“Mədəni əlaqələrimiz müxtəlif istiqamətlərdə inkişaf edir

 

Serb teatrının Azərbaycana səfərini, Bakıda “Serbiya film həftəsi” keçirməyi planlaşdırırıq”

 

Azərbaycanla Serbiya arasında diplomatik əlaqələr 1997-ci ildən qurulub. 2010-cu ildə Azərbaycanın Belqradda, 2011-ci ildə isə Serbiyanın Bakıda diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. Səfirliklərin açılması ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu gün iki ölkənin əməkdaşlığı müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində inkişaf edir.

İlk dəfə ölkəmizdə səfir kimi fəaliyyətə başlayan Zoran Vayoviçlə müsahibəmiz də Azərbaycan-Serbiya əlaqələrinin mövcud vəziyyəti və perspektivləri barədədir.

- Cənab səfir, Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi haqqında nə deyə bilərsiniz? Bu əməkdaşlıqda ölkəmiz üçün hansı sahələr prioritet təşkil edir?

- İkitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Ölkələrimiz strateji baxımdan tərəfdaşdır. Ötən ilin fevralında Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında dostluqstrateji tərəfdaşlıq haqqında birgə bəyannamə də daxil olmaqla 4 sənəd imzalandı. Ümumiyyətlə, bu günə qədər iki ölkə arasında 20-dən artıq saziş imzalanıb. Bu sazişlər bizə iqtisadi əməkdaşlıqdan mədəniyyət, təhsil, elm, idman sahəsinə qədər bir çox sahələri əhatə edir. Ən əsası isə, ölkələrimizin siyasi münasibətləri çox yüksək səviyyədədir. Bu da bizə şərait yaradır ki, digər sahələrdə də əlaqələrimizi inkişaf etdirək. 2014-cü ildə Serbiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. İstəyirik ki, iqtisadi, ticarət, enerji, kənd təsərrüfatı sahələrində də əməkdaşlığı genişləndirək.

- Humanitar, mədəni sahələrdə münasibətlərlə bağlı nə deyə bilərsiniz?

- İki ölkənin ədəbiyyat, incəsənət adamları arasında mübadiləni qura bilmişik. Serb və Azərbaycan dillərinə tərcümə olunmuş kitablarımız var. Məsələn, ötən ilin iyun ayında səfirliyimizin dəstəyi ilə serb yazıçısı Branislav Nuşiçin «Ramazan gecələri» kitabı nəşr olundu. B.Nuşıç təkcə Serbiyanın deyil, həm də dünyanın dramaturgiyateatr tarixində mühüm rol oynayıb, məşhur satirik komediyaların müəllifidir. Onun iki pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub. Eyni zamanda Azərbaycanın Xalq yazıçısı Elçinin üç romanı serb dilinə tərcümə olunaraqÖlüm hökmü” adı ilə kitab şəklində çap edilib. Sevindirici haldır ki, Azərbaycanın teatr truppaları Serbiyada keçirilən festivallarda iştirak edirlər. Bizbir serb teatrının Azərbaycana gəlişini gözləyirik.

Kino sahəsində də əməkdaşlığımız mövcuddur. Məsələn, ötən ilin mayında Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiyanın tanınmış kinoaktyoru Lazar Ristovskirejissor Yovan Markoviçi qəbul etdi. Görüşdə qarşılıqlı film həftələrinin, birgə kino layihələrinin təşkili müzakirə olundu, maraqlı fikir mübadiləsi aparıldı. Nazir ölkələrimiz arasında kino əlaqələrinin inkişaf etdirilməsinin, kino qurumlarımızın əməkdaşlığının vacibliyini vurğuladı. Səfər çərçivəsində serbiyalı qonaqlar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Dövlət Film Fondunda da oldular. Bu baxımdan istərdik ki, aktyorlarımız Azərbaycanda bir sıra layihələrdə iştirak etsinlər. Məsələn, Azərbaycanda “Serbiya film həftəsi” keçirməyi planlaşdırırıq. Bizim tanınmış film direktorları, aparıcı aktyorlar Azərbaycanın tanınmış rejissoru Vaqif Mustafayevin layihələrində iştirak edirlər. Yəni bu sahədə də əlaqələrin inkişafı ürəkaçandır.

- Serbiya həm də dünyada turizm məkanı kimi tanınır. Ölkələrimiz arasında turizm əlaqələrinin səviyyəsini necə dəyərləndirmək olar?

- Doğru qeyd etdiniz ki, Serbiya turizm ölkəsidir. Serbiyada gözəl dağlar, meşələr, turizm məkanları var. Belqradla Bakı arasında birbaşa hava reysi yoxdur, amma buna baxmayaraq, biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək niyyətindəyik. Hazırda viza rejimini sadələşdirmək istəyirik. Serbiya artıq bu təşəbbüslə çıxış edib. Ola bilsin ki, 2014-cü ildə ölkələr arasında turizmin inkişafının əsas şərtlərindən olan viza rejimi sadələşdirilsin. O zaman qarşılıqlı turizm səfərlərinin də sayı artmış olar.

