Məqsədyönlü siyasətin praktik nəticələri
Ölkəmizin
dinamik inkişafı mədəniyyət və turizm
sahələrində də öz təsdiqini tapır
Yanvarın
30-da Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının
8 ili tamam oldu. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanına
əsasən, mədəniyyət və turizm sahələrinin
idarə edilməsinin təkmilləşdirilməsi və
müasir tələblərə uyğun qurulması məqsədilə
yaradılan nazirlik ötən müddətdə mədəni
irsimizin, incəsənətimizin inkişaf etdirilməsi
və təbliğinə, ölkəmizin turizm imkanlarının
dünyada tanıdılmasına, bu sektorun daha geniş
təşəkkül tapmasına töhfə vermişdir.
Ötən
müddətdə ölkəmizdə mədəniyyət
və turizm sahələrində artım tempini göstərən
statistik göstəricilər də buna bariz sübutdur.
2006-2013-cü illərdə respublikamızda muzeylərin
sayı 169-dan 217-yə, mehmanxanaların sayı 288-dən
516-ya, turizm şirkətlərinin sayı 245-ə
çatmışdır. Bu illərdə dövlət
büdcəsindən mədəniyyət və turizm obyektlərinin
təmir-tikintisinə ayrılan vəsaitin həcmi 13
dəfə artmışdır. 2006-cı ildə ölkəmizə
1 milyon 194 min nəfər əcnəbi vətəndaş
gəlmişdisə, 2013-cü ildə bu göstərici
2 milyon 300 mindən çox olmuşdur. Həmin müddətdə
Azərbaycandan xarici ölkələrə səfər
edənlərin sayı 1 milyon 835 mindən 3 milyon 950 min nəfərə
çatmışdır.
Azərbaycan Respublikası
Prezidentinin məqsədyönlü siyasəti, təşkilatçılığı
və təşəbbüsü sayəsində
2013-cü il ölkə həyatının bütün sahələrinin
ahəngdar inkişafı ilə müşayiət olunmuşdur.
9 oktyabr prezident seçkiləri Azərbaycan cəmiyyətinin
bu inkişaf kursuna, həyata keçirilən siyasətin
davam etdirilməsinə dəstək verdiyini bir daha təsdiqləmişdir.
Ötən il ölkəmizin
mədəni həyatında da mühüm hadisələrlə,
tədbirlərlə, layihələrlə, yubileylərlə
yadda qalmışdır. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
90 illiyi ilə bağlı dövlət başçısının
21 yanvar 2013-cü il tarixli sərəncamı ilə təsdiq
edilmiş Tədbirlər Planına əsasən, respublikamızın
mədəniyyət müəssisələrində, eyni
zamanda, bir çox xarici ölkələrdə yubiley tədbirləri
ən yüksək səviyyədə keçirilmişdir.
2013-cü ildə üçüncü dəfə gerçəkləşən
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ulu öndərin
90 illiyinə həsr olunmuşdur. Tədbir çərçivəsində
ümummilli liderin adını daşıyan mədəniyyət
obyektlərindən bəhs edən nəfis tərtibatlı
fotoalbomun təqdimatı keçirilmişdir. Azərbaycan
Dövlət Filarmoniyasında ulu öndərin 90 illiyi
münasibətilə "Dünya klassik musiqi irsi"
musiqi layihəsi gerçəkləşmiş, "Heydər
Əliyev və mədəniyyətimiz" adlı
böyük fotosərgi nümayiş olunmuşdur.
Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş
uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsi,
respublika incəsənət və musiqi məktəbləri
şagirdlərinin "Azərbaycan mədəniyyəti"
bilik müsabiqəsi keçirilmişdir.
Ötən il ölkəmiz
ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərlə
yenə dünyanın diqqət mərkəzində olmuşdur.
Bu sırada iki tədbiri xüsusi qeyd etmək lazımdır.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə "Çoxmədəniyyətli dünyada
sülh şəraitində birgə yaşamaq" devizi
altında 29 may - 1 iyun tarixlərində Bakıda keçirilən
II Dünya Mədəniyyətlərarası Dialoq Forumu
ölkəmizin siyasi-mədəni həyatında
mühüm hadisə kimi yadda qalmışdır. Forumun
əsas tərəfdaşları qismində UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa
Şurasının Şimal-Cənub Mərkəzi,
İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq
qurumlar çıxış etmişdir. Heydər Əliyev
Mərkəzində keçirilən açılış
mərasimində dərin məzmunlu nitqlə
çıxış edən Prezident İlham Əliyev Bakı
Forumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın
dünyada sivilizasiyalararası dialoq və multikulturalizm
mərkəzinə çevrildiyini diqqətə
çatdırmışdır. Mötəbər tədbirdə
UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı,
İSESCO və digər nüfuzlu beynəlxalq qurumların
rəhbər şəxsləri, 110-dan artıq ölkənin
nümayəndələri - 40-dan çox ölkədən
nazir və nazir müavinləri, millət vəkilləri,
Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq prezidentləri,
İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT,
"beyin mərkəzləri"nin təmsilçiləri,
məşhur elm xadimləri, ekspertlər - ümumilikdə
600-dək xarici qonaq iştirak etmişdir.
