Naxçıvanda
Bəhruz Kəngərlinin xatirəsi anılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində görkəmli realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 122-ci ildönümü münasibətilə tədbir keçirilib.
Naxçıvan MR Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov fırça ustasının yaradıcılığından danışıb. Bildirilib ki, milli təsviri sənətimizin tanınmış simalarından olan Bəhruz Kəngərli 30 illik ömründə zəngin irs yaradıb. Sənətkar Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla bədii sənət xəzinəmizə dəyərli nümunələr bəxş edib.
Bəhruz Kəngərli xalqımızın keçmişini və dövrün ictimai-siyasi hadisələrini inandırıcı boyalarla əks etdirərək tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görüb. Rəssamın “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri yüksək bədii sənətkarlıq nümunələri kimi müəllifin hiss və duyğularını, daxili iztirablarını dolğun əks etdirir.
Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Dövlət Rəsm Qalereyasında, Bəhruz Kəngərli Muzeyində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, rəssamlar Əli Səfərov, Həbibə Allahverdiyeva və başqaları Bəhruz Kəngərli yaradıcılığının özünəməxsus cəhətlərindən danışıb, onun əsərlərinin Azərbaycan rəssamlığında məktəb yaratdığını vurğulayıblar.
Sonda “Sənətin Bəhruz
zirvəsi” adlı sənədli film nümayiş etdirilib, rəssamın
əsərlərindən ibarət sərgiyə baxış olub.
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 12.