Real məkan. Konseptual məkan”

 

Ötən əsrin 90-cı illərinin alman fotoqrafiya sənəti nümunələri Bakıda nümayiş olunur

 

Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Real məkan. Konseptual məkan” - alman fotoqrafiyası 90-cı illərdə” adlı fotosərgi açılıb.

Mərasimdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılışda çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin gənc azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan verəcəyini söyləyib.

Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya məlumat verib ki, sərgidə 90-cı illərin alman fotoqrafiyasının ən yaxşı nümunələri nümayiş etdirilir. Ekspozisiyada üç foto ustasının müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşib. Bunu Haydi Şpekerin “çəkilmiş” mücərrəd memarlıq şəkillərində, Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, eləcə də Tomas Demandın şəkillərində görmək olar. Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel belə tədbirlərin ölkələrimiz arasında mövcud mədəni əlaqələrə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Bakıda ilk dəfə olduğunu deyən Haydi Şpeker sərgidə 30-dək müxtəlif fotoşəkilin təqdim edildiyini diqqətə çatdırıb. Qeyd edək ki, almaniyalı fotoqraf “YARAT” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında gənc fotoqraflar üçün seminar keçib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. “Real məkan. Konseptual məkan” sərgisi 1998-ci ildən etibarən dünyanın 50-dək ölkəsində nümayiş etdirilib. Bakıdakı sərgi fevralın 28-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 5.