Bu il çoxlu mədəniyyət tədbirlərimiz olacaq

 

“Türkiyəni burada tanıtmaqla yanaşı, imkan daxilində Azərbaycanı da Türkiyədə tanıdır, təbliğ edirik

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər il müxtəlif layihələr, tədbirlər həyata keçirir. Görkəmli şəxsiyyətlərimizin yubileyləri, iki ölkə arasında “qardaşlaşmış şəhərlər”in sırasının genişləndirilməsi, irs və ənənələrin qarşılıqlı şəkildə təbliği, turizmlə bağlı layihələr bu əlaqələrə yeni rənglər qatır. Ötən il də bu baxımdan zəngin oldu. Səfirliyin mədəniyyət və tanıtım müşaviri Seyit Əhməd Arslan ilə söhbətimiz bu mövzuda, eləcə də yeni layihə və təşəbbüslər barədə oldu.

- Mədəniyyət və tanıtım müşavirliyi olaraq Azərbaycanda bir sıra layihələr həyata keçirirsiniz. 2014-cü ildə hansı yeniliklər gözlənilir?

- Əvvəlcə onu deyim ki, Türkiyə ilə Azərbaycanın bir-birinə o qədər sıx bağlılığı, ayrılmaz tərəfləri var ki, bütün bunlar bizi xüsusilə mədəniyyət sahəsində çoxşaxəli əlaqələr qurmağa sövq edir. Əslində, bu hər birimizin içində olan hiss və duyğulardır. Bu baxımdan 2014-cü il üçün də zəngin planımız var. Hazırda Türkiyənin turizmi ilə bağlı reklamlar hazırlamaqla məşğuluq. Azərbaycan vətəndaşlarının Türkiyənin daha hansı görməli-gəzməli yerlərinə diqqətini çəkə bilərik, bunu götür-qoy edirik. Bu reklamların reallaşdırılması mart ayının ortalarından başlayacaq. Eyni zamandaTürk filmləri həftəsi” keçirməyi planlaşdırmışıq.

Bundan başqa, “Afyon mədəniyyət günləri” adı altında tədbir keçiriləcək. Afyon Türkiyədə termal suların “paytaxtı” hesab olunur, turizmin bu sahəsi üzrə ən öndə gedən şəhərimizdir. Afyonda beşulduzlu hotellər var, buraya dünyanın hər yerindən turistlər gəlir. Avropadan bir çox yaşlı, xəstə insanlar müalicəvi istisudan şəfa tapırlar. Təəssüf ki, Afyonun termal suları Azərbaycanda o qədər də tanınmır. Odur ki, bu imkanları Azərbaycanda geniş tanıtmaq qərarına gəlmişik. Şəhərin mətbəx mədəniyyəti də zəngin və gözəldir. Afyon lokumu, qaymağı, ət məhsulları çox məşhurdur. Afyonun tanınmış universiteti, konservatoriyası da var. Yəni qədim şəhərin mədəniyyətini, mətbəxini, termal imkanlarını birləşdirməklə azərbaycanlılara göstərmək istəyirik və təqdimatı fevral ayında etməyi planlaşdırırıq.

Ənənəvi olaraq İçərişəhərdə baş tutan Novruz şənliyinə bu il də qoşulmağı planlaşdırırıq. Türkiyədən Azərbaycana bir mədəniyyət qrupu gətirmək niyyətindəyik.

Bildiyiniz kimi, hər il aprel ayında Bakıda beynəlxalq turizm sərgisi keçirilir. Budəfəki sərgidə də aktiv şəkildə iştirak edəcəyik. Sərgi boyu sürprizlərimiz də olacaq. Məsələn, ötən il bu sərgiyə Manisa şənliklərini gətirmişdik, çoxlu təqdimatlarımız oldu, sərgidə “Ən aktiv stend” adını aldıq. Budəfəki sərgi də mədəni detalları daha çox önə çıxarmaq niyyətindəyik.

Bu il Masallıda beynəlxalq folklor festivalına, Şəkidə “İpək Yolumusiqi festivalına qatılacağıq. Türkiyə və Azərbaycan sənətçilərini bir araya gətirməklə açıq hava konsertləri keçirməyi planlaşdırmışıq. Elm sahəsində də simpoziumlar keçirəcəyik. Böyük şairimiz Mehmet Akif Ərsoyla bağlı layihəmiz də olacaq. Bir sözlə, ədəbiyyat, mədəniyyət, musiqi, turizm sahələrində də qarşılıqlı əməkdaşlığın gerçəkləşdirilməsi niyyətindəyik və bu istiqamətdə əlimizdən gələni edəcəyik.

- Mədəni əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır, bu istiqamətdə də çoxlu layihələriniz var. Maraqlıdır, Azərbaycan mədəniyyəti Türkiyədə necə təqdim olunur?

