“Məqsədimiz
turizm sənayesi üçün
peşəkar kadr hazırlamaqdır”
Bakı Turizm Peşə Məktəbinin Təhsil-Təlim
Mərkəzində kurslar başlayıb
Ötən ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzi fəaliyyətə başladı. Mərkəz nazirlik və BMTİP arasında imzalanmış «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» adlı ikiillik layihə çərçivəsində açılıb. Layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması və mövcud problemlərin həllinə yardım məqsədi daşıyır.
Ötən müddətdə layihə üzrə görülən işlər barədə məlumat almaq üçün məktəbdə olduq.
Layihənin koordinatoru Səbinə
Babayeva bizimlə söhbətində bildirdi ki, mərkəzdə
tələbələr üçün tədris
kursları iki aydır başlayıb: «Kurslar Türkiyə və Ukraynadan
dəvət edilmiş mütəxəssislər,
habelə yerli ekspertlər tərəfindən
aparılır. Hazırda aşpaz, barmen-ofisiant-front-ofis, turagent qrupları üzrə peşə təlimləri
davam edir. Dinləyicilər dərslərin nəzəri
hissəsini bitiriblər,
hazırda təcrübədədirlər.
Qrupların hər birinə
təcrübə keçmələri
üçün məktəbdə
lazımi şərait
yaradılıb. Həm dəvət
etdiyimiz, həm də yerli müəllimlər
xüsusi proqramlar tərtib ediblər və dərsləri də həmin proqram üzrə keçirlər. Peşə təhsili
üçün müddət
azdır. Cəmi birillik
təhsil müddəti
var. Bunun 5 ayı nəzəri dərslərə,
qalan vaxt isə təcrübəyə
gedir. Bu az müddətdə tələbələrin öz
ixtisasları üzrə
daha çox bilgi almasına çalışırıq».
Həmsöhbətim bildirdi ki, kursların
sonunda imtahandan keçənlərə Mədəniyyət
və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən
təsdiqlənmiş sertifikat
veriləcək. Ən fəal tələbələr
isə yay aylarında Türkiyə və Ukraynaya təcrübəyə göndəriləcək.
Layihənin koordinatorunun sözlərinə
görə, hotellər
kadr üçün onlara müraciət edirlər: “Əsas məqsədimiz turizm sənayesi üçün
peşəkar kadr hazırlamaqdır. Mart ayından mehmanxana və restoran əməkdaşları üçün
treninqlər keçirməyi
planlaşdırırıq. Artıq müraciət edənlər
var. Bundan başqa, Bakı Turizm Peşə Məktəbinin
müəllim heyəti
üçün ixtisasartırma
kursları təşkil
etməyi nəzərdə
tuturuq. Layihənin müddəti iki
ildir. Müddəti uzadılsa, digər
sahələr üzrə
də belə təlimlər və treninqlər təşkil edəcəyik. Bilirsiniz ki,
ölkəmizdə bələdçi
problemi də mövcuddur. İstərdik, bu istiqamət üzrə də təlimlərə başlayaq».
Səbinə Babayeva tələbələrin
təlimlərdən çox
razı qaldıqlarını
deyir: «Xüsusilə ingilis dilinin tədris edilməsi onları çox maraqlandırıb. Bəzən elə
olur ki, dərsləri olmayan günlər də bura gəlirlər. Daha çox məlumat, ixtisasları barədə
bilgi almaq istəyirlər. Çünki onlar turizm sahəsində
çalışacaqlar. Bu elə bir
sahədir ki, orda ingilis dilini
bilməyə hər zaman ehtiyac var”.
Uşaqlar dərslərə böyük
maraqla gəlirlər
Səbinə xanımla söhbətimizi
bitirib kursların keçirildiyi otaqlara baş çəkdik.
Mərkəz 5 otaqdan ibarətdir. «Səyahət
agenti» otağında bu sahə üzrə
iş prinsipləri, müştərilərlə ünsiyyətin
qurulması, bronlaşdırma,
turların təşkili və s. qaydalar öyrədilir. Aşpazlar üçün nəzərdə
tutulan otaqda isə bu peşə
üçün lazım
olan bütün avadanlıqlar var. Üçüncü
otaq barmen, ofisiant və somalye peşəsi üzrə tədris üçün
ayrılıb. Bu ixtisasda
təhsil alanlara müştəriyə yüksək
səviyyəli xidmət
göstərmək, masanın
hazırlanması, qabların
düzülməsi və
s. barədə məlumat
verilir. Mehmanxana xidmətçiləri üçün nəzərdə
tutulan otaq hazırda peşə məktəbində qrup olmadığı üçün
boşdur, Səbinə
Babayeva deyir ki, burada mehmanxana
əməkdaşları üçün
kurslar keçiriləcək.
Gələn ildən isə
peşə məktəbində
bu istiqamətdə qrup yığılacaq.
Mərkəzdə sonuncu otaq mühazirə
otağıdır. Burada ingilis
dili, konfliktologiya, etika, estetika, psixologiya, sanitariya, ünsiyyət fənləri
tədris olunur.
Qeyd-qəbul ixtisası üzrə dərs keçən Seyran Qurbanov «Xəzri» istirahət və sağlamlıq mərkəzində baş
qeydiyyatçı işləyir. Onun qrupunda 20 nəfər var. Dediyinə görə, uşaqların bu ixtisasa həvəsi böyükdür: «Təbii
ki, onların hamısının diqqətini
bu peşəyə yönəltmək mümkün
deyil. Amma elələri var
ki, dərslərə
çox diqqətlə
qulaq asırlar və işin bütün detallarına qədər maraqlanırlar.
