Əfsanəvi qonaqpərvərlik diyarı

 

Ölkəmiz “Los Angeles Times” turizm sərgisində təmsil olunub

 

Yanvarın 17-18-də “Los Angeles Times” qəzeti tərəfindən Los Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunub. Hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu tədbir ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Artıq üçüncü ildir ki, Azərbaycan turizmi sərgidə nümayiş olunur.

Tədbirdə ölkəmizin Los Ancelesdəki baş konsulluğu tərəfindən “Azərbaycan: əfsanəvi qonaqpərvərlik diyarı” başlıqlı stend qurulub. Stenddə müxtəlif bannerlər və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə ölkəmizin turizm imkanları haqqında geniş məlumat verilib. Burada quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sərgidə iştirak edən Azərbaycanın “Wonders of Azerbaijan”, “Spektr” və “SkyTravelturizm şirkətləri ölkəmizə səfər üçün turizm paketləri təqdim ediblər. Stenddə yer alan, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ - Azərbaycanın zinət tacı” (“Karabakh - Crown Jewel of Azerbaijan”) başlıqlı banner ziyarətçilərin diqqətini xüsusilə cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər alban monastırı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Baş konsulluq tərəfindən hazırlanan Qarabağa dair kitabça sərgi iştirakçıları arasında paylanılıb.

Kitabçada Qarabağ barədə məlumat verilir, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur. İşğal edilmiş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Qeyd etmək lazımdır ki, Kaliforniyadakı erməni lobbisi müxtəlif vasitələrlə Azərbaycanın sərgidə iştirakına mane olmağa çalışsa da, öz məqsədinə nail ola bilməyib. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 10.