Başdan-başa tamaşa kişi
Sənətcə
də, görkəmcə də görkəmli bir
Obraz - Məmmədrza Şeyxzamanov...
Qırımından nur yağan sənətkar...
O, həyatda da eynən sənətdəki kimi seçilirdi. “Hamı” batallığında aydınca fərqlənirdi. Sənət leksikonumuzdakı “baş rol”, “əsas qəhrəman” kimi terminlərin “tərəf-müqabil”ləriycə götürsək, onu “baş ömür”çülərdən, “ali yaşamçı”lardan da saymaq mümkün...
Onun özünün də iştirakçısı olduğu filmlərdən birindəki (müasirlərçün xeyli ritorik səslənən) xitabla desək, - ekranlarımızı onsuz təsəvvür etmək olarmı?
O, ayrıca bir teatral sir-sifət olduğu kimi, əlahiddəcə bir mental şəxsiyyət idi. Oynadığı hər rolun əsərdəki (teatrdakı, kinodakı) tipi ilə həyatdakı prototipini vəhdətə salırdı. “Əhməd haradadır”dakı Şirin kişinin adını yaddaşlara, dadını damaqlara hopdura bilirdi. “Bəxtiyar”dakı “barışmaz”, tələbkar professorluğu ilə yan-yörəsindəki beş-on “tələbə”dən necə rəsmi-akademik “seminar” götürmələrinə rəğmən ekranın bu tərəfindəki milyonlarla tamaşaçıya çox xəlqi-emosional “mühazirə” oxuya bilirdi. “Tütək səsi”ndə sinəsinə sıxdığı sazı ilə müharibə ağrı-acılarını, oğul itki-həsrətini necə “Ruhani”ləşdirirdisə, biri bədbinlik, digəri nikbinlik saçan gözü ilə küll-tamaşaçını eləcə ürfaniləşdirirdi...
Yuxarıda “ayrıca teatral sir-sifət, əlahiddəcə mental şəxsiyyət” sözlərilə oxunu atdığım fikrimin yayı: axı o, sənət-mədəniyyətcə Nizamili, Məhsətili, qeyrət-şəxsiyyətcə Cavad xanlı bir ünvanda doğulmuş, milli damarı ən çətin siyasi dönəmlərdə belə qırılmayan Gəncədə tərbiyə-təlim görmüş, heç nədə tələsməyən, ifrata varmayan bu şəhərdə məşhurlaşmış, 1954-cü ildə - otuz doqquz yaşında ikən Mədəniyyət Nazirliyinin xüsusi əmri ilə Bakıya gəlib, “qırxında öyrənən” məsəlindəki məlum “perspektiv”i pozaraq, Azərbaycan teatr və kino aləmi qarşısında (o dövrün dəb ifadəsilə desək) daha “geniş üfüqlər” açılmasında bənzərsiz rol oynamışdır.
O illər...
Özündə otuz doqquz bayram ehtiva
edən o illər... Nə qədər
hadisələr, olaylar
olub o illər... Məmmədrza ilə birbaşa bağlı olanından başlayaq:
1915-ci il. Üç ildən sonra bu şəhərdə, bir çox millisoy şəcərələr
kimi, Şeyxzamanovlara da - böyük fəxarət hisslərilə
bahəm, əzab-əziyyətlər
də bəxş edəcək milli Cümhuriyyət də doğulacaqdı. Amma
hələ bundan bir il əvvəl - iki yaşında ikən Məmmədrza atasını
itirəcək, ailənin
bütün yükü
anası Böyükxanımın
çiyinlərinə düşəcəkdi.
Qəddar bolşeviklərə qədər
evdar qadın olan o ana inqilabdan
sonra Gəncədəki
toxuculuq fabrikində işləməyə, evinə
çörəkpulu qazanmağa
başlayır. Cümhuriyyətimiz süquta uğrayandan
sonra müstəqillik
tərəfdarları arasında
aparılan "təmizləmələr"
Şeyxzamanovlar nəslinə
də əl gəzdirir. Məmmədrzanın məmur babası
Nağı Şeyxzamanov
və yaxın qohumları repressiyaya məruz qalır, bu ailənin taleyinə kədərli izlər düşür, hər xırda şeylərə görə
təqiblərə məruz
qalır, olmazın problemlərlə üzləşirlər.
Bu çətinliklər Məmmədrza Şeyxzamanovun
sənət yolunda da keçilməz baryerlər, çəkilməz
sıxıntılar yaradır.
Elə təkcə bunu demək kifayət ki, o, 30-40 yaşlarında haqq edib qazandığı Xalq artisti adına çox sonralar - 1974-cü ildə
layiq görülür.
1929-cu ildə ibtidai
məktəbi bitirən
Məmmədrza orta məktəbə daxil olur, öz istedadı,
tərbiyəsi, savadı,
biliyilə fərqlənir. Aktyorluq sənətinə
hədsiz maraq, sonsuz həvəs “toxumları” da elə məktəb illərində səpilmişdi.
