“Götür
niqabi üzündən, cahan
münəvvər ola...”
XIX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələri arasında şair, pedaqoq Mirzə İsmayıl Qasirin xüsusi yeri var. Dövrün açıqfikirli ziyalılarından sayılan Qasir klassik və xalq şeiri üslubunda bir-birindən maraqlı əsərlər qələmə alıb. O həm də Lənkəranda ədəbi məclisin təşkilatçısı kimi tanınıb.
Mirzə İsmayıl Səlim oğlu Axundov 1805-ci ildə indiki Ağdaş rayonunun Ləki kəndində ruhani-ziyalı ailədə dünyaya göz açıb. İbtidai təhsilini molla məktəbində alır. Sonra Ləki mədrəsəsində təhsilini davam etdirir. 12-13 yaşlarında Cənubi Azərbaycanın Əhər qəsəbəsində yaşayan bacısının yanına gedir. Oradan Təbrizə səfər edir, şəhərdəki elm ocaqlarında ərəb və fars dillərini öyrənir, ədəbiyyat və fəlsəfəni mənimsəyir. Ədəbi fəaliyyətə başlaması da bu dövrə təsadüf edir. Eyni zamanda rus dili və ədəbiyyatını da öyrənməyə böyük səy göstərir. 1840-cı ildə Qaradonlu (indiki İmişli rayonu) sərhəd-gömrük idarəsində tərcüməçi vəzifəsinə işə düzəlir.
1850-ci illərdə dövrün qabaqcıl maarifpərvər ziyalılarından Mirzə Sadıq bəy Mehmandarov (Lənkəran qəzasının məhkəmə katibi) Şuşadan Lənkərana gedərkən Qaradonlu gömrükxanasında Qasirlə görüşür, onu Lənkərana dəvət edir. Qasir dəvəti qəbul edir və Sadıq bəyin mülkündə yeni açılan “Üsuli-cədid” məktəbində müəllimliyə başlayır. Ömrünü xalqın maariflənməsinə sərf edir, ədəbi fəaliyyətini də davam etdirir. Bir müddət sonra Lənkəranda “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlı ədəbi məclis açır.
Ədəbi məclisdə dövrün bir çox istedadlı qələm sahibləri iştirak edirdi. Onlardan Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqalarının adını çəkmək olar. Məclisdə Mirzə İsmayıl Qasirin başçılığı ilə əsasən klassik ədəbi nümunələr mütaliə olunur, görkəmli sənətkarlara nəzirələr yazılır və ədəbi-fəlsəfi mübahisələr aparılırdı.
Araşdırmalardan məlum olur ki, Qasir Azərbaycan, fars, cığatay və talış dillərində maraqlı əsərlər yazıb. Müasirlərindən Seyid Əzim Şirvani, Məhəmmədəli Məcruhi Muğani, Məhəmməd Tağı Sidqi, Əbdülxalıq Cənnəti və digər şairlərlə yazışıb, dostluq münasibətləri qurub. S.Ə.Şirvani onun şeirlərini “Gülüstanda xoş ətirli gülə”, “Cənnət bağında xoş avazlı bülbülə” bənzədib, ona öz hörmət və ehtiramını aşağıdakı misralarda belə ifadə edib:
Sən mənim
köhnə rəfiqimsən əya, İsmail,
Seyyidin canı gərəkdir sənə
qurban, Qasir.
Görkəmli ədəbiyyatşünas, pedaqoq
Firidun bəy Köçərli də Qasirlə görüşüb
və yazacağı əsərində onun haqqında məlumat vermək məqsədilə
şeirlərindən nümunələr
götürüb.
Tanınmış tədqiqatçı Salman
Mümtaz 1927-ci ildə
çap etdirdiyi “El şairləri” kitabında
şairin yeddi şeirini verib. Daha sonralar
onun bioqrafiyası və yaradıcılığından
bəhs edən bir sıra məqalələr
dərc etdirib.
Mirzə İsmayıl Qasir həyata nikbin əhval-ruhiyyə, açıqgözlə
baxdığı kimi,
şagirdlərini də
bu ruhda tərbiyə edib, onları hər cür dini uydurmalardan
və xurafatdan uzaqlaşmağa çağırıb. Şeirlərində dövrünün ictimai hadisələrini ustalıqla
qələmə alıb.
Müəllifin “Məhəmmədəli bəy Məcruhi Muğaniyə”, “Hüseyn
Yüzbaşıya” adlı
şeirlərindən və
“Balaxanım” rədifli
qoşmasından məlum
olur ki, o, şifahi xalq poeziyasına dərindən
bələd olub.
Qələmə aldığı
qəzəllərində isə
Məhəmməd Füzuli,
Hafiz Şirazi, Abbasqulu
ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim
Şirvaninin ənənələrini
davam etdirib, klassiklərin adlarını
hörmətlə yad
edib:
Əgər zəmanədə min mahrux dilbər ola,
O kimdi hüsndə, ey məh, sənə bərabər ola?
Tutubdu zülfi-siyahın tək
aləmi zülmət,
Götür niqabi üzündən,
cahan münəvvər
ola.
Ölüncə söyləyəcəkdir camalının vəsfin,
Füzuli, Hafizi Şirazi,
ya ki Qasir
ola.
Qasirin bir çox qəzəllərində dövrdən
və zəmanədən
acı şikayət və giley-güzar da yer alıb:
Cahan mülkünü qismət
eylədim zahidlə, ey yaran,
Ona məscid, mənə
meyxanələr küncü
rəsəd düşdü.
Piyalə gözlüdən əl
çəkdi, Qasir, heyf, səd əfsus,
Nəyi pəylən dəyişdi
gör, bu işdə nabələd düşdü.
Şair
“Pul”, “Qara pul”, “Əsginaz”, “Ya Rəb, nə
şurdur ki, tutubdur cahanı pul”, “Yaran, tutub
afaqı hamı qəm bahalıqdan”, “Ərə verdi”, “Sən öləsən” kimi satirik şeirlərində
cəmiyyətdə gedən
proseslərə kəskin
münasibətini bildirir.
Qadın hüquqsuzluğuna
qarşı etiraz səsini ucaldan müəllif “Ərə verdi” satirasında
yazır:
Hacı filani öz qızını şövhərə
verdi,
Yəni ki, bizim türki dilicə ərə verdi.
Yaxşı-yamanın eyləməyib heç
təfəhhüs,
Əlhəqq o biçarəni simu-zarə
verdi.
Özündən sonra zəngin bədii irs
qoyan Mirzə İsmayıl Qasir
1900-cü ildə Lənkəranda
vəfat edib, Sütəmürdov qəbiristanlığında
dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 15.