“Qismətim
qasimi-ğəm, yoxsa ki
hicran eləmiş...”
“Fəqir” təxəllüslü
şairin acı həyatı
Hacıağa Fəqir Ordubadinin babası şair Mirzə Hatəm xeyli vaxt Səfəvi hökmdarı Şah Abbasın sarayında çalışıb. Elmi və insani keyfiyyətləri sayəsində yüksək məqamlara çatıb. Dünyasını dəyişdikdən sonra oğlu Məhəmməd Cənubi Azərbaycanın Dizmar mahalına köçür, Üştibin kəndində ailə qurur. Bir müddət bu kənddə yaşayır. Ancaq Həsənabad xanlarının Üştibin kəndinə tez-tez basqınları səbəbindən Ordubad şəhərinə köçür. Ədəbi yaradıcılıqla məşğul olur, “Fəqir” təxəllüsü ilə şeirlər yazır.
Hacıağa Məhəmməd oğlu Ordubadi 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik çağları atasının baqqal dükanında keçir. Atası ticarət məqsədilə tez-tez Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedir. Bəzən kömək üçün oğlu Hacıağanı da özü ilə aparır. Bu səfərlər zamanı gəzdiyi yerlər və şahidi olduğu hadisələr Hacıağanın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli araşdırmalarında qeyd edir ki, Hacıağa Ordubadi ilk təhsilini Şirazda alıb. Ərəb və fars dillərini mükəmməl öyrənib, klassik Şərq şairlərinin əsərlərini mütaliə edib. Sədi, Hafiz, Xəyyam, Nizami və Füzuli kimi sənətkarların şeirlərinə nəzirə və bənzətmələr yazıb. Sonralar atasının vaxtilə işlətdiyi “Fəqir” təxəllüsünü götürür.
Şairin qəzəllərində aşiqin vüsal yolunda min bir məşəqqətə düçar olması, buna baxmayaraq, saf məhəbbətindən dönməməsi yüksək poetik dillə tərənnüm olunur. O, “Eləmiş” rədifli qəzəlində aşiqin nisgilinin səbəbini tale yazısında axtarır:
Can verib yarə könül, görmədi bir ruyi-vüsal,
Qismətim qasimi-ğəm, yoxsa
ki hicran eləmiş...
Fəqir Ordubadi “Əncüməni-şüəra”
ədəbi məclisinə
cəlb edildikdən sonra yaradıcılığında
dönüş mərhələsi
başlayır. Getdikcə realist ruhlu şeirlərə
üstünlük verir.
Tənqidi şeirlərinə görə şəriət
adamlarının, varlı
şəxslərin qəzəbinə
tuş gəlir, ona qarşı hücumlar başlayır.
Şair təqiblər və maddi sıxıntılar üzündən Vətəni
tərk edərək bir müddət Türküstan və İranda yaşamaq məcburiyyətində qalır.
Həmin
illərdə “Əncüməni-şüəra”nın üzvlərindən
olan görkəmli maarifçi, şair Məhəmməd Tağı
Sidqi də Ordubadı tərk edir. İki güclü ədibin
yoxluğu nəticəsində
ədəbi məclis
zəifləyir. Bu məqamda Sidqi ilə görüşən
Fəqir onun təkidi ilə yenidən Ordubada qayıdır. Məclisə başçılıq etməklə
bərabər, maarifçilik
fəaliyyətini də
davam etdirir. Ordubadda yeni üsullu xüsusi məktəb açır. Burada dini
elmlərlə yanaşı,
dünyəvi elmlər
də tədris olunur. Çətin güzəranı olur, açdığı
məktəbin cüzi
gəliri hesabına dolanır. Amma ətrafdakı mövhumatçı
qüvvələr onu
rahat buraxmır.
Şairin əleyhdarlarının hiyləsi ilə Culfanın Yaycı kəndindən Molla Kazım adlı bir şəxs Ordubada gələrək orada məktəb açır və dini elmləri tədris etməyə başlayır. Dindarların təkidi ilə valideynlər uşaqlarını
Fəqirin məktəbindən
çıxarıb Molla
Kazımın dini məktəbinə aparırlar.
Fəqir
məktəbi bağlamalı
olur. Güzəranının
xeyli ağırlaşmasına
bais olan Molla Kazım şairin satirik qələminə tuş gəlir:
Yaycıdan mədrəsəyə bir taza zurnaçı
gəlib,
Yelləyibdir tuluğun, zurna
çalan xaçı
gəlib.
Bir müddət
sonra şairin gözləri tutulur. Dünya işığına
həsrət qalsa da, ədəbi məclisdə yaxından iştirak edir. Məhəmməd Tağı
Sidqi, Hüseyn Nadim Naxçıvani və Molla Hüseyn
Bikəs kimi şair dostları onun şeirlərini qələmə alırlar.
Yalançı din xadimləri yenə
şairi rahat buraxmırlar, hər addımbaşı nüfuzdan
salmağa çalışırlar.
Onların məkrli planları
nəticəsində şairin
atası və əmisi həbs olunur. Bu haqsızlıq
Fəqirə çox
ağır gəlir.
Səlahiyyətli şəxslərə şikayət etsə də, nəticəsi olmur. Sonda şair Kalbalı
xan Naxçıvanskiyə
mənzum məktubla müraciət edir və ondan kömək
istəyir. Onun işə
qarışması nəticəsində
şairin atası və əmisi həbsdən azad olunur. Lakin aradan bir müddət keçdikdən
sonra bu dəfə də Fəqirin qardaşı həbs edilir. Şair bir daha Kalbalı
xana, sonra İsmayıl xan Naxçıvanskiyə mənzum
xahişnamə və
mədhiyyələrlə müraciət
edir.
Şairin ömrünün axır illəri çox acınacaqlı keçir. Ehtiyac onu
çox dözülməz
hala salır, dolanışıq naminə
zəngin adamlara mədhiyyələr yazmaq
məcburiyyətində qoyur.
Amma mədh elədiyi şəxslərdən yardım
ala bilmir. Bir tərəfdən
yoxsulluq, digər tərəfdən də yazdığı əsərlərə
qədir-qiymət verilməməsi
onu ruhdan salır. Ömrünün sonlarına yaxın
lirik məzmunlu qəzəllər yazmaqdan
uzaqlaşır, zəmanədən
şikayət ruhlu şeirlər qələmə
alır. Qəm-qüssə, ehtiyac içində ömrünü başa vurur. Hacıağa Fəqir Ordubadi
1886-cı ildə vəfat
edir.
P.S. Bir neçə ildən sonra Hacıağa Fəqir Ordubadinin oğlu – görkəmli yazıçı, dramaturq,
publisist Məmməd Səid Ordubadi ədəbiyyat aləminə
qədəm qoydu...
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 15.