Ötən ilin ən
mühüm mədəni hadisələrindən biri də
2-8 dekabr tarixində Bakıda Azərbaycanın sədrliyi
ilə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyası olmuşdur. Xüsusilə vurğulamaq
istərdik ki, bu mötəbər tədbirin Azərbaycanda
keçirilməsi barədə qərarın verilməsində
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşkilatda
yüksək nüfuzunun və çoxşaxəli səmərəli
fəaliyyətinin mühüm rolu olmuşdur.
116 ölkədən
611 nəfərin iştirak etdiyi sessiya Hökumətlərarası
Komitənin tarixində ən çox iştirakçı
sayı olan iclas kimi yadda qalmışdır. Sessiya
ölkəmiz üçün də çox əlamətdar
olmuş, çövkən - Azərbaycan Respublikasının
ənənəvi Qarabağ atüstü oyunu UNESCO-nun
"Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni
irs siyahısı"na daxil edilmişdir. Qeyri-maddi mədəni
irsimizin daha bir nümunəsinin UNESCO siyahısında
yer alması bu istiqamətdə həyata keçirilən
ardıcıl, məqsədyönlü fəaliyyətin,
Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.
İşğal altında olan Qarabağ torpağının
mədəni irs nümunəsinin beynəlxalq qoruma altına
alınması eyni zamanda ölkəmizin mühüm
diplomatik nailiyyətidir.
Sessiyada UNESCO-nun təcili
qorunma siyahısına 12 nominasiya irəli sürülmüş
və onlardan 4-ü - Azərbaycan, Qvatemala, Monqolustan və
Uqandanın nominasiyaları qəbul edilmişdir. "Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı"na
salınmaq üçün təqdim edilən 31 nominasiyadan
25-i qəbul olunmuşdur.
2013-cü il Azərbaycan incəsənəti üçün
zəngin bir il olmuşdur. Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə 9-19 mart tarixində
"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı
keçirilmişdir. Musiqi bayramında Türkiyə,
İspaniya, İtaliya, ABŞ, Çin, Hindistan, Misir,
Özbəkistan, Tunis, Liviya, İran, İraq və Mərakeşdən
ifaçılar çıxış etmişdilər. Festival çərçivəsində ilk dəfə
olaraq bölgələrimizdə də konsertlər və
ustad dərsləri keçirilmiş, həmçinin
üçüncü dəfə "Muğam aləmi"
beynəlxalq simpoziumu təşkil edilmişdir.
Ötən il teatrlarımız, musiqi kollektivlərimiz
xarici ölkələrdə mədəniyyətimizin
təbliğinə töhfələr vermişlər. Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı İranda keçirilən
"Fəcr" festivalında, Sumqayıt Dövlət
Musiqili Dram Teatrının kollektivi Nyu-Dehli şəhərində
(Hindistan), Gənc Tamaşaçılar Teatrı
Şri-Lankanın Kolombo şəhərində, Gəncə
Dövlət Dram Teatrı Türkiyənin Konya şəhərində
keçirilən "Min nəfəs - bir səs", Mingəçevir
Dövlət Dram Teatrı Ankarada "Etnos" festivallarında
iştirak etmişdir. İrəvan Dövlət Azərbaycan
Dram Teatrı Türkiyənin bir neçə şəhərində
qastrolda olmuşdur.
Apreldə Bakıda
Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı
keçirilmiş, dahi bəstəkarın 95 illiyinə
həsr olunmuş festivalda Almaniya, Fransa, Hollandiya və
Rusiyadan solist və kollektivləri iştirak etmişdir.