İstər Azərbaycanda, istərsə də Serbiyada turizm baxımından gözəl məkanlar çoxdur. Məsələn, mən bu günə qədər Azərbaycanın bir sıra bölgələrində - Şəkidə, Qubada, o cümlədən qədim Xınalıq kəndində olmuşam. Abşeron yarımadasında dəniz sahiliniçox bəyəndim. Dağları isə daha çox sevdim. Turizm ölkəsinə çevrilməkdə olan Azərbaycanda cəlbedici yerlər çoxdur. Bir sözlə, bu sahədə geniş əməkdaşlığın qurulmasında maraqlıyıq.

- Serbiyanın Azərbaycanda ilk səfirisiniz. Buraya gələnə qədər ölkəmiz haqqında nələri bilirdiniz və ötən müddət ərzində sizdə hansı təəssürat formalaşıb?

- Ümumiyyətlə, bu mənim xarici ölkədə Serbiya Respublikasının səfiri kimi ilk təyinatımdır. Əvvəllər Serbiyanın Türkiyədəki səfirliyində çalışırdım və Azərbaycanla münasibətlərə dair məsələlərə səfirliyimiz məsuliyyət daşıyırdı. Sonra Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduğumu eşidəndə çox sevindim. Bakıda diplomatik nümayəndəliyimiz 2011-ci ilin martında açılıb, mən isə may ayında Bakıya gələrək etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişəm. Mən bu ölkəni sevirəm və hər gün yeni bir inkişafın şahidi oluram. Xüsusilə ölkələrimiz arasında bütün sahələrdə gözəl əlaqələrimizin olmasından məmnunam. Çox şadam ki, səfirliyimiz İçərişəhərdə yerləşir və mən özümburada yaşayıram. Bu əsrarəngiz məkanın qədim divarları adama ruh verir. Mən bu şəhəri çox sevirəm. Boş vaxtlarımda şəhərin gözəl yerlərini gəzirəm. Vaxtım olanda adətən Bayraq meydanına, Dənizkənarı parka gedirəm.

- Bakıda olduğunuz müddətdə xalqlarımız, iki ölkənin insanları arasında oxşar və fərqli cəhətləri müşahidə etmək imkanınız olubmu. Hansı xüsusiyyətləri qeyd edə bilərsiniz?

- Əgər söhbət xalqların mentaliteti və xarakterləri arasında xüsusiyyətlərdən gedirsə, deməliyəm ki, bu baxımdan xalqlarımız arasında oxşarlıq tapmaq mümkündür. Toy adətlərimiz oxşardır. Mən özüm üçün maraqlı detallar aşkar etmişəm. Məsələn, bizdə olduğu kimi, Azərbaycanda da toydan əvvəl qız evinə elçi gedilir. Bundan başqa, Serbiyada olduğu kimi, sizin toylarda da çoxlu qonaqlar dəvət olunur, masanın üzərində çoxlu yeməklər olur, toya hədiyyə kimi pul yazdırılır, musiqi səslənir, rəqs edilir.

- Yəqin ki, mili mətbəximizlə də yetərincə tanış olmusunuz?

- Mətbəxiniz çox zəngindir. Serbiya özündə zəngin Balkan mətbəxini yaşadır. Azərbaycana gələndə artıq mənə tanış olan yeməkləri gördüm. Hətta onların adları da oxşardır. Biz dolmaya «sarma», kababa «kevabcici», rahat-lokuma «rat luk», şəkərə «şeçer» deyirik. Çay sözü bizdə də var. Fərqli yeməklərə gəlincə, ilk dəfə Azərbaycanda dovğa içdimçox bəyəndim. Biz dilimizdəki bəzi sözlərlə yanaşı, müəyyən adətləri, ənənələri də osmanlılardan götürmüşük. Serblər də türklər kimi adətən qəhvəni “rat lukla, yəni rahat-lokumla içirlər. Mənə gəlincə, Belqrada gedəndə öz ailəmə və yaxınlarıma Azərbaycan paxlavası aparıram. Xüsusilə qozla hazırlanan paxlavalar çox dadlı olur.

- Azərbaycan ailəsinə qonaq getmisinizmi?

- Bəli, getmişəm. Mən sizin adətlərinizə bələdəm. Bundan başqa, insanlarınız mənim xoşuma gəlir. İstər serblər də, istərsə də azərbaycanlılarda pozitiv enerjiemosiya var. Azərbaycanlılar çox qonaqpərvərdirlər və mən bunu bəyənirəm. Bizim xalqımız da qonaqpərvərdir. Son olaraq müsahibəyə görə qəzetinizə öz minnətdarlığımı bildirirəm.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 10.