşəkar kadr çatışmazlığı kontekstindən yanaşmazdım, çünki problem daha genişdir. Bizə bir çox xarici dili bilən, turizm sektoruna maraq göstərən gənclər müraciət edirlər, ancaq məsələ əməkhaqqına gələndə təklif etdiyimiz məvacib onları qane etmir. Baxırsan savadlı, gənc kadrdır, özü üçün daha yaxşı perspektiv, məvacib axtarır. Onu da etiraf edim ki, bəzən bu cür gəncləri sadəcədaha yaxşı olacaqvədi ilə işə cəlb edirik, ancaq zamanla başqa yerdən daha yüksək əməkhaqqı təklif olunanda ya tamamilə bu sektoru tərk edirlər, ya da rəqib hotellərə üz tuturlar. Əsas problem odur ki, bu gün hotellər peşəkar kadrları bazar qiymətlərinə uyğun məvacib verə bilmədiyi üçün itirir. Məncə, kadr çatışmazlığı problemindən daha vacib bu cür peşəkar işçilərimizin qorunmasıdır. Mən heç vaxt öz əməkdaşlarımın əməyini aşağı qiymətləndirmək istəməmişəm. Doğurdan da, saatlarından artıq çalışırlar, bacardıqları qədər işə öz töhfələrini verirlər, ancaq mən işəgötürən kimi onlara yetərli əməkhaqqı verə bilmədiyim üçün təəssüf edirəm. İndiki gəlirlərlə personalın əməkhaqqını uyğunlaşdırmaq olmur. Düşünürəm ki, bu gün hotellər əllərində olan hazırlıqlı kadrları qorumağa çalışmalıdırlar, əks halda onlar tamamilə başqa sahələrə üz tutacaqlar ki, bu, sektor üçün problemlər gətirəcək. Mən şəxsən baş menecer kimi daha hazırlıqlı əməkdaşlarımızı maddi baxımdan təmin etmək üçün səy göstərirəm ki, az da olsa gəlirlərinə təsir etsin, bu sektordan uzaqlaşmasınlar. Əlimizdəki imkanlar daxilində çalışırıq ki, kadrlarımızı maddi baxımdan qoruyaq ki, sabah daha yaxşı təklif aldıqda ən azı onlara yaradılan şəraiti nəzərə alıb yerlərini dəyişməsinlər.

- Söhbətimizi bədbin notlarla bitirmək istəməzdim. Ümid edirəm ki, üzümüzə gələn il Bakıda keçiriləcək Avropa Oyunları sizə bol müştəri bəxş edəcək...

- Biz ümid edirik, ancaq yəqin ki, xəbəriniz var, artıq Avropa Oyunlarının keçiriləcəyi stadionun ətrafında yeni hotellər inşa olunur. Yeni hotellərin inşası, ümumiyyətlə, turizm sektorunun inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi baxımından vacibdirsə, bizim yönümüzdən müştəri uğrunda daha kəskin rəqabət deməkdir. Əvvəllər “Ambassador” hoteli şəhərin həm mərkəzinə yaxın, hava limanından 25 dəqiqəlik məsafədə olan hotel hesab edilirdi. Ancaq indi yerləşdiyimiz ərazi tıxacların mərkəzinə çevrilib, hava limanından hotelə qədər zaman saat yarıma qədər uzanıb. Bu isə o deməkdir ki, Avropa Oyunları ilə bağlı paytaxta təşrif buyuracaq turistlər yaxın ətrafda yerləşən hotellərə üstünlük verəcəklər. Hər halda biz yeni rəqabət şəraitində öz işimizi qurmağa çalışırıq.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 8.