“Skal
Bakı”nın fəaliyyətində
yeni mərhələ başlanır
Cəfər Cəfərov:
“Fəaliyyətimiz hər zaman Azərbaycan turizminin
inkişafına və təbliğinə yönələcək”
Yanvarın 24-də “Jumeirah Bilgah Beach Hotel”də “Skal Bakı” təşkilatının (Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyası – “Skal İnternational”ın Bakı klubu) 15-ci toplantısı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi nümayəndələrinin və ölkənin turizm təmsilçilərinin iştirak etdiyi toplantıda «Skal Bakı»nın yeni seçilmiş prezidenti - Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun fəaliyyətə başlaması ilə bağlı mərasim (andiçmə) keçirildi.
Tədbirdə çıxış edən qurumun keçmiş prezidenti Ruslan Quliyev ötən 4 ildə göstərilən fəaliyyət, həyata keçirilən layihələr, nailiyyətlər barədə danışdı. Qeyd olundu ki, «Skal Bakı» MDB məkanında və Qafqazda bu qəbildən hələlik yeganə təşkilatdır. Təşkilatı yaratmaqda əsas məqsəd Azərbaycanı yeni turizm mərkəzi kimi dünyaya tanıtmaqdır: «İndiyə qədər bu istiqamətdə müəyyən nəticələr də əldə etmişik. Müxtəlif ölkələrin oxşar qurumları ilə əlaqələrimiz var, onların təcrübələrini ölkəmizdə tətbiq etməyə çalışmışıq. «Skal Bakı» bir neçə şəhərin klubları ilə “qardaş klublar” elan edilib».
Ruslan Quliyev «Skal Bakı»nın həyatında yeni bir səhifə açıldığını diqqətə çatdırdı: “Qurumun yeni prezidenti Cəfər Cəfərov ölkənin turizm sektoru üçün kadr hazırlayan ali məktəbin rəhbəridir. Geniş əlaqələri, bu sahədə təcrübəsi olan insandır. İnanıram ki, «Skal Bakı» bundan sonra fəaliyyətini daha aktiv şəkildə davam etdirəcək və Azərbaycanın dünyada tanıdılmasında öz missiyasını genişləndirəcək».
«Skal Bakı»nın yeni prezidenti Cəfər Cəfərov çıxışında bildirdi ki, 1934-cü ildə yaradılan «Skal İnternational»ın əsas məqsədi dünyada turizm sahəsində dostluq atmosferini yaratmaq və qoruyub saxlamaqdan ibarətdir: «O vaxtdan təşkilat genişlənib, hazırda 18 min üzvü var. Dünyanın bir çox ölkələrində turizm sektorunun peşəkarlarını birləşdirən skal klubları fəaliyyət göstərir. Turizm sektorunda peşəkarlığın artırılması üçün «Skal İnternational» bir sıra ölkələrdə seminar və konfranslar təşkil edir, yerli klubların fəaliyyətinə kömək göstərir».
Cəfər Cəfərov bildirdi ki, “Skal”ın Bakı klubu MDB məkanında ilk açılan nümayəndəlikdir: «Ötən müddətdə kluba rəhbərlik etmiş Ruslan Quliyev və onun komandası qurumun təşəkkül tapması üçün çox çalışıb. Turizm sektoru peşəkarlarının və qeyri-peşəkarların, ali təhsil müəssisələri və media nümayəndələrinin bir araya gəlməsi üçün böyük iş aparılıb. “Skal”ın Bakı nümayəndəliyi öz həmfikirlərinin dairəsini genişləndirməyi bacarıb. Burada dövlət və özəl sektorlar arasında əməkdaşlığın rolunu xüsusi vurğulamaq istərdim».
«Skal Bakı»nın yeni prezidenti qurumun gələcək fəaliyyəti barədə də danışdı: “Turizm İnstitutu olaraq qarşımızda duran əsas məqsəd - turizm sektoru üçün peşəkar kadrların yetişdirilməsi «Skal Bakı»nın məqsədləri ilə üst-üstə düşür. «Skalın Bakı» artıq bizim institutla fəal əməkdaşlıq edir. Bakıda və bölgələrimizdə turizmin inkişafı, daxili turizmin perspektivləri, yeni marşrutların açılması, əhalinin bu istiqamətdə maarifləndirilməsi əsas məqsədlərimizdəndir. «Skal İnternational»ın beynəlxalq fəaliyyəti ilə yaxından tanış olanda, təşkilatın Filippində təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərməsi məni çox təsirləndirdi. Hesab edirəm ki, Bakı klubu da bu cür fəaliyyətlə ölkəmizin sosial baxımdan həssas təbəqələrinə kömək edə bilər».
Cəfər Cəfərov qeyd etdi ki, qurum «Skal İnternational»la sıx əməkdaşlığı davam etdirəcək, seminarların, forumların keçirilməsi davamlı olacaq.
«Skal Bakı»nın idarə heyətinin üzvü Rəhim Hüseynov və qurumun vitse-prezidenti Ceyhun Aşurov çıxışlarında yeni prezidentə uğurlar arzuladılar və təşkilatın bundan sonra öz fəaliyyətində daha geniş istiqamətləri birləşdirəcəyini söylədilər.
Tədbirin qonağı, «Skal Vyana» klubunun prezidenti Mario Requlka «Skal Bakı»nın çox aktiv fəaliyyət göstərdiyini, az müddətdə bir çox uğurlara imza atdığını söylədi. O, Cəfər Cəfərova gələcək işində uğurlar arzuladı və hər zaman «Skal Bakı»ya fəaliyyətində kömək göstərəcəklərini dedi.
«Jumeirah Bilgah Beach Hotel»in meneceri Daniel Kemf «Skal Bakı»ya yeni üzv olduqlarını, qurumun fəaliyyətində aktiv iştirak edəcəklərini diqqətə çatdırdı.
Sonra Cəfər Cəfərov qurumun işinə daim dəstək göstərən Mədəniyyət və Turizm Nazirliyinə «Skal Bakı» adından təşəkkürnamə təqdim etdi. Təşəkkürnamə nazirliyin Turizm şöbəsi müdirinin müavini Rauf Paşayevə təqdim olundu.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 9.