Görkəmli tarixçi alim Süleyman Əliyarlı dünyasını dəyişib

 

Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Süleyman Əliyarlı yanvarın 16-da 84 yaşında vəfat edib.

Süleyman Sərdar oğlu Əliyarlı 1930-cu il dekabrın 18-də Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ildə Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirib.

Bakı proletariat hərəkatı və XX əsrin əvvəlində Azərbaycan neft sənayesində inhisarlar mövzularında namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. 1978-ci ildən 2001-ci ilədək Bakı Dövlət Universitetində Azərbaycan tarixi kafedrasının müdiri işləyib.

“Azərbaycan tarixi üzrə qaynaqlar”, "Türk epik abidələri tarixi mənbə kimi”, "Azərbaycan türklərinin etnogenezi" və s. mövzularda tədqiqatların, 150-dən çox elmi məqalənin, 8 kitabın müəllifidir.

1989-2000-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisin) Toponimiya komissiyasının sədri olub. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü olub. 2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik toplusunun redaksiya heyətinin üzvü və müəlliflərindən biri olub. 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 14.