“Ay
parçasıdır gözəl bir
qadın”
Avropanın musiqi “paytaxtı”nda Məhsəti Gəncəvinin
yubileyinə həsr olunmuş konsert
Görkəmli Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 illiyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamına əsasən yubiley tədbirləri davam etməkdədir. Xəbər verdiyimiz kimi, şairənin yubileyi UNESCO tərəfindən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına da daxil edilib. Bununla bağlı dünyanın müxtəlif ölkələrində Məhsəti dühasına həsr olunmuş ədəbi-bədii gecələr, mərasimlər təşkil olunur. Bu günlərdə Məhsəti Gəncəvinin yubileyinin qeyd edildiyi şəhərlərin sırasına Avstriyanın paytaxtı, Avropanın musiqi mərkəzi Vyana da qoşulub.
Vyananın ən böyük və nüfuzlu mədəniyyət sarayı “Konzerthaus”da Azərbaycan Dövlət Rəqs Ansamblının və Qədim Musiqi Alətləri Ansamblının iştirakı ilə “Ay parçasıdır gözəl bir qadın” adlı konsert keçirilib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə respublikamızın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Avstriya parlamentinin üzvləri, dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak edib.
Avstriyanın Ö1 radio kanalında klassik və Şərq musiqisi verilişlərinin tanınmış aparıcısı, musiqişünas və rejissor Nadya Kayali konsertdən əvvəl Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının intibah dövrü hesab edilən XII əsrdə poeziya ilə yanaşı, musiqi və digər incəsənət sahələrində gedən inkişafdan bəhs edib.
Məhsətinin nəinki şairə, eyni zamanda, müğənnilik istedadına malik nadir bir şəxsiyyət olduğunu diqqətə çatdıran N.Kayali şairənin öz rübailərini çəng və bərbət kimi musiqi alətlərində ifa etdiyini bildirib. Qeyd edilib ki, Məhsətinin musiqiyə meylli olması və müxtəlif musiqi alətlərində ifa etməsini nəzərə alaraq, onun Şərqin ilk qadın bəstəkarlarından biri olmasını iddia etmək mümkündür. Öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müasirlərini heyran edən Məhsətinin poeziyasından bəhs edən aparıcı ərəb və fars dillərini mükəmməl bilən Azərbaycan şairəsinin insan duyğuları və təəssüratlarını böyük ustalıqla kiçik həcmli rübailərdə dolğunluqla əks etdirə bildiyini vurğulayıb.
Məhsətinin yaşadığı dövrdə Azərbaycan ərazisində istifadə edilmiş musiqi alətlərindən söz açan N.Kayali əsrlər boyu unudulmuş həmin alətlərin görkəmli musiqişünas alim, mərhum Məcnun Kərim tərəfindən bərpa edilərək yenidən musiqi ictimaiyyətinə təqdim olunduğunu, Qədim Musiqi Alətləri Ansamblının da onun təşəbbüsü əsasında yaradıldığını qeyd edib. Bildirilib ki, professor M.Kərimin tarixin qaranlığından xilas edərək bərpa etdiyi ondan çox qədim musiqi aləti bu gün ansambla daxil edilib. Ansamblın bədii rəhbəri Munis Şərifovdur.
Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının konserti olub. Konsertdə Abdülqadir Marağayi, Səfiəddin Urməvi kimi orta əsr bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları da ifa edilib. Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova və Teyyub Aslanov muğam və xalq mahnılarını gözəl ifa edərək tamaşaçıların ürəyini riqqətə gətiriblər. Əməkdar artist Kəmalə Hüseynova Məhsəti yaradıcılığının ən gözəl nümunələri olan rübailəri səsləndirib, həmin rübailərin almanca tərcüməsi səhnədə qurulmuş geniş ekranda təqdim olunub.
Konsert zamanı ekranda orta əsrlərə
aid Azərbaycan miniatürlərinin nümayiş etdirilməsi tədbirin
ab-havasına xüsusi bir
gözəllik qatıb. Dövlət Rəqs Ansamblının
solistləri “Tərəkəmə”, “İnnabı”, “Uzundərə”
və digər milli rəqslərimizi ifa ediblər. Musiqili gecə
tamaşaçıların sürəkli alqışları
ilə başa çatıb.
Mədəniyyət.- 2014.- 22
yanvar.- S. 16.