Polşanın Qniezno
şəhərində iki ölkə arasında əlaqələrin
yaranmasının 540 illiyinə və bərpasının
20 illiyinə həsr edilmiş "Dostluq" abidəsinin
açılış mərasimi və Azərbaycan incəsənət
ustalarının konserti keçirilmişdir. Fransanın
regionlarında Azərbaycanı tanıtmaq məqsədilə
Heydər Əliyev Fondunun təşkilatçılığı,
bu ölkədəki səfirliyimizin və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri" mövzusunda tədbirlər silsiləsi
(Bordo, Kann və s.) davam etmişdir. Həmçinin Paris
və Strasburq şəhərlərində dahi Azərbaycan
şairi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı
konsertlər, Reyms və Muluz şəhərlərində
görkəmli Azərbaycan şairəsi Məhsəti
Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş
tədbirlər keçirilmişdir.
Heydər Əliyev Fondunun
təşkilatçılığı və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə noyabr və
dekabrda Almaniyanın Köln və Hamburq şəhərlərində
Azərbaycan musiqiçilərinin iştirakı ilə
konsertlər də incəsənətimizin təbliğinə
töhfə olmuşdur.
Ötən il Azərbaycanda Belarus və Ukrayna mədəniyyəti
günləri keçirilmiş, Moldova rəssamlarının
respublikamıza yaradıcılıq səfəri təşkil
edilmişdir. TÜRKSOY-un 20 illiyi ilə
bağlı Azərbaycanda türkdilli ölkələrin
fotoqraflarının X görüşü keçirilmişdir.
2013-cü ildə
görkəmli sənətkarların yubileyləri -
xalq artistləri Hökümə Qurbanovanın, Mirzə
Babayevin 100, Tofiq Kazımovun 90, Hacağa Abbasovun 125,
Arif Məlikovun 80, Yaşar İmanovun, Musa Mirzəyevin,
Gülarə Əliyevanın 80, Xalq artisti Elza İbrahimovanın
75, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin
70 illiyi qeyd olunmuşdur. Azərbaycan
aşıq poeziyasının tanınmış nümayəndələri
Əkbər Cəfərovun və Məmmədağa Babayevin
80 illik yubileyi keçirilmişdir.
Ölkə başçısının
1 mart 2013-cü il tarixli sərəncamına
əsasən, Azərbaycan peşəkar milli teatrının
140 illik yubileyi təntənəli şəkildə
qeyd edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə teatr xadimləri
fəxri adlara və dövlət təltiflərinə
layiq görülmüşlər.
Ənənəvi musiqi
bayramları - Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq
Musiqi, V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları
Rusiya, Türkiyə, Böyük Britaniya, İtaliya,
Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstan, Almaniya,
ABŞ və Slovakiyadan məşhur ifaçı, dirijor
və kollektivləri bir araya gətirmişdir.
Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu
tərəfindən növbəti dəfə təşkil
edilən Bakı Caz Festivalında dünya şöhrətli
musiqiçilər, habelə Azərbaycanın tanınmış
caz ifaçıları və istedadlı gənc musiqiçiləri
çıxış etmişlər.
"Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən,
noyabrın 9-dan 16-dək Mədəniyyət və Turizm
Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının
(UNİMA) birgə təşkilatçılığı
ilə Bakıda "Cırtdan" II Beynəlxalq Kukla
Teatrları Festivalı gerçəkləşmiş,
sənət bayramında 9 ölkədən 11 teatr
iştirak etmişdir. Noyabr ayında Mədəniyyət
və Turizm Nazirliyi, "Kukla" art qalereyası və
Muzey Mərkəzinin təşkilatçılığı
ilə keçirilən "Fusion doll" II Bakı Beynəlxalq
Kukla Biennalesinə 13 ölkədən müəlliflərin
əl işləri nümayiş etdirilmişdir.
2013-cü il muzey fondlarının komplektləşdirilməsi,
ekspozisiyalarının təkmilləşdirilməsi
istiqamətində məqsədyönlü iş aparılmış,
respublika muzey işçilərinin geniş müşavirəsi
keçirilmişdir. Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi
üzrə inşa edilən Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin
yeni binasında Avstriya mütəxəssislərinin
iştirakı ilə ekspozisiyanın dizayn və bədii
tərtibatı yekunlaşmışdır. Ötən il Gürcüstanın paytaxtı Tbilisidə
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyinin açılışı olmuşdur. Tovuz rayonunda
Aşıq Hüseyn Bozalqanlı adına
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin
yeni binası inşa edilir.
Müasir dövrdə
muzeylər mühüm mədəni-maarifləndirici mərkəzlərə
çevrilir. Müxtəlif
muzeylərdə saxlanılan 450-dən çox eksponat
nazirliyin Muzey Sərvətləri və Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzi tərəfindən bərpa
edilmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları"
proqramı üzrə 2013-cü ildə Xaçmaz şəhəri
"Əfsanələr Paytaxtı", Zaqatala şəhəri
"Folklor Paytaxtı", Göygöl şəhəri
"Sənətkarlıq Paytaxtı" elan olunmuşdur.
