“Plaş”a bürünən faciə
Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı, nisgilli məhəbbətlərin, iztirablı hisslərin ən gözəl musiqi müəllifi Cakomo Puççininin “İl Tabarro” (“Plaş”) operasının premyerası oldu. Tamaşaya Almaniyanın tanınmış incəsənət xadimi, uzun illər Münhen Opera və Balet Teatrının solisti və rejissoru olmuş, Bavariya opera sənəti festivalının rəhbəri Lüdviq Bauman quruluş verib.
Xatırladaq ki, Puççininin bu əsərinin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda, “Metropoliten Opera”nın səhnəsində baş tutub. O vaxtdan dünyanın qabaqcıl opera teatrlarının repertuarında yer alan “İl Tabarro” tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənən əsərin Akademik Opera və Balet Teatrında tamaşaya qoyulması sənət ocağının repertuar zənginliyinə önəm verməsi ilə yanaşı, mədəni əlaqələrin qurulmasına da bir töhfədir. “Plaş” daha çox realist opera meyarlarına əsaslanır. Paris həyatının dərinliklərini, ehtiras və cinayəti, sevgi və nifrəti, olum və ölümü bütün çılpaqlığı musiqi və hərəkətin sintezində nümayiş etdirən tamaşa seyrçiləri tamaşa boyu həyəcan içində saxlayır.
Səhnə əsərini baxımlı edən daha bir məqam süjetin əsasını təşkil edən klassik sevgi üçbucağıdır: aldadılmış, yanılmış miskin və bədbəxt ər Mikel (Anton Ferştandt), onun sevimli arvadı, yelbeyin gənc gözəlçə Jorjetta (Afaq Abbasova) və məşuq, gənc liman fəhləsi Luidji (Fərid Əliyev). Bir də cansız əşya olmasına rəğmən bu faciənin iştirakçısı olan Mikelin soyuq axşamlarda sevimli arvadını qoruduğu, bəzən qəm-kədərini, bəzən də sevincini hiss etdirdiyi plaş. Amma bu dəfə başqa hal baş verdi, müdhiş cinayət plaşın altında “gizləndi”.
Rejissor L.Bauman avropalı həmkarlarından fərqli olaraq, səhnə baxımından ənənəvi "boz" traktovkadan imtina etmiş və əsərin şərhində nisbətən asan, məişətimizə yaxın elementlərə üstünlük vermişdi. Səhnəni bəzəyən çoxlu güllər, məişət əşyaları bizə barjın (su üzərində ev) əsas qəhrəmanların yaşam yeri olduğunu göstərir.
Quruluşun özünəməxsusluğu artıq operanın proloqunda diqqət çəkir. Sena çayının sahilində məkan quran xoşbəxt ailə - barj kapitanı ata, gənc və gözəl ana, onların qayğısız övladları həzin musiqini xatırladan romantik Paris küçəsində ailə albomları üçün şəkil çəkdirirlər. Lakin birdən hər şey alt-üst olur, uşaq qəfildən ölür. Bununla da ər və arvad arasındakı soyuqluq, əslində, gizlin gedən proses bir anda özünün kulminasiya nöqtəsinə çatır və nəticədə içindən çürüyən ağac yıxılır, ailə sarsılır. Övladının itkisi ilə barışmayan, bunda ərini günahlandıran qadın ovunmaq, unutmaq üçün çıxış yolunu gənc və güclü sevgilidə tapır, tüfeyli şəhər sakinlərinə qoşulub gününü əyləncədə, içki məclislərində keçirir. Artıq o, liman fəhləsini böyük ehtirasla sevir.
Tamaşanın uğurunda aparıcı partiyaların ifaçıları Anton Ferştandt, Afaq Abbasova və Fərid Əliyevin əməyi çox böyükdür. Gənc və istedadlı aktyorların oyun üslubu və vokal imkanları vəhdət təşkil edərək əsərin təsir gücünü daha da artırır.
Anton Ferştandtın sevən, sadiq qalan və həm də əziyyət çəkən ər obrazı arvadının sevgisini qazanmaq istəyən və onu saxlamağa çalışan kişinin əzablarını göstərə bilir. Ölmüş qızının gəlinciyini əlləri arasında sıxaraq titrəyən Mikel bununla da arvadında mərhəmət, sevgi hisslərini qaytarmaq, keçmiş gözəl günləri xatırlatmaq istəyir. Amma bu son çırpıntılar nəticə vermir. Qısqanclıq və hiddət onu arvadının gənc sevgilisi Luidjinin qatilinə çevirir. Beləcə, onu bürüyən plaş bu dəfə liman fəhləsinin cansız bədənini “qucaqlayır”.
Afaq Abbasova gözəlliyi, qəmgin səsi barj həyatından bezmiş gənc qadının hisslərini mükəmməl ifadə edirdi. Qəhrəmanının ərinə nifrət və etinasızlığını, yeni sevgilisinə hiss etdiyi ehtirasını, sərxoş hərəkətləri və axmaq vərdişlərini iztirab çəkən ananın, qadının simasında çox inandırıcı oynayırdı. Fərid Əliyev isə səs imkanları və plastikası ilə qəhrəmanının hiss və həyəcanlarını ustalıqla ifadə edirdi.
İnsanların hiss və həyəcanlarına tərcümanlıq edən musiqiyə gəlincə isə, o, teatrın orkestrinin ifasında ecaz yaradırdı. Bu uğurda dirijor Korneliya fon Kerssenbrofkun əməyi danılmazdır.
Tamaşada rol alan digər solistlərin - əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, gənc vokalçılar Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynovun da çıxışı maraqlı idi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 6.