Səndən xəbərsiz

 

Yazıçı-dramaturq Aslan Qəhrəmanlı vəfat edib

 

Azərbaycanın tanınmış yazıçı və dramaturqu, fizika-riyaziyyat elmləri namizədi Aslan Qəhrəmanlı yanvarın 19-da dünyasını dəyişib.

Aslan Qəhrəman oğlu Qəhrəmanlı 1939-cu il sentyabrın 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb. Mərkəzin bazası əsasında yaradılan Kibernetika İnstitutunda elmi tədqiqatla məşğul olub. Uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında dərs deyib, baş müəllim, dosent işləyib. 2007-ci ildən Azərbaycan Universitetində çalışıb, 2011-2012-ci illərdə bu təhsil ocağının rektoru olub.

Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-2010-cu illərdə "Azərbaycanın vergi xəbərləri" jurnalının baş redaktoru olub.

Ədəbiyyata 1967-ci ildə "Gənc qələmlər" almanaxında dərc olunan "Dağların mahnısı" adlı hekayəsi ilə gəlib. Həmin vaxtdan mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Televiziya tamaşaçılarının rəğbətini qazanmış "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" pyesləri ilə məşhurlaşıb. “Spektr”, "Döngə", "Burulğan", "Ürək” və s. pyeslərin, “Qızıl zəncirli açar” kitabının (povestlər və hekayələr) müəllifidir. "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" - 10-dan çox nağıl-pyesi Azərbaycan radiosunda səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 14.