"Paytaxt" şəhərlərdə nominasiyalara
uyğun olaraq mərasimlər, konfranslar, "dəyirmi
masa"lar, konsert və festivallar, sərgi
və yarmarkalar, infoturlar təşkil edilmişdir.
Masallıda Mədəniyyət
və Turizm Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən
ikinci dəfə gerçəkləşən beynəlxalq
folklor festivalına Dağıstan (Rusiya), Gürcüstan,
İran, Qazaxıstan, Latviya, Rusiya və Türkiyədən
kollektivlər qatılmışdır. Keçən
ilin avqust ayında Qəbələ rayonunda "Mürəbbə
festivalı" keçirilmişdir.
Azərbaycanın mədəni
irsinin özünəməxsusluğunun qorunub saxlanılması,
tarix-mədəniyyət abidələrinin öyrənilməsi
və mühafizəsi ilə bağlı müvafiq tədbirlər
ötən il də davam etdirilmişdir.
"Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix və
mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafına
dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"
hazırlanmış və ölkə Prezidenti tərəfindən
təsdiq edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasına əsaslanan dövlət
proqramında daşınmaz tarix və mədəniyyət
abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət
qoruqlarının mühafizəsinin müasir səviyyədə
təşkili, habelə bərpası, öyrənilməsi,
təbliği və inkişafı üzrə tədbirlər
nəzərdə tutulub.
Dövlət başçısının
müvafiq sərəncamına əsasən, "Atəşgah
məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun
ərazisində bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma
və abadlaşdırma işləri başa çatdırılmışdır. "Qobustan" Milli Tarix-Bədii Qoruğu may
ayında Belçikada keçirilən Avropa muzeylər
forumunda "Avropanın ən yaxşı muzeyi"
mükafatına layiq görülmüşdür.
Ölkəmizin mədəni
irsinin təbliği, milli memarlıq və bərpaçılıq
sənətinin təşviqi, tarix və mədəniyyət
abidələrinin qorunmasının dəstəklənməsi
məqsədilə nazirlik tərəfindən "Milli
irs mükafatı" təsis olunmuş, 2013-cü il
üzrə qaliblər təltif edilmişdir. Keçən
il "Şəki xanlarının
evi"nin bərpası başa çatdırılmış,
Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya
Qoruğunun Əbu-Müslüm və Xıdır Nəbi
məscidlərində bərpa-konservasiya işləri
tamamlanmışdır. İl ərzində
100-ə yaxın abidənin pasportu tərtib edilmişdir.
Ötən ilin noyabrında
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Memarlar İttifaqının təşkilatçılığı,
Beynəlxalq Memarlar İttifaqının dəstəyi
ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının
90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq
Memarlıq Mükafatı müsabiqəsi keçirilmişdir.
Müsabiqədə 29 ölkə təmsil
olunmuşdur.
"Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı"na uyğun olaraq istehsalatda
olan filmlər üzərində işlər davam etdirilmiş,
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
"Qisas almadan ölmə", "Ehram TV"
("Ağ-qara gecələr"), "Dərvişin
qeydləri", həmçinin "Qorxma, mən səninləyəm.
1919" (Azərbaycan-Rusiya) bədii filmləri,
"Debüt" studiyasında "Alo, bu mənəm!"
qısametrajlı bədii filmi təhvil verilmişdir.
"Axınla üzü aşağı",
"Nabat" və "Axırıncı dayanacaq" bədii
filmlərinin, bir neçə qısametrajlı və sənədli
filmin, "Motivlər" kinoalmanaxının istehsalı
başlanmışdır. "Salnamə"
sənədli filmlər studiyasında "Mən evimə
qayıdıram" filmi təhvil verilmək üzrədir.
Ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Əbədiyyət
yolu" sənədli filmi, "Yaddaş" studiyasında
"Azərbaycanın Milli Qəhrəmanları"
silsiləsindən 10 sənədli film, "Qafqaza qayıdış"
(Azərbaycan-Fransa), "Sirli bənövşə"
("Məhsəti Gəncəvi") və s. sənədli
filmlər təhvil verilmişdir. Fevral
ayında Bakının 8 ümumtəhsil məktəbində
"Cizgi filmləri həftəsi" keçirilmişdir.
14-25 may tarixində 66-cı Kann kinofestivalında Azərbaycanı
təmsil edən xüsusi pavilyon fəaliyyət göstərmişdir.
