“Ulduz”lu ulduz
Ölməz operettalar, solmaz mahnılar
müəllifi Süleyman Ələsgərov
Bəstəkarlar qəlbə, - digər yaradıcılara nisbətən - yalnız ürəyə işləyən sənətkarlardır. Amma elə ki, ürəkdən başa - idraka keçdilər, yaratdıqları səslər sözlərə, fikirlərə, frazalara çevrilir; bəzən birbaşa (alternativsiz), bəzən dolayısıyla. Qənaətimə bu yazı qəhrəmanımın müəllifi olduğu məşhur operettadan bir misra ilə qüvvət verirəm: “Göz qaralır, baş fırlanır, adam solur eşqdən”...
Məncə, bax bu an ürəyinizdə səslənən musiqi olmasaydı, bu misra bu qədər təsirli səslənməzdi! Həmin operettada Züleyxanın Məhəmmədə dediyi “Mən bilirəm, eşq nədir, - kişilərin kələyi!” sözləri bizə də bu bənzərsiz notların müəllifi haqda belə dedirdir: O bilirdi sənət nədir - bu dünyanın, bu aləmin bəzəyi...
O, bunu çox yaxşı bildiyi üçün, hələ iyirmi üç yaşında ikən, bünövrəsini böyük Üzeyir bəyin qoyduğu operetta yazmağa qol qoydu və bir il sonra - 1948-ci ildə bu gözəl əsəri bitirdi. O zaman hələ Üzeyir bəy sağ idi və iyirmi dörd yaşlı bu gənc bu sayaq qocaəfəndi muzdialoqla özünü o dövrün (və bütün gələcəyimizin!) “Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana” kimi muzmonoloq və dialoq abidələri yaratmış korifeyin və başqa sənətkarların cərgəsinə qoşdu...
Deyirlər...
Öncə deyim ki, S.Ələsgərov haqqında çox maraqlı xatirələr, xoşsoraqlar eşitmişəm. Məsələn, hələ konservatoriya tələbəliyində ona “Süleyman müəllim” deyə müraciət edənlər də olurmuş. Bu müraciətə qısqanan erməni, rus, yəhudi müəllimlər isə əsəblərini “Aleskerov” xitabı ilə soyudurlarmış. İlk operettasının yaratdığı ajiotaj isə - hələ bir ayağı auditoriyada (sonuncu kursda) olan bu “uşağın” öz yaşını gizlədib-gizlətməməsi “dilemma”sı da yaradıbmış. Lakin “sübutalnı-dokumentalnı” sənədlər məsələni belə bəyan edirdi: Adı - Süleyman, familiyası (soyadı) - Ələsgərov, atasının adı Əyyub. Doğulduğu il 1924, yer Şuşa şəhəri.
Bir müddət sonra onun yaşına olan təəccüb və şübhələr - istedad dolu başına və doğulduğu təbii konservatoriya-şəhərə rəğmən - tezliklə əriyib gedir. O öz qabiliyyəti, hər mənada yar-yaraşığı, bir az da “Ulduz” işığı ilə 1949-cu ildə - iyirmi beş yaşında A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru təyin edilir. 1965-ci ilədək çalışdığı bu adlı-sanlı tədris-mədəniyyət ocağında yeni-yeni təşəbbüslər, “səsi sonralar çıxası” perspektiv layihələr irəli sürür. Buraya dəvət etdiyi xalq sənətkarlarının, canlı muğam mücəssəmələrinin elmi-metodiki təcrübələrə də yiyələnmələrinə nail olur. Həmin dövrdə xalq mahnılarının toplanması, işlənməsi, nota köçürülməsi və beləliklə, pərakəndə xalq malının ümummilli sərvətə çevrilməsi işində əsas simalardan birinə çevrilir. O vaxtlar artıq üç populyar operetta müəllifi olan (“Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”) S.Ələsgərovun xalqın Azərbaycan radiosu dalğalarında sevə-sevə dinlədiyi xanəndə və müğənnilərin mahnıları, ariyaları, xüsusilə hər istirahət günü səsləndirilən “Muğamat konserti”ni professional şəkildə təqdim etmələrində də “məxfi” əməyi vardı. Artıq, musiqi sənətinin hər sahəsində yetkin-yetişmiş şəxsiyyət olan S.Ələsgərov - bir müəllim olaraq, Azərbaycan mədəniyyətinin bu günü və gələcəyi üçün hərtərəfli kadrlar yetişdirirdi.
Az keçmiş (1966-cı ildə) o, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri təyin edilir. Bu rəsmi, respublika miqyaslı görəv öz görüş-baxışlarını həyata keçirmək istəyən sənətkarın qarşısında geniş imkanlar açır. Hələ musiqi məktəbində - yəni “kənarda” ikən görüb-hiss etdiyi çatışmazlıq və problemlərin həlli üçün böyük əzm və gənclik eşqi ilə işə başlayır. Lakin onun görüm-görəvlərindən duyuq düşən “internasional”çılar “təşkilati məsələ”yə baxaraq, Süleyman Ələsgərovu nazirlikdən uzaqlaşdırırlar. O, məmur qələmini Azərbaycan Dövlət Radio və Televiziyası Xalq Çalğı Alətləri Orkestrinin dirijor çubuğu ilə əvəz etməli olur. Bir qədər “unudulandan” sonra, bu istedadlı və peşəkar mütəxəssis Musiqili Komediya Teatrının direktoru təyin edilir və artıq məşhur operettalar müəllifi daha çox başqalarının əsərlərinin səhnəyə çıxarılması ilə məşğul olur.
