Nəsillərdə yaşayacaq sənət

 

Şəfiqə Axundova - 90

 

Həmişə çöhrəsində mehribanlıq, gözlərində sevinc işartısı olan, zahirən və daxilən gözəl Şəfiqə Axundovanı bu gün həsrətlə yad edirik. Bu yazını belə kövrək hislərlə başlamağım təsadüfi deyil. Əvvəlcə mahnılarını sevə-sevə dinlədiyim, sonralar isə özü ilə doğmalaşdığım Şəfiqə xanım mənim üçün sənətkarlığın və insanlığın ən gözəl nümunəsi idi.

Onun fövqəladə istedadı, fədakarlığı, həyata baxışı, vətənə, insanlara, sənətə sevgisi bir-birini tamamlayırdı. O özünü vətənə borclu sayan sənətkarlardan idi. Odur ki, daim vətən üçün, xalq üçün yazıb-yaratdı. Bu yerdə onun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Bu torpağa borcluyam” mahnısından misralar düşür yadıma:

 

İlk andım Vətənimdir,

Mən gah odam, gah suyam,

Bu torpaqdan yarandım,

Bu torpağa borcluyam.

Xoşbəxtəm ki, Vətənim,

Azərbaycandır mənim.

 

Doğrudan da, biz vətənimizlə, vətənimiz də belə fədakar övladlarla fəxr etməklə haqlıdır.

Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvarın 21-də ölkəmizin dilbər guşələrindən biri olan qədim Şəki torpağında anadan olmuşdur. Sanki musiqi də onunla birgə doğulmuşdur. Özü deyərdi ki, musiqini neçə yaşımda sevdiyimi xatırlamıram. Elə bilirəm ki, elə bu sevgi mənimlə birgə doğulub. Haqlı idi Şəfiqə xanım. Əgər musiqi onunla birgə doğulmasaydı, o, musiqinin yolunda bütün çətinliklərə mərdliklə sinə gərməzdi. Hətta bir vaxtlar atası - dövrünün tanınmış ziyalısı və ictimai xadimi olan Qulam Axundov onun musiqiyə olan marağına görə ciddi şəkildə cəzalandırıb. Bu hadisəni Şəfiqə xanım belə xatırlayırdı:

“Atam musiqiçi olmağımı istəmirdi, o, məni həkim görmək istəyirdi. Deyirdi ki, musiqi sənə çörək qazandırmayacaq. Bir sözlə, məni bu yoldan çəkindirməyə çalışırdı. Hətta evimizdə bir qarmon var idi, mən onu çalmayım deyə götürüb gizlətmişdi. Bir gün də musiqi dərsinə getdiyimi bilib məni evə buraxmadı. Bir neçə saat qarlı havada bayırda qalmalı oldum. Amma hər bir çətinliyə dözdüm və bu sənətdən əl çəkmədim. Bu yolda mənə anam Züleyxa xanım çox dəstək oldu”.

Şəfiqə xanımın sənəti haqqında belə maraqlı xatirələr çox idi. Hər dəfə də bu xatirələri şirin Şəki ləhcəsində çox maraqla danışırdı. Atasının onu bayırda qoyması əhvalatını xatırlayanda deyərdi ki, soyuq havada qalmağım böyrəklərimi xəstə saldı. Canıma qıydım, amma bu sənətə qıymadım, ondan dönmədim. Bu yerdə ölməz Seyid Əzimin sözləri düşür yadıma:

 

Bir şəmi ki, həqdən yana

Heç bad ilə sönməz.

 

Daim haqq yolunda olanlar bu yolda inamla, cəsarətlə addımlayaraq onun zirvəsinə yetişiblər. Şəfiqə Axundova da sənətin kəşməkəşli yollarında dəyanətlə irəliləyərək ən uca zirvəni fəth etdi. Bu çətin yolda onun yeganə həmdəmi və ilham mənbəyi musiqi idi. O, bütün yaşantılarını musiqisi ilə ifadə edirdi. Amma bunun üçün poeziya da köməyinə gəlirdi. Şəfiqə xanım deyirdi ki, oxuduğum şeir içimdəki musiqi ilə uyğun gələndə çox sevinirəm. Xüsusən də bu mənim düşüncələrimlə üst-üstə düşəndə elə bil dünyanı mənə verirlər.

