Vətənə tən Vətəndaş
İlk Cümhuriyyət növrağımızın,
bir daha enməyəsi bayrağımızın banisi
- Məhəmməd Əmin Rəsulzadə
Böyük milli siyasətin
özü də bir yaradıcılıq. Dahi siyasətçiliyin
özü də bir
sənətkarlıq. İntəhası bu
görəv, bu görəvlilər “aborigen” sənət və sənətkarlıqdan
elə sənət və siyasət sahələri qədər
fərqlənir. Bunlar evlərdə, emalatxanalarda,
meydançalarda yox,
çöl-bayırlarda, meydanlarda, yolüsü-“atüstü”
çək-çevirlərdə, könüllü-könülsüz
səfər-sərnişinliklərdə, qadalı-qandallı
həbslərdə, sür-sürgünlüklərdə,
ailə-uşaq həsrətlərində, hətərən-pətərən
dindirməliklər, tərki-vətənliklərdə
və... bütün bunların ən
ağırı, ən alisi - “milli arzu-amalım baş
tutacaqmı?” istixarələrində yaşayıb-yaradırlar.
Yüz otuz il əvvəl bu gün - yanvarın 31-də
balaca Novxanı kəndində göz açıb, əlli
doqquz il bundan öncə Ankarada üç kərə
“Azərbaycan!..”-deyibən dünyaya göz yummuş
Məhəmməd Əmin Rəsulzadə - təpədən-dırnağa
milli-mənəvi əsilzadə, əzəli-əbədizadə
- yuxarıda ümumobrazlaşdırmağa çalışdığım
fenomenal şəxsiyyətlərdəndir. Amma onu dünyanın siyasət və dövlətçilik
azmanları içərisində seçkinləşdirən
bir-iki ştrix də
vardır ki, bunlardan
biri - bu işə daha erkən (12-13 yaşlarından) başlayan Şah İsmayıl
Xətai istisna edilməklə, qarşıdakı
əlli üç illik
eniş-yoxuşlu milli
mübarizə yoluna 18 yaşının natamamında
qədəm qoymasıdır. Onun
1902-ci ildə yaratdığı “Müsəlman gənclik
təşkilatı” XX əsr Azərbaycanında Rusiya müstəmləkə üsul-idarəsinə
qarşı mübarizə mahiyyətli ilk
siyasi təşkilat olub.
Onun - böyük Turan və müsəlman arealında
qurduğu ilk müstəqil-demokratik respublika əhalisinin
ictimai-siyasi həbib-təbibinin, milli-mənəvi
həkiminin -
Siyasi kimliyi
Hər kəsin cinsi-bioloji “ilk məhəbbət”ə
uğram yaşında, təbii sevib-sevilmə mövsümü
çağında Azad Vətən Bəyliyini seçən
bu milli Aşiq ilk gənclik yaşlarından öz ictimai-siyasi
təfəkkürü ilə nəinki astagəl milli-istiqlal
inqilabçılarını, hələ
üç-dörd il sonra nəşrə başlayası
“Molla Nəsrəddin” jurnalı səhifələrindəki
“gərnəşkən” kütlələri, hətta
ən “xod” gedən sosializm “revolyutsioner”lərini
də aktivləşdirir, onların - mürtəceliyi
çarizmdən də ötə olduğu iki-üç
onillik sonra bilinəsi sovetizm-sosializm eşelonuna transfer
olunmasına “siyasi provadnik”lik edirdi. Məsələn, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı
komitəsinin “Müsəlman sosial-demokrat
“Hümmət” təşkilatı” Məhəmməd
Əminin 1904-cü ildə hüquq-nizamnaməvi cəhətdən
çox mükəmməl şəkildə
tərtib və təşkil etdiyi
“Müsəlman demokratik “Müsavat” cəmiyyəti”ndən yararlanaraq yaradılmışdı. Həmin illərdə Bakının
fəhlə-inqilab bumlu neft
mədənlərinə, Azərbaycanın yaxın-uzaq
qəzalarına müxtəlif intibahnamə və
qəzetlərin (naşirlərindən biri
olduğu “Hümmət”, “Təkamül”
də daxil) göndərilməsi
də Məhəmməd Əminlik işlərdən
idi. Onun 23 yaşında ikən (1907) inqilabçı
fəhlə Xanlar Səfərəliyevin
Bibi-Heybətdə dəfni ilə əlaqədar keçirilən
izdihamlı mərasimdə etdiyi alovlu nitqi isə (sonradan onu həbsxanadan
azad etdirib
özüylə Moskvaya aparsa
da, ömürlük
mühacirət dustaqlığına məhkum etmiş) Stalini də
məftun (öz nitqi
ilə müqayisədə isə məhzun)
etmişdi. O, bu canlı mürtəce, bənzərsiz
şər-xata ilə tanışlıqdan bir
müddət sonra - 1908-ci ildə çar xəfiyyəsi tərəfindən
həbs olunma təhlükəsilə
üzləşərkən Azərbaycanı tərk edib İrana yollanır
və orada o taylı
əxlaq-əqidə, məslək-məzhəb qardaşı
ilə - Səttarxanla tanış olur.