Hər kəsə bir yönlə məlum olduğu kimi, sənətdə böyüklər, orijinallar həyatda da çoxlarından fərqli olurlar. Bu mənada Süleyman müəllimin də yaddaqalan çox sözü, çox həyati məqamları olub. Düzdür, o, çox danışmazdı, amma danışanda müsahibinin zövq aləminə hədsiz dad-tam verirdi! Yadımda qalan ən maraqlı deyimlərindən biri: “Adam gərək keçmişi nə qədər xatırlayırsa, gələcəkdə də o qədər xatırlansın...”
Bu gün Süleyman müəllim də çox xatırlanır (əlbəttə, yüksək zövqlülər və qədirbilənlər tərəfindən). Əvvəlcə ən ümumi notlara toxunaq: “Böyük Azərbaycan bəstəkarı”, “əbədi əsərlər müəllifi”, “nəfsi özündə, həya-sayalı ictimai xadim”, “kinofilmlərdə iştirak edən və musiqilərindən istifadə edilən”, “misilsiz musiqi tərtibatçısı” və s. Bu rəsmi-informativ xatırlamalar bir yana, onun başqa “titul”ları da vardı: “Süleyman dayı”, “Süleyman əmi”, “Süleyman qağa”, “Süleyman dostumuz”. Ən maraqlı adı isə “Ağsaqqal Süleyman”! Özü də lap gəncliyindən almışdı bu imtiyazı. Deyərdi ki, Üzeyir bəyi, Mirzə Cəlili, Sabiri, Mirzə Fətəlisi olan bir ölkəni bölgələrə bölməklik milli ölməklik kimi bir şeydir. O, təkcə deməklə kifayətlənmir, həm də onları əməli ilə sübuta yetirirdi. Onlardan bir epizod: Bir gün bir qarabağlı tələbə gəlir onun yanına ki, bəs Süleyman müəllim, bu şəkili dostumla mən eyni gündə sevgililərimizgilə elçiliyə getmək istəyirik. Atamız yoxdur, ağsaqqallıq sarıdan kasıbçılıqdır, xahiş edirik, Bəxtiyar (Vahabzadə) müəllimə deyin, bu oğlanın elçiliyinə getsin, Sizsə mənim ürəyimdəkigilə... Süleyman müəllim gülümsünüb qayıdır ki, yaxşı, gedərik. “Amma bir şərtlə; mən bu şəkili oğlanın deyiklisigilə gedim, Bəxtiyar müəllim də sən qarabağlınınkıgilə...”
Dövranlar, dövrançılar...
Dərhal da əlavə edim ki, sözüm yalnız sənət və sənətkarlıq müstəvisindədir. Özü də S.Ələsgərovun “Hardasan, ay subaylıq” operettasından qaynaqlandı bu fikir məndə. Bu operettanın adını fikrimdə iki-üç kərə təkrarladım və nəticədə onu “Hardasan, ay populyarlıq?” rekonstruksiyasına məruz qoydum. Yeri gəlmişkən, deyim ki, məncə, S.Ələsgərov əsər-librettoları seçərkən tək elə onların ideya-məzmun motivlərinə yox, həm də adlarına diqqət-maraq göstərirmiş. Onun bu əsərinin adına müdaxilə etməyimə gəlincə isə deyim ki, müasir musiqi (şou-mou) əhlinin əksəriyyəti məhz həmin “rekonstruksiya” meyli ilə yazıb-yozmaqdadır. O vaxtlar Süleyman Ələsgərov kimi sənət adamlarının adlarını yalnız afişalarda, üzlərini ictimai nəqliyyatda, ildə-rübdə bir kərə televizorda görər, səslərini ara-sıra radioda eşidərdik. Amma teatrlara gedəndə, tele-tamaşalara baxanda batman-batman, məzə-məzə, dadlı-duzlu, əsər-kəsərli sənət nümunələri görərdik! Bəs indilər, əksər indikilər? Bu barədə çox söz yazmamaq üçün, elələrinə yenə o rəhmətliyin bir əsərinin adını xatırladaq: “Özümüz bilərik”... Bu atmaca-“adlıq”dan tükləri dəbərməyənlərə - özləri özlərinə “mən populyaram”, “mən ulduzam”, “məndən yoxdur” deyənlərə, deyəsən, heç “ay oğlan, “Milyonçunun dilənçi oğlu”ndan ayıbdır!”, ay xanım, sənin bu əndişəxanımlığın “Həmişəxanım”ın xətrinə dəyə bilər “tapmaca”ları da kar etməz”...
Qalmaqal...
Sadəlikdə, səmimiyyətdə beş-üç sənət adamımızdan biri olan belə bir sənətkar haqdakı bu yazıda belə bir termin?! Yəni çağımızın qulağını kar etməkdə olan bəzi qalmaqal “sənət”karlar S.Ələsgərov kimiləri ucaltmaq üçün də yararlı görünmürlər... Tarixən ölkələrin, millətlərin gününə daha çox sənət adamları ağlayıb-güldükləri halda, bu gün siyasət adamlarımız şou-zadə əhlinə nisbətdə daha yanım-dönüm mövqeyindədirlər. Məsələn, Süleyman Ələsgərov respublikamızın “siyasi filial” olduğu dövrlərdə “Solğun çiçəklər”, “Bahadır və Sona” kimi operalar, yeddi məşhur operetta, “Bayatı-Şiraz” simfonik muğamı, neçə-neçə simfoniya, kantata, mahnı, simfonik poema və süitalar yazdığı halda, həmin bu müasir məlumlar hələ də öz “üç badam, bir qoz” yaradıcılıqları ilə TV-ekranlarda veriləsi daha vacib proqramların “kisələrindən yeyirlər”.
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 22
yanvar.- S. 13.