Görkəmli kinorejissorlar Muxtar Dadaşovun 100, Rasim
Ocaqovun 80, aktyorlar Əliağa Ağayevin 90, Şahmar Ələkbərovun
70 illiyinə həsr olunmuş xatirə axşamları
təşkil olunmuşdur.
2013-cü ilin sentyabr
ayında Xalq yazıçısı Elçinin ssenarisi
əsasında Azərbaycan və Türkiyənin birgə
istehsalı olan "Mahmud və Məryəm" bədii
filminin təqdimatı, "Azərbaycanfilm" kinostudiyasının
90 illik yubileyi qeyd olunmuşdur.
Noyabr ayında Nizami
Kino Mərkəzində keçirilən I Bakı Beynəlxalq
Turizm Filmləri Festivalının müsabiqə proqramında
31 ölkədən 78 film iştirak etmiş, 7 nominasiya
üzrə qaliblər mükafatlandırılmışlar.
2013-cü il ərzində nəşriyyat, reklamın
təşkili və informasiya sahəsində bir sıra
tədbirlər həyata keçirilmişdir. "Prezident
İlham Əliyev və mədəniyyət (2008-2013)"
ikicildliyi, Məhsəti Gəncəvi, Həsən bəy
Zərdabi, Firidun bəy Köçərli, Qara Qarayev,
Ənvər Məmmədxanlı, Mirvarid Dilbazi, Nigar Rəfibəyli,
Tofiq Kazımov, Ramiz Mirişli və digər sənət
xadimlərinə, şair, yazıçı və maarifpərvər
insanlara həsr olunmuş və onların əsərlərindən
ibarət kitablar, "Azərbaycan Dövlət Musiqili
Teatrı", "Azərbaycan Dövlət Milli Dram Teatrı",
"Gəncə Dram Teatrı" və s. nəşrlər
nazirliyin dəstəyi ilə işıq üzü
görmüşdür.
Ötən ildə Azərbaycan
kitabları nazirliyin iştirakı ilə beynəlxalq
sərgilərdə nümayiş olunmuş, Minsk, London,
Budapeşt, Kişineu, Moskva, Frankfurt, İstanbul sərgisində
nümayiş etdirilən çap məhsullarımız
ziyarətçilərin böyük marağına səbəb
olmuşdur.
Ötən ilin nəşriyyat
işi sahəsində ən əlamətdar hadisəsi,
yuxarıda qeyd etdiyimiz kimi, 23-25 sentyabr tarixində keçirilən
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası olmuşdur. Sərgi-yarmarkada respublikamızdan
100-dən çox, habelə xarici ölkələrdən
40-dan çox nəşriyyat və təşkilat iştirak
etmişdir. Azərbaycan Milli Kitabxanasının
90 illiyi ilə bağlı tədbirlərin, eləcə
də Avropa Milli Kitabxanaları Konfransının
(CENL) XXVII və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq
Təşkilatının XV iclaslarının sərgi-yarmarka
günlərinə təsadüf etməsi tədbirin əhəmiyyətini
daha da artırmışdır.
2013-cü ildə
növbəti "Qızıl Kəlmə" ədəbi
mükafatı müsabiqəsinə yekun vurulmuş,
4 nominasiya (nəsr, poeziya, ədəbi tənqid və
publisistika, bədii tərcümə) üzrə qaliblər
təltif edilmişdir.
Xalq yazıçısı
Elçinin 70 illik yubileyi, həmçinin ölkə
Prezidentinin müvafiq sərəncamlarına uyğun
olaraq görkəmli ədiblər Ənvər Məmmədxanlının
100, İslam Səfərlinin 90, Nigar Rəfibəylinin
100, Məmməd Arazın 80, dövlət xadimi Kamran
Hüseynovun 100 illik yubiley tədbirləri keçirilmişdir.
Dünya şöhrətli qırğız yazıçısı
Çingiz Aytmatovun 85 illiyi Bakıda da qeyd edilmişdir.
"Kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı"nın
icrası üzrə işlər davam etdirilmişdir.
Nazirliyin sifarişi ilə dünyanın ən qabaqcıl
kitabxana sistemlərinin təcrübəsi əsasında
yaradılmış Virtual Mərkəzləşdirilmiş
Elektron Kitabxana sistemi artıq Bakının üç
rayonunda - Xətai MKS, Nərimanov MKS və Səbail
MKS-də tətbiq olunmağa başlanmışdır.