Cənubi Azərbaycanın şəhər və
kəndlərini gəzib, otaylı doğma xalqının
acınacaqlı vəziyyətini yaxından müşahidə
(və sonralar bunlardan ədəbi yaradıcılığında
istifadə) edən M.Ə.Rəsulzadə Avropa təhsili
görmüş bir qrup İran ziyalısı (S.H.Tağızadə,
H.Nəvvab, S.Mirzə, S.M.Rza və b.) ilə birlikdə
1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının
əsasını qoyur, "İrane Nou" və
"İrane Ahat" qəzetlərinin baş redaktoru
olur, həmin qəzetlərdə saysız məqalələr,
şeir və publisistik yazılar verir. Sonralar Seyid Həsən Tağızadə
onun xatirəsinə həsr etdiyi nekroloqda yazacaqdı:
"Modern Avropa
qəzet formasını ilk dəfə
İrana gətirən M.Ə.Rəsulzadə
olmuşdur".
İrandakı Məşrutədən qorxuya düşən
çar hökuməti bu inqilabın rəhbərlərindən
biri olan M.Ə.Rəsulzadənin ölkədən
çıxarılmasını Şah hökumətindən
tələb edir və Məhəmməd Əmin təqiblərdən
yaxa qurtarmaq üçün 1911-ci ilin mayında İstanbula
gedir. Osmanlı paytaxtında məşhur
həmyerliləri Əli bəy Hüseynzadə və
Əhməd bəy Ağayevlə görüşür,
Yusif bəy Akçura,
Ziya Göyalp və başqa görkəmli alimlərlə siyasi-irfani əlaqələr qurur, "Gənc türklər"
təşkilatında, "Türk ocağı"
cəmiyyətində çalışır, "Türk yurdu" jurnalının fəal yazarlarından
biri olur. İstanbulda öz
təklif və göstərişilə keçmiş
“Hümmət”çilər (T.Nağıyev və A.Kazımzadə)
tərəfindən əsası qoyulan
(1911) "Müsəlman demokratik Müsavat partiyası”na daxil
olur və tezliklə bu
siyasi təşkilata rəhbər
seçilir. Bu illərdə
çox gərgin, sanballı və çox geniş
ədəbi-publisistik fəaliyyətlə də
məşğul olan M.Ə.Rəsulzadə
lap sonda o dövr qəzetlərində
dərc olunan çar
fərmanı ilə həsrət dolu
5 illik məcburi mühacirətdən
qurtulur. Onun doğma Vətənə qayıdışıyla
nəticələnən o fərmandakı
ifadələrin məğzi üçcə hərfdən
ibarət bir sözdə idi:
-
Əfv
Bəli, 1913-cü ildə Romanovlar sülaləsinin
300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur
və Rəsulzadə Bakıya qayıdır. 1917-ci ildə
fevral burjua inqilabı baş verir. Həmin ilin martında
Rəsulzadənin redaktorluğu ilə nəşr olunan
"Açıq söz" qəzeti yazırdı:
“Şimdiyə qədər qayəmiz, amalımız
məlum olmayan, hürriyyət nədir, təşkilat
nədir bilməyən və ümumi millətimizə
dəstur olacaq milli və siyasi proqramımız bulunmayan,
bulunsa da mindən birimizin belə xəbəri olmayan
biz türklər müdhiş inqilab tufanları
içərisində kompassız ortada qaldığımızdan
hara gedib çırpınmağı, hansı tərəfə
vurnuxmağı bilməyib, cəmiyyətlərimiz
də divanələr dəstəsi kimi boğaz-boğaza
gəlmişik”.
...Vətən bu gündə, vətəndaş
M.Ə.Rəsulzadə isə Bakıda çağırılan
Qafqaz müsəlmanlarının qurultayında Rusiyanı
federativ şəkildə təşkil etmək haqqında
qərar çıxarmağı təklif etmədə. Qurultayda həmçinin “Azərbaycan qayəsi”
məsələsi ortalığa atılır. Həmin ilin mayında maarifpərvər
Azərbaycan varlılarından Şəmsi Əsədullayevin
Moskva müsəlman xeyriyyə cəmiyyətinə
bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının
qurultayı açılır və Rəsulzadənin
"Türk-tatarlığı, Türküstan,
Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan
kimi bir neçə
muxtariyyətdən ibarət olacaq
gələcək Rusiyanı federativ
şəkildə qurmaq" təklifi
səs çoxluğu ilə qəbul edilir.
