Azərbaycan, Gürcüstan və Moldovada
turizmin inkişafı
Azərbaycanlı
alimin həmsədri olduğu
regional layihə “Tempus”
proqramının qalibi olub
Avropa İttifaqının “Tempus” proqramı (universitet fənləri üçün Trans-Avropa mobillik cədvəli) çərçivəsində azərbaycanlı alimin həmsədri olduğu birgə regional layihə qalib elan edilib.
Layihənin regional əlaqələndiricisi Azərbaycan Texniki Universiteti, həmmüəllifi texnika elmləri doktoru, professor Həsən Məmmədovdur.
Onun sözlərinə görə, Fransanın Grenobl Akademiyasının koordinatorluğu ilə “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” mövzusunda regional “Tempus” layihəsi qəbul olunub.
Layihədə regionu təmsil edən 3 ölkənin hər birindən 8 tərəfdaşın iştirakı nəzərdə tutulur. Ölkəmizdən Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, “Bakı Turizm Ekskursiya” MMC, “New Baku” mehmanxanası və Azərbaycan Texniki Universitetinin tələbə həmkarlar ittifaqı təşkilatı bu layihədə iştirak edirlər.
Layihənin regional və
beynəlxalq tərəfdaşları Grenobl
Akademiyası tərəfindən müəyyənləşdirilib.
Artıq layihənin reallaşdırılmasına
başlanılıb. Fransa, Almaniya və İtaliya
universitetlərinin də bu layihədə
iştirakı planlaşdırılır.
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 3.