Mədəniyyət və
Turizm Nazirliyi sistemində 242 təhsil müəssisəsi
- Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm
Kolleci, Bakı Turizm Peşə Məktəbi, Bakı
Xoreoqrafiya Məktəbi, Ağcabədi şəhər
Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi,
Şamaxı şəhər İncəsənət Təhsili
Mərkəzi, 183 uşaq musiqi, 51 uşaq incəsənət
və 2 uşaq rəssamlıq məktəbi, 3 elmi mərkəz
- Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin İxtisasartırma və Hazırlıq
Mərkəzi, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəz, Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi
fəaliyyət göstərir. Ötən il
Mədəniyyət Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzində
35 kateqoriya üzrə 850-dək mədəniyyət
işçisi ixtisasartırma kurslarında iştirak
etmişdir.
"2009-2013-cü illər
üçün Azərbaycan Respublikasında uşaq musiqi,
incəsənət və rəssamlıq məktəblərinin
fəaliyyətinin yaxşılaşdırılması
üzrə İnkişaf Proqramı"nın tədbirlər
planına əsasən Bakıda 4 nömrəli, Bərdə
şəhər 1 nömrəli, Naxçıvan şəhər
S.Rəcəbov adına 3 nömrəli uşaq incəsənət
və musiqi məktəbləri üçün yeni binalar
tikilib istifadəyə verilmiş, Bakı şəhər
F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət,
Ş.Ələkbərova adına 20 nömrəli
uşaq musiqi məktəbləri binalarının yenidənqurma
və əsaslı təmirdən sonra açılışı
olmuş, Gədəbəy rayon Slavyanka kənd uşaq musiqi
məktəbi təmirdən sonra istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin
14 oktyabr 2013-cü il tarixli sərəncamı
ilə musiqi sahəsində xüsusi istedadı olan daha
yeddi gəncin adı Azərbaycanın gənc istedadlarının
"Qızıl kitabı"na yazılmış və
onlar xüsusi aylıq təqaüdə layiq görülmüşlər.
İl ərzində musiqi məktəblərinin
şagirdləri müxtəlif ölkələrdə
keçirilən tədbirlərdə Azərbaycanı
layiqincə təmsil etmişlər.
Ötən il ölkədə
turizmin inkişafı və respublikanın turizm potensialının
təbliği istiqamətində işlər davam etdirilmiş,
nazirlik ölkəmizi İspaniyanın paytaxtı Madriddə
"FİTUR", Barselona şəhərində
"EİBTM-2013", Almaniyanın Frankfurt şəhərində
"İMEX-2013", Yaponiyanın Tokio şəhərində
"JATA-2013", Parisdə "Top Resa-2013", Londonda
"WTM-2013", Polşa paytaxtında "TT Warsaw-2013"
və s. beynəlxalq sərgilərdə təmsil etmişdir.
4-6 aprel tarixində Bakıda keçirilən
12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisində ("AİTF-2013") 35 ölkə iştirak
etdi. Bakıda Dünya Turizm Təşkilatının
"İpək Yolu" işçi qrupunun toplantısı,
qurumun MDB ölkələrində turizm statistikası
sahəsində bilik səviyyəsinin artırılması
proqramı çərçivəsində 3-cü seminarı
keçirilmişdir.
Ötən ilin yazından
"Azərbaycan Respublikasına gələn əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərə
viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz
tədbirlər haqqında" ölkə Prezidentinin
20 noyabr 2012-ci il tarixli sərəncamının
icrasının təmin edilməsi məqsədilə
elektron viza sisteminin tətbiqinə başlanılmışdır.
Afrikanın Zambiya və
Zimbabve respublikalarının birgə təşkilatçılığı
ilə keçirilən Birləşmiş Millətlərin
Dünya Turizm Təşkilatı Baş Assambleyasının
20-ci sessiyasında ölkəmiz Avropa qitəsindən
ən çox (25) səslə qurumun İcraiyyə Şurasının
üzvü seçilmişdir. Eyni zamanda Azərbaycanın təklifi nəzərə
alınaraq DTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakıda keçirilməsinə
dair qərar qəbul olunmuşdur.
Ölkəmizdə
işgüzar turizmin inkişafı məqsədilə
Azərbaycan Konqres Bürosu yaradılmışdır. Ağsu və Şəmkir rayonları üzrə arxeoloji
mədəni turizm marşrutu, cənub bölgəsi
üzrə "Kulinariya turu", Salyan-Lənkəran-Masallı
marşrutu üzrə "Cənub mirvarisi", Qəbələ-Şəki-Qax
marşrutu üzrə "Qədim Qafqaz Albaniyasının
tarixi izləri" adlı mədəni turizm marşrutlarının
yaradılması və pasportlaşdırılması
məqsədilə info-turlar təşkil olunmuşdur. İl ərzində 53 hüquqi və fiziki
şəxsə turizm fəaliyyəti, 74 hüquqi və
fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin
fəaliyyəti ilə məşğul olmaq
üçün lisenziya verilmişdir. Monitorinqlərin nəticəsi olaraq bir neçə
turizm şirkəti və mehmanxananın lisenziyasının
fəaliyyəti ləğv edilmişdir.
