Açıq səma altında plener

 

“Gəncliyin səsi” festivalının ilk tədbiri keçirildi

 

Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” incəsənət festivalının açılış tədbiri keçirildi. Festival 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilib.

Arts Council Azerbaijan” təşkilatının həyətində gerçəkləşən “Açıq səma altında plener”də 20-dək gənc rəssamın əl işlərindən ibarət əsərlər nümayiş olunurdu. Rəngarəng mövzuları əhatə edən bir-birindən mənalı rəsm əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdu.

Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov bildirdi ki, tədbirin məqsədi gənc və nisbətən yaşlı nəslin rəssamlarını bir araya gətirmək, təsviri sənət ustalarının öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.

Qeyd olundu ki, artıq dördüncü dəfə keçirilən “Açıq səma altında plener”də rəssamlar portret, panorama, natürmort və digər janrlarda rəsm əsərləri çəkiblər. Bu rəsmlərin 2 fevral - Gənclər Günündə İçərişəhərdə - açıq səma altında yerləşən “Kvartal” qalereyasında nümayiş olunması nəzərdə tutulub.

Tədbirdə “Arts Council Azerbaijan”ın təsis etdiyiArt” qəzetinin də təqdimatı keçirildi. Bildirildi ki, qəzetdə incəsənət aləmində baş verən yeniliklərlə yanaşı, müxtəlif əl işləri və rəsm əsərləri ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, fevralın 7-dək davam edəcək “Gəncliyin səsi” festivalı çərçivəsində sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi, muğamklassik musiqilərdən ibarət konsertlərin təşkili nəzərdə tutulub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 8.