Bu mənim müəllim
kimi ilk fəaliyyətim
olsa da, etiraf edim ki,
onların bu marağı mənə də sirayət edir. Çalışıram, uşaqlarla bildiklərimin
hamısını bölüşüm.
Onlara qonaqlarla necə davranmaq lazım olduğunu, müştəriləri maraqlandıran
bütün suallara səbirlə cavab vermək və s. kimi məsələləri
başa salıram”.
Hoteldə çalışan aşpazın
da ölkəyə gələn qonaq sayına təsiri var
Konfliktologiya, etika, estetika, psixologiya üzrə dərs otağında söhbət-mühazirənin gedişini
biz də izlədik. Müəllim Əbülfəz Babazadənin
danışdıqlarına tələbələr o qədər
diqqətlə qulaq asırdılar ki, sanki bir kəlməni
belə qaçıracaqlarından
qorxurdular.
Əbülfəz Babazadə söhbətinin
çox yaxşı alındığını deyir:
“Uşaqlar hətta boş vaxtlarında belə yaxınlaşıb
nəyisə soruşurlar.
Mən onları başa salıram ki, turizm sahəsi hazırda inkişaf mərhələsindədir. Təkcə diplom almaqla iş bitmir. Peşəkar olmaq lazımdır,
işə münasibət
dəyişməlidir. Biz işə yalnız
qazanc üçün
gəlməməliyik, işimizi
sevməliyik. Aşpazın hazırladığı yeməyin
dadı onu hansı həvəslə
hazırlamasından asılıdır.
Səhər hansı həvəslə
işə başlasanız,
əlinizdəki meyvə-tərəvəzin
dadı da elə olacaq. Bu da istər-istəməz
müştəriyə sirayət
edir. Deməli, nəticədə ölkəmizə gələn
qonaqların sayına
hər hansı bir hoteldə çalışan aşpazın
da təsiri var. Dərslərdə bütün
bunlarla bağlı uşaqları məlumatlandırmağa
çalışıram. Onlar yaxşı ixtisas sahibi olmaq üçün
mütləq öz peşələrini sevməlidirlər».
Təlim kurslarında iştirak edən bir neçə
tələbə ilə
də söhbətləşdik.
Aşpazlıq ixtisası üzrə
təhsil alan
Telman Tofiqoğlu deyir ki, kursların
səviyyəsi onları
qane edir. Onun sözlərinə görə, ixtisasını
sevməkdə Əbülfəz
müəllimin dedikləri
ona çox kömək olur: «4-5 saat Əbülfəz müəllimin mühazirələrində
otursaq da yorulmarıq. O bizim aşpazlıq sənəti
haqqında təsəvvürlərimizi
tamamilə dəyişdirib.
Artıq
biz bu işə sadəcə pul qazanmaq yeri kimi
yox, həm də sevgi ilə
yanaşdığımız bir sənət kimi baxırıq».
İran
İslam Respublikasının
vətəndaşı olan
Qaraş Maqsudlu isə dedi ki,
bu kurslar başladıqdan sonra məktəbə gəlməyə
həvəsləri daha
da artıb: «Burada eyni zamanda
təcrübə keçirik,
ingilis dilini öyrənirik. Məncə, təkcə nəzəriyyəni
bilməklə normal ixtisas
sahibi olmaq mümkün deyil. Mən bilgilərimi artırmaq, sənətimi daha da təkmilləşdirmək
istəyirəm. Bu baxımdan da kurslar çox qaneedicidir».
Zülfiyyə Aslanzadə kursların təşkilinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə,
BMT-nin İnkişaf Proqramına təşəkkür
etdi və bildirdi ki, bu
təlimlər sayəsində
peşə məktəbindən
hazırlıqlı bir
aşpaz olaraq çıxacaqlar.
Mərkəzdə Avropa mətbəxi
də öyrədilir
Müşahidə etdiyimiz dərslərdən
biri də Türkiyədən dəvət
edilmiş təcrübəli
aşpaz Kamal Alcanın dərsi oldu. 37 illik təcrübəsi olan Kamal Alcan hazırda Türkiyənin özəl
universitetlərindən birində
müəllim kimi çalışır. O, uşaqlara Avropa mətbəxini öyrədir.
Biz orda olanda
onlar buşlon salatı və toyuqlu penna hazırlayırdılar.
Kamal müəllim
dinləyicilərə Avropa
standartları üzrə
bir nəfər üçün neçə
qram ərzaqdan yemək hazırlanmasını
izah edirdi. Onun sözlərinə görə,
mətbəxdə hər
kəsin öz vəzifəsi var: «Yalnız belə iş bölgüsü ilə keyfiyyətli yeməklər hazırlamaq
olar. Aşpazlıq qrupunda təhsil alan uşaqların
əksəriyyəti bu
sənətə həvəslidir.
Onların istedadları var,
çalışqandırlar, bilmədiklərini soruşurlar.
Belə olduqda mən də bildiklərimi daha həvəslə anladıram».
Bu ixtisas üzrə təhsil alan Vüsalə İsmayılova dedi ki, dünya mətbəxi çox maraqlıdır və Kamal müəllimdən öyrəndiklərini evdə də hazırlayır. Yeməklər ailə üzvlərinin çox xoşuna gəlir. Salman Abbaslı isə uşaqlıqdan yaxşı aşpaz olmağı arzulayıb. Deyir ki, kurslar təcrübə qazanmaqda onlara çox kömək edir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 9.