Roma şəhərində
birinci İtaliya-Azərbaycan Turizm Forumu keçirilmişdir. İl ərzində İtaliya, Rusiya
KİV təmsilçiləri, Rusiya və Ukraynanın
turizm şirkətlərinin nümayəndələri
ölkəmizə səfər etmişlər. Azərbaycanın
turizm potensialını əks etdirən reklam çarxları
"CNN", "Euronews", "TV5 Monde", "Rossiya
2" telekanallarında nümayiş etdirilmişdir.
Keçən il ərzində beynəlxalq mədəni əlaqələrin
inkişafına xüsusi diqqət yetirilmişdir.
Ölkəmiz Vyana şəhərində BMT-nin Sivilizasiyalar
Alyansının 5-ci Dünya Forumunda, Berlində Dünya
Turizm Təşkilatının "İpək Yolu üzrə
III illik nazirlər toplantısı"nda, Moskvada Avropa
Şurası ölkələri, Tbilisidə Avropa
İttifaqı "Şərq Tərəfdaşlığı"
ölkələri nazirlər konfranslarında və digər
beynəlxalq tədbirlərdə təmsil olunmuşdur.
Azərbaycanın tanınmış
sufi filosofu Seyid Yəhya Bakuvinin vəfatının
550 illiyi UNESCO səviyyəsində qeyd edilmişdir. Nazirlik AMEA ilə birgə 2-3 iyul tarixində Bakıda
beynəlxalq elmi konfrans keçirmişdir. Həmçinin
UNESCO-nun yubileylər proqramına daxil edilmiş "Arşın
mal alan" operettasının 100 illiyi
keçən ilin sentyabr ayında Paris və Strasburqda konsert
proqramı ilə qeyd edilmişdir.
Azərbaycanın
UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə
qurumun Parisdəki Baş qərargahında tədbirlər
keçirilmişdir. Tədbirlər
çərçivəsində "Azərbaycan Respublikası
hökuməti və UNESCO arasında təhsil, elm, mədəniyyət
və kommunikasiya sahələrində əməkdaşlıq
üzrə Çərçivə Sazişi" imzalanmışdır.
Azərbaycanın birinci
xanımı, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva və UNESCO-nun baş direktoru
İrina Bokovanın iştirakı ilə ölkəmiz
tərəfindən təşkilata hədiyyə edilən
XII-XIII əsrlərə aid daş at və daş qoç
abidələrinin təqdimat mərasimi olmuşdur. Mərasimdə çıxış edən
İ.Bokova bu əlamətdar hadisənin əhəmiyyətini
qeyd edərək Azərbaycan-UNESCO əməkdaşlığının
yüksək səviyyədə olduğunu vurğulamışdır.
Ötən il nazirliyin müvafiq müraciətinə əsasən
UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni
mülkiyyətin qorunması üzrə Komitəsi tərəfindən
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğuna və "Qobustan" Milli Tarix-Bədii Qoruğuna
"gücləndirilmiş mühafizə statusu"
verilmişdir.
Azərbaycanın görkəmli
şəxsiyyətlərinin yubileylərinin UNESCO-nun
yubileylər proqramına salınması
üçün müvafiq fayllar təşkilata təqdim
edilmişdir. UNESCO-nun 2014-2015-ci illərdə
qeyd ediləcək yubileylər siyahısına Azərbaycanın
Xalq yazıçısı İlyas Əfəndiyevin 100
illiyi, orta əsrlərin tanınmış alimi və
mütəfəkkiri Əhməd əl-Bərdəyinin
vəfatının 1100 illiyi daxil edilmişdir.
2013-cü ildə mədəniyyət
və turizm obyektlərinin tikintisi, təmir-bərpası
və yenidən qurulması ilə əlaqədar bir
sıra işlər həyata keçirilmişdir. "Şahdağ" Qış-Yay Turizm
Kompleksinin növbəti mərhələlərinin tikintisi
davam etdirilir. Dekabrın 19-da ölkə
Prezidentinin iştirakı ilə kompleksdə iki yeni hotelin
açılışı olmuşdur.