O, orta məktəbdə
oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə C.Cabbarlı adına Gəncə Dövlət
Dram Teatrı rejissorunun
təşəbbüsü ilə teatra dəvət edilən Məmmədrza ilk dəfə
"Hind qızı" tamaşasında
Brahma adlı kiçik
rolda çıxış
edir. Bu, gələcək
aktyorun professional teatr
səhnəsinə atdığı
ilk müvəffəqiyyətli addımı olur, aktyorluq sənətinin gözəl ənənələrini
mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad),
"Yaşar" (İmamyar),
"İki qardaş"
(Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır.
1954-cü ildən Azərbaycan
Dövlət Akademik
Dram Teatrında işə
başlayır. "Göz həkimi"ndə Şahbazov,
"Qış nağılı"nda
Poliksen, "Fərhad
və Şirin"də
Xosrov, "Vaqif"də
Qacar, "Otello"da
Otello, "Aydın"da
Aydın, "Qaçaq
Nəbi"də Qaçaq
Nəbi, "Vaqif"də
Eldar kimi bir-birindən fərqlənən,
psixoloji, dramatik obrazları özünəməxsus
şəkildə yaradır.
Çağdaşları xatırladırlar ki, Məmmədrza Şeyxzamanov
çox cazibədar və nadir aktyor olub. Onun səslər içində
seçilən səs-sədası,
əsl səhnə və kino səsi
vardı. Elə bir
səs ki, kimə məxsus olduğu anındaca bilinirdi. "Mahnı dağlarda qaldı", "İblis",
"Zamanın hökmü"
və digər tamaşalardakı tərəf-müqabilləri
söyləyirlər ki,
Məmmədrza Şeyxzamanov
üçün keçilməz,
aşkarlanmaz obraz yox idi. O, qəhrəman surətlərini
də, komik rolları da eyni məharətlə ifa edir, müxtəlif
xarakterli, müxtəlif
səpkili obrazların
öhdəsindən bacarıqla
gəlirdi. Bütün bunlar onun haqqında “hərtərəflilik”
rəyi yaratmışdı.
Vurğulayırlar ki, o, həyatda
da təkrarolunmaz idi. Xaraktercə mətin, zəngin dünyagörüşünə malik bir şəxsiyyət!
Hər kəs “o çox mərd idi” fikrini xüsusilə qabardır. Heç kimdən qorxmazdı
deyirlər, - ürəyindən
keçən sözü
üzə deyər və heç vaxt kimsənin arxasınca danışmazdı.
Düzlüyü çox sevirdi.
Kimliyindən asılı olmayaraq,
həmişə həqiqətin
tərəfdarı olardı.
Elə üzünə baxanda görünürdü ki,
yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın
adamları, yoldaşları
arasında duzlu-məzəli
zarafatlarından da qalmazdı. Bir sözlə, o, əsl
Azərbaycan kişisinin
tipik nümunəsi idi.
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci
ildə çıxır. "Bəxtiyar" filmində
Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığır açır.
Sonralar "Qızmar günəş altında"da
Alı kişi, "Leyli və Məcnun"da
Dərviş, "Bir
qalanın sirri"ndə
həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə
qubernatoru, "Nəsimi"də
Şeyx Əzəm kimi obrazlar yaradır.
1963-cü
ildə böyük sənətkarımız Adil
İsgəndərov Sabit
Rəhmanın ssenarisi
əsasında quruluş
verdiyi "Əhməd
haradadır" musiqili
komediya filmində Nəcibə Məlikova,
Mustafa Mərdanov, Əliağa
Ağayev, Lütfəli
Abdullayev, Bəşir
Səfəroğlu kimi
tanınmış sənətçilər
sırasında əsas
rollardan birini məhz Məmmədrza Şeyxzamanovun timsalında
görür.
Həmin
filmdə epizodik, sonrakı ekran işlərində isə
bir çox yaddaqalan surətlər yaratmış Əbdül
Mahmudbəyov xatırlayır
ki, əsasən “Əhməd haradadır”dan
görüb tanış
olduğu Məmmədrza
Şeyxzamanovun sənəti
ilə bahəm şəxsiyyəti də
onu heyran etmişdi. O, maraqlı insan, əsl teatr və kino
xadimiydi. Elə yaradıcı sənətkarlardan
idi ki, böyüklüyünə,
peşəkarlığına müqabil heç bir iddiada bulunmazdı.
Çox rahat adam, çox
yaradıcı sənətkar
idi, onunla çalışmaq asandı
və hamıya xoş təsir bağışlayırdı. Yaxınları, dostları, tanışları
arasında belə bir ləqəbi də vardı - "Yaxşı kişi".
...Bu dünyada hamının hörmət və rəğbətinə gələn
bu “Yaxşı kişi” 1984-cü ildə
- 70 yaşında o dünyaya
- Allah rəhmətinə getdi...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 12.