İki ölkə arasında yeni sazişlər imzalanacaq
Yanvarın 28-də Bakıda Azərbaycan Respublikası və Macarıstan Respublikası hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın dördüncü iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ötən dövrdə görülən işlər haqqında məlumat verib. Qeyd edilib ki, bu müddətdə Azərbaycanın Şuşa və Macarıstanın Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamə, Naxçıvan və Budapeştin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair saziş, hava nəqliyyatı və su təsərrüfatı sahəsində müvafiq sənədlər imzalanıb. Müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Turizm, rabitə və informasiya texnologiyaları, təhsil və s. üzrə sahələrarası sənədlər imzalanmağa hazırdır, nəqliyyat, elm və innovasiya, səhiyyə, gənclər və idman sahəsində bir sıra ikitərəfli sənədlər isə müzakirə mərhələsindədir. 2013-cü ildə ticarət dövriyyəsi 40 faizə yaxın artıb.
Nazir iki ölkənin şirkətlərini sənaye, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə dəvət edib.
Bakıda iki ölkə iş adamlarının iştirakı ilə biznes forum da
keçirilib. Tədbirdə ikitərəfli
turizm əlaqələrindən də söz açılıb. Macarıstanın xarici iqtisadi əlaqələr
üzrə dövlət katibi Peter Siyarto jurnalistlərə
açıqlamasında bildirib ki, macar tərəfi Azərbaycan
vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirməyə
hazırlaşır. Tezliklə bu işləri
təkcə səfirlik deyil, şirkətlər
də həyata keçirəcəklər. Onun
sözlərinə görə, hazırda iki
ölkə arasında birbaşa aviareyslərin
sayının artırılması, o
cümlədən, vizanın alınması prosedurunun
sadələşdirilməsi istiqamətində tərəflər
arasında danışıqlar aparılır.
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 3.