İl ərzində Azərbaycan
Milli İncəsənət Muzeyində keçid korpusunun
tikintisi başa çatmış, Prezident İlham Əliyevin
iştirakı ilə yeni korpusun açılışı
olmuşdur. Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində
tikinti, Azərbaycan Dövlət Musiqili Teatrı, Şəki
Dövlət Dram Teatrı binasında təmir-bərpa və
yenidənqurma işləri başa çatmışdır.
Tərtər şəhərində Mədəniyyət
evinin, Bərdədə, Naxçıvanda, eləcə
də paytaxtda bir neçə uşaq musiqi və incəsənət
məktəblərinin binaları əsaslı təmir-bərpa
olunmuş, yeni binalar inşa edilmişdir. "Atəşgah məbədi" Dövlət
Tarix-Memarlıq Qoruğunda konservasiya işləri yekunlaşmışdır.
Mədəniyyət və
turizm sahəsində çalışan işçilərin
əməyi dövlətimiz tərəfindən hər
zaman yüksək qiymətləndirilir. Ötən il Prezident İlham Əliyev
tərəfindən orden, medal və fəxri adlarla təltif
olunmuş 70 nəfər mədəniyyət və incəsənət
xadiminə layiq görüldükləri fəxri adlar
təqdim edilmişdir. Həmçinin mədəniyyət
və turizm sahəsində səmərəli xidmətlərinə
görə 96 əməkdaş Mədəniyyət və
Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi",
9 əməkdaş isə "Fəxri turizm işçisi"
döş nişanları ilə təltif edilmişdir.
Ötən il nazirliyin
"Elektron Hökumət" Dövlət İnformasiya
Sistemi" (EHDİS) portalına qoşulmaq
üçün müvafiq işlər aparılmış,
nazirliyin e-xidmətlər saytında (www.e-services.mct.gov.az)
müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana tipli
obyektlərə və turizm fəaliyyəti ilə məşğul
olmaq istəyən hüquqi və fiziki şəxslərə
icazələrin, lisenziyaların verilməsi
üçün müraciətin və sənədlərin
qəbulu yalnız e-xidmətlər vasitəsilə həyata
keçirilir.
Turizm üzrə informasiya
naviqasiya sisteminin təkmilləşdirilməsi
işləri davam etdirilmişdir. Gomap.az portalına gündə 5000-dən
çox istifadəçi daxil olur.
Regionlarda mədəniyyət
və turizm sahəsində mövcud problemlər hər
zaman diqqət mərkəzindədir. Martın 15-də Bakıda keçirilən "Regionlarda
mədəniyyət və turizm: 2012-ci ilin yekunları"
mövzusunda ümumrespublika müşavirəsində
Mədəniyyət və Turizm Nazirliyinin yerli orqanlarının
işinin təkmilləşdirilməsi müzakirə
edilmişdir. Regionlarda mütəmadi olaraq
sənət xadimlərinin iştirakı ilə görüşlər,
müxtəlif tədbirlər təşkil olunur.
"Şəhər
(rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması"
layihəsi ilə əlaqədar həyata keçirilən
islahatlar Şəki şəhər və Abşeron, Balakən,
Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ,
Masallı və Şamaxı rayonlarının klub
müəssisələrinin fəaliyyətinə
müsbət təsir göstərmişdir.
Mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə
əsasən 2013-cü ildə vətəndaşlarla doqquz
bölgədə görüşlərimiz olmuşdur. Görüşlərdə 300-dən
çox vətəndaşın müraciəti dinlənilmiş,
qaldırılan məsələlərin həlli barədə
müvafiq tapşırıqlar verilmiş, bir sıra məsələlər
operativ həllini tapmışdır.
Bütövlükdə
2013-cü ildə respublikamızın hərtərəfli
inkişafı, regional və beynəlxalq nüfuzunun
artması həyata keçirilən mədəniyyət
layihələrində, incəsənət tədbirlərində,
turizm proqramlarında da özünü göstərmişdir. Qarşıda bizi yeni layihələr,
daha böyük və məsul işlər gözləyir.
Mədəniyyət və Turizm Nazirliyi ölkə Prezidentinin
rəhbərliyi ilə həyata keçirilən siyasətə
uyğun olaraq bundan sonra da respublikamızda mədəniyyət
və turizm sahələrinin inkişafı, dünyanın
mədəniyyət və turizm məkanına uğurla
inteqrasiyası, milli mədəni irsimizin, dəyər
və sərvətlərimizin qorunub saxlanılması,
gələcək nəsillərə çatdırılması
istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Qarayev
Əbülfəs, Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri
“Azərbaycan"
qəzeti, 24 yanvar 2014-cü il
Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 3;
4-5.