Şəfiqə Axundova bütün bu düşüncələrini öz mahnılarına köçürmüşdü. Onun mahnıları mövzu baxımından çox aktual olduğundan daim sevilib və sevilir. Çünki o, mahnıya çox yüksək dəyər verirdi. Bu yerdə Şəfiqə xanım haqqında yazdığım “Nəğmədir həyat” monoqrafiyasından onun fikirlərini olduğu kimi təqdim edirəm:

“Mənim üçün mahnı kiçik bir insanpərvər novelladır. Mahnı süni ifadəli deyil, başa düşülən, ürəyəyatımlı olmalıdır. Çoxdan belə bir sentimental anlayış var, “insanları sevmək”. Əgər mahnı ləyaqətlərin lehinə olan ruhda bəstələnmirsə, belə bir mahnını yaratmağın nə mənası olar? Mahnını o zaman yaratmaq olar ki, adamların əksəriyyətinin fikir və arzularını duyasan və ifadə edə biləsən” (“Nəğmədir həyat”, Bakı, 2005. s. 113).

Bəstəkarın bu fikirlərindən sonra onun Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı mahnısının misralarına nəzər salırıq:

 

Bu gün elə dolmuşam,

İçim çölümə sığmır,

Nə danışım, nə deyim,

Dərdim dilimə sığmır.

 

Bir ömür addım-addım,

Qəm yükünü daşıdım,

Elə günlər yaşadım,

Ayım ilimə sığmır.

 

Şəfiqə xanımın mahnılarından danışmağımız təsadüfi deyil. Çünki o, bu janra xüsusi bir gözəllik gətirməklə professional mahnılar yaratmışdır. Opera, operetta, süita və s. janrlarda əsərlər yazan bəstəkarın yaradıcılığında mahnı janrı qırmızı xətlə keçir, desək daha düzgün olar. Çünki onun melodiyaları o qədər gözəl və qəlbəyatımlı idi ki, bu cəhət digər janrlara da sirayət edirdi. Məsələn, onun “Gəlin qayası” operasından orkestr partiyaları sanki sözsüz mahnıları xatırladır. Bir sözlə, Şəfiqə Axundova xalq ruhunda, muğam intonasiyalarından yoğurulan gözəl melodiyalar yaradıcısı idi.

Şəfiqə xanım Şərqdə ilk dəfə opera yazan qadın kimi tanındı. Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazılan opera ilk dəfə 1974-cü ildə tamaşaya qoyulmuş və bu günə qədər də operamızın səhnəsində sevilərək izlənilir.

Ümumiyyətlə, Şəfiqə Axundova xalqımızın sevdiyi və sevəcəyi bir sənətkardır. Əminik ki, bu günün və gələcəyin nəsilləri Şəfiqə xanımın mahnılarını sevərək heç vaxt unutmayacaqlar. Unudulmamaq üçün Şəfiqə xanım öz nəğməli tövsiyələri ilə də nəsillərin yaddaşında qalacaq. Belə ki, şair İsgəndər Coşqunun

 

Bir könüldə min can olaq,

Daha da mehriban olaq.

 

misralarına bəstələdiyi məğrur musiqi daim insanları bir olmağa və mehribanlığa səsləyəcək. Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Lay-lay” mahnısı ilə neçə-neçə körpələr böyüyüb və böyüyəcək. Beləcə, Şəfiqə Axundova musiqisi nəsillərdən nəsillərə ötürülərək əbədi yaşayacaq və sahibini də yaşadacaq. Həmişə nikbin və həyatsevər olan Şəfiqə xanımın musiqisi daim həyatımızın bəzəyi olacaq. Biz bütün bu yadigarlar üçün Şəfiqə xanımın sənəti qarşısında baş əyir, ona Tanrıdan rəhmət diləyirik. Fikirlərimi Şəfiqə xanımın bir deyimi ilə tamamlamaq istəyirəm. O, həmişə insanlara xoş arzularını bildirərkən deyərdi: “Gəlsin səsin, yansın çırağın”. Biz də çalışmalıyıq ki, Şəfiqə xanımın əsərlərini qorumaqla onun sənət çırağını sönməyə qoymayaq. Belə olan halda bəstəkarın ruhu şad olar, nəsillər də onun musiqisindən mənəvi qida alar.

 

Səadət Təhmirazqızı,

 

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.