- Təbii ki, Türkiyəni Azərbaycanda müxtəlif vasitələrlə tanıdırıq. Bunlardan birimedia nümayəndələrinin Türkiyəyə səfərlərinin təşkilidir. Məsələn, ötən il Bayburtda düzənlədiyimiz Dədə Qorqud şənliklərinə 25 mətbuat nümayəndəsi göndərdik. Bildiyiniz kimi, Konya Mövlanə Cəlaləddin Ruminin yurdu hesab olunur. Azərbaycan mətbuat nümayəndələrini oraya da göndərdik. Biz gördük ki, qardaş ölkədə Konyaya maraq olduqca böyükdüro üzdən Şəbu-Əruz törənini Bakıya gətirib nümayiş etdirdik. Bakının rus və erməni işğalından qurtuluşunun 95 illiyi münasibətilə mətbuat nümayəndələri arasında müsabiqə keçirdik. Qalib gələnlər Kapadokyaya səyahət etdilər. Ümumilikdə, ötən il ərzində 100-dək mətbuat nümayəndəsini Bursa, İstanbul, Ədirnə də daxil olmaqla Türkiyənin şəhərlərinə göndərmişik. Onlar öz gördüklərini mediada işıqlandırır ki, bu da Türkiyənin tarixinin, mədəniyyətinin, turizm imkanlarının tanıdılması deməkdir. Azərbaycanda Türkiyə ilə bağlı keçirilən mədəniyyət tədbirlərinin böyük hissəsi bizim müşavirliyinin dəstəyi ilə baş tutur. Təbii ki, Türkiyəni burada tanıtmaqla yanaşı, imkan daxilində Azərbaycanı da Türkiyədə tanıdır, təbliğ edirik. Şəxsən mən Azərbaycanla bağlı bir xidmətim olursa, bundan böyük zövq alıram. Bu ölkə mənə o qədər doğmalaşıb ki, məsələn, Əskişəhərdə keçirilən bir sıra tədbirlərdə, o cümlədən “Gənc yetənəklər” festivalında iştirak etmək üçün sənətçiləri mən özüm seçdim. Azərbaycanın bölgələri ilə də gözəl münasibətlərimiz var. Məsələn, bir sıra rayonların kitabxanalarına kitablar bağışlayırıq. Bu yaxınlarda bu məqsədlə Yevlaxda olduq. Eyni zamanda “qardaşlaşmış şəhərlər” layihəsini davam etdiririk. İndi Qəbələ ilə Rizəni qardaşlaşdırmaq istəyirik. Biz bu layihələri həyata keçirərkən gözəl nəticələr əldə etməyi düşünürük.

- Bu il media təmsilçilərinin Türkiyəyə səfərləri planlaşdırılırmı və hansı şəhərləri tanıtmaq niyyətindəsiniz?

- Builki səfərlər İstanbul, İzmirKapadokyaya olacaq. Bəzən şəhərlərin tələblərinə də diqqət yetirmək lazımdır. Həyata keçirmək istədiyimiz işlərdən biri Şanlıurfanı burada tanıtmaqdır. Cənub-şərqi Anadoluda yerləşən bu məkan “Peyğəmbərlər şəhəri” adlanır, Eyyub peyğəmbərin, İbrahim peyğəmbərin vətəni hesab olunur. Şanlıurfa həm də qonaqpərvərliyin ən yüksək səviyyədə olduğu məkanlardan biridir. Orda “Sıra gecələri” adlı maraqlı mədəniyyət tədbiri keçirilir. Bu tədbiri Bakıda düzənləməyi çox istərdik. Şanlıurfanın axşamları xüsusilə gözəldir. Bu məkan dini turizm baxımından dünyada öndə gedən şəhərlərdəndir. Onun yaxınlığındakı Mardin, Diyarbəkir də tarixi və mədəni baxımdan əhəmiyyətli yerlərdir. Bu yerlər antik mədəniyyətə malik olması baxımından da dünyanın diqqətini çəkir, qədim mədəni irs olduğu kimi qorunub-saxlanılır. Mardin, Midyat, Şanlıurfa kino sektorunun da xüsusi maraq dairəsindədir, bir çox türk filmlərini, serialları burada çəkirlər. Azərbaycanlı dostlarımızı Türkiyənin bütün bu fərqli mədəniyyət nümunələri, müxtəlif bölgələrimizdəki zəngin mədəni irslə tanış etmək istərdik.

- Dekabr ayında UNESCO Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyasında türk qəhvə mədəniyyəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısı”na daxil edildi. Bu irs nümunəsinin Türkiyədə qorunması necə həyata keçirilir?

- Türk qəhvə mədəniyyətinin UNESCO-nun siyahısına salınması çox əlamətdar hadisə idi. Dekabrın 6-da Bakıda bununla bağlı keçirilən ziyafətdə Türkiyə Qəhvəçilər Dərnəyi də iştirak edirdi. Ölkəmizdə qəhvə mədəniyyətini yaşatmaq üçün belə bir qurum yaradılıb. Qəhvə ənənəsinin yaşadılmasında, UNESCO-nun irs siyahısına daxil edilməsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin çox böyük əməyi var. Dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün nazirlikdə mədəni irslə bağlı qurum fəaliyyət göstərir. Qəhvə mədəniyyətimiz UNESCO-nun siyahısına daxil ediləndən sonra onlar belə söylədilər: bu irsi yaşatmaq üçün məsuliyyətimiz daha da artdı. Türkiyədə insanlar arasında münasibətlərdə bir fincan qəhvənin 40 il xətri var. Həmin tədbirdə bütün UNESCO təmsilçilərinə qəhvə ilə bağlı kitablar hədiyyə etdik. Yeri gəlmişkən, həmin gecənin təşkilində bizə göstərilən köməyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 10.