Bu dövrdə Rəsulzadə
özünün "Cəmaət idarəsi",
"Bizə hansı hökümət faydalıdır?"
kitablarını çap etdirir, Moskva müsəlman
qurultayındakı məruzəsi (Ə.Salikovun çıxışı ilə
birlikdə) "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunur. Həmin ilin oktyabrında keçirilən qurultayda Rəsulzadə “Müsavat”ın
sədri seçilir. Bundan
sonra Bakıda və Azərbaycanın
bütün qəzalarında
"Azərbaycana muxtariyyət" şüarı altında
milli hərəkat başlanır
və həmin dövr tarixə “Milli Azərbaycan hərəkatı” kimi daxil olur.
Onun fəaliyyət aləminin hədsiz genişliyi
bizim qəzet səhifəsinin hədd-hüdudu (və
müasir oxucu hövsələsi) ilə qeyri-mütənasib
olduğundan “birnəfəsə danışmaq” ifadəsindəki
məsdəri “yazmaq”la əvəzləməli: O, 1917-ci
ilin payızında Rusiya parlamentinə Azərbaycan
və Türküstandan millət vəkili seçilir,
1918-in mayında daxili fraksiyaların çəkişmələri
nəticəsində ləğv olunan Zaqafqaziya seyminin
müsəlman fraksiyasındakı müxtəlif partiyaların
üzvlərindən ibarət Azərbaycan Milli Şurası
yaranır, Rəsulzadə sədr seçilir... və
1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyəti
elan olunur!
Ədəbiyyat, mədəniyyət fəaliyyəti
Onun ədəbi-bədii yaradıcılığı,
pyesləri, alovlu publisistikası nə danışmaqla
başa gələsidir, nə yazmaqla. Yaxşı
olardı daha qısa nüanslara
toxunaq. Bakı Dövlət Universitetinin yaranması Rəsulzadənin
adı ilə bağlıdır. Bu
məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində
çıxış və universitetin
açılmasını qəti tələb etmişdir. Universitetin
ilk rektoru olmuş professor V.Razumovski 1922-ci ildə çap
etdirdiyi "Bakı şəhərində
universitetin əsasının qoyulması"
adlı xatirə oçerkində ilk ali təhsil ocağımızın
“M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi”
sayəsində yaradıldığını yazır.
...O isə orda-burda onu burjua xadimi kimi damğalamağa
çalışanlara cavab olaraq yazırdı:
"Mən kasıbçılıq üzündən ali
təhsil də ala bilməmişəmsə, öz pulu
ilə Rusiyada və Qərbi Avropada təhsil alıb, bu
gün özünü sədaqətli bolşevik kimi
qələmə verən sizləri nə adlandırmaq
olar?!."
Təbrizdə dünyaya gəlsə də, əslən
ordubadlı - M.Ə.Rəsulzadə ilə birlikdə
İran məşrutə inqilabının əsas rəhbərlərindən
biri, sonralar İranın ən görkəmli dövlət
xadimi, diplomatı və alimi sayılan Seyid Həsən
Tağızadə isə "Sühən" jurnalında
onu belə adlandırırdı:
“Rəsulzadə, bütün ömrü boyunca,
Şərq dünyasında tayına rastlaşmadığım,
mübağıləsiz söyləyə biləcəyim
fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli,
qüvvətli və sağlam məntiq
sahibi, təmiz qəlbi, doğru sözü,
mətanəti, tam mənasıyla dürüst, fikir və
yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir
insandı. Belələrinə zəmanəmizdə və hələ
bizim tərəflərdə rast gəlmək mümkün
deyil”.
...Və son (?)
Onun gördüyü ümummilli işlərin,
saçdığı transmilli düşüncələrin,
yazdığı ictimai çəkili, siyasi siqlətli,
elmi-populyar, informativ-publisistik məqalələrin,
ədəbi-bədii əsərlərin, rəsmi dövlət
tribunaları və xəlqi yığıncaqlarda etdiyi
çıxışların, həbsxanada keçirdiyi,
məxfi “sərnişin”liklərdə sinirdiyi, dövri-fövri
mühacirətliklərdə, leqal və qeyri-leqal dissidentliklərdə
yaşadığı hisslərin oçerk-pannosu
nəinki bu səhifəyə, heç redaktoru olduğu
neçə-neçə qəzet-jurnal səhifələrinə
də sığmaz deyə, sonda qəlbimdə - vətənsevərliyimizin
ümumabidəsi sanılası bəlli bir bayatımızda
dual-suallı bir rekonstruksiya ehtiyacı boy atı:
Sevməyə doğma Vətən,
Ölməyə qürbət yaxşı?..
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 31
yanvar.- S. 10.