“...Göylərdə
çaxacağam!”
Poetik çaxışlar, lirik naxışlar şairi Zeynal Xəlil
Bu imza uzun illərdir eşitdiyimiz
yüzlərlə gözəl mahnılar içərisində
özəl ovqat doğuranlardandır.
Bəli; “Sözləri
Zeynal Xəlilindir”...
Və bu elanatlar öncəsi (və
ya sonrası) adları çəkilən
ustad ifaçılar: Bülbül,
Rəşid Behbudov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova...
Şairliyin təsdiqatında oxucu əsas meyardırsa, dinləyici - məhək daşıdır. Nədən ki, birincidə araçı tək (naşir), ikincidə isə ikidir (bəstəkar və müğənni)...
Bu şair...
Sağlığında “bağ belə, bostan elə!” iddialarıyla yaşamamış bu şairin şeirləri yoxluğunda da “mənəm-mənəm”likdən uzaq bir mütaliə dövrü, “xüsusi”-“məxsusi”liklərdən kənar efir-ekran sədası, tədbir-xatirat ömrü yaşamaqda...
Belə taleli, bu “qəbil”li ədiblər haqda düşünüb-daşınanda xəyal belə bir nüansa da getməyə bilmir ki, bu dünya onu yazanların görüb-göstərdiklərindən də mürəkkəb...
Bu da bir həqiqət ki, Zeynal Xəlil, tərif-təltifi “sağa-sola” xərcləyən bəzi trafaretçilər demiş - “dahi”, “korifey” deyildi və yaradıcılığı “şedevr” kimi saxta “ayama”lardan xalidir. Ancaq bu şeir və poemalardakı xəlqi-elat məziyyətlər, flora gözəlliklərilə bağlı metaforalar bu müəllifi bəzi çağdaş-sağdaşlar barəsində vaxtaşırı oxuyub-eşitdiyimiz “al-əlvan”, “poetik”, “özünəməxsus” kimi “tənqid və biblioqrafiya” (bu kontekstdə - tənqid və “bülbüloqrafiya”) nominasiyalarınadamı layiq etmir?
Bu məqamda qeyd etməli ki, bu qənaətə “əks-müddəa” sözlərin hamısı sözdür, qadam! Qarşısına bir “çülük” artırdıqda əyarı üzə çıxan söz. Yəni sözçülük! Gərəkdir ki, hər hansı bir sənət adamı haqda yazanda qəlblərdə onun bəstə, fırça, tişə, ifa yazısına pozu olub-olmaması, milli mədəniyyət xəzinəsinə əbədi bir şey verib-verməməsi, dövrdən-dövrə yonqarlanan maraq testinə düşüb-düşməməsi barədə bəhs edib, hər bir “özünəməxsus”u onun “sözünəməxsus” şəkildə qiymətləndirəsən. Mən, hələ məsələnin ondabiri hesab etdiyim bu qənaətə bu yazıya hazırlaşma ərəfəsində internet “ədəbiyyat”ında Zeynal Xəlil haqda yer alan fikir və münasibətlərdən gəldim və and olsun klassik ədəbi haqqa ki, bu publisistik qərəzim yazanlara qarşı deyil, yazılanlara dairdir. Yəni, belə ki, hər şeyin, hər kəsin öz qiyməti, hər qiymətin öz yiyəsi var...
Deməli...
Bəlkə heç bunu deməməli?..
Yox, axı necə deməməli ki, 1973-dən - dünyasını dəyişəndən bəri bu şair ancaq və ancaq mahnılarının efirdə səsləndirilməsinə ehtiyac yarandığı zamanlar yad edilir. Təəssüf ki, “təsadüfən” onun “üç gündən bir, beş gündən bir” adlı da mahnısı yoxdur, olsaydı, “nədən bu reqlamentdə təqdim-tərif edilən ədiblərin vaxtlarından beş-üç dəqiqə kəsib, bu kimi biqismət şairləri də, heç olmasa, “üç ildən bir, beş ildən bir yad etmirik” irad-muradım daha alletrativ səslənərdi...
Hə, necə bəyəm, bu şairin də hərdən yad edilib, ruhunun şad edilməsi (“qəzetəçi Rza” demişkən) məqsədə müğayir deyilmi? Sualımı müsbətləməmək mümkünsüz. Nədən ki... Məsələn, dükan-bazarda mallar həm də o vaxt tökülüb-qalır ki, istehlakçıların zövqü çox yüksək olur. Sənət “bazar”ında da belədir və buranın ədəbi (xüsusən poeziya!) köşkündə alıcıların (alıcılığın) ən bəyənməzi, ən kübarı bəstəkarlardır ki, bu sarıdan Zeynal Xəlil də “biznesi” gətirmiş söz “sahibkar”larındandır. Deyim ki, mən onun şeirləri ilə kitablarından daha çox, müğənnilərin, xanəndələrin ifalarında tanış olmuşam. Məncə, bunun bir səbəbi də ondadır ki, Zeynal Xəlilin şeirləri beyindən çox qəlbə işləyir. Zeynal Xəlil vərəqlərində üç nöqtəli lirik qidalar əmranə-dramatik nidalardan qat-qat çoxdur və bu an daha bir “sarı sim”: sovet ədəbi hasarı içərisində yalnız üzdə gülən bu şairin içində daimi bir sızıltı vardı. O sızıltılar bəzən, şairin qafiyələrini də caydırır, tutalım, “tar” ifadəsinin davamı kimi car çəkən “xar” kəlməsi əvəzinə “yar” yazdırırdı. Dəli Kürün, Xan Arazın mənbəyindən (Türkiyəlikdən) yayınıb, mənsəbindən (“Sovet Azərbaycanı”lığından) başlamalı olurdu. Bu çaylardan nisgilli bəllisi haqda necə “ayırdılar” yazaydı ki, qafiyəsi “qan ilə doyurdular” gəlirdi...
Deyək ki, nə qədər qoruq-qaytaq qoyulsa da, buyruq-duyruq edilib bezdirilsə də, o, sözü “bez”ə, zikri fikrə büküb yazırdı:
- Nə qədər çaxacaqsan bu göylərdə sən?
- Bilmirəm... Nə qədər ki bu çöl, bu yamac,
Yağışa, sulara duyur ehtiyac,
Nə qədər göylərdə qara bulud var,
Zil qatı zülmət var, qatı sükut var -
Onları yandırıb-yaxacağam mən,
Od töküb göylərdə çaxacağam mən!..
Çox belə sətiraltılar yazmış bu şairin -
Yazmadığı bir fikri haqda
“Mən Yelizavetpolda doğulmuşam, Kirovabadda boya-başa çatmışam, inşallah, Gəncədə ölərəm”.
Hə, yazılı xatirələrində, ikicildliyində olmayan bu sözləri o, günlərin bir günü Filarmoniyanın çayxanasında deyib. Belə deyimləri tez-tez olarmış. Bir kərə şair dostlarından biri ona “Sən yazda doğulduğuna görəmi bahardan-yazdan bu qədər yazırsan?” - deyəndə, qayıdır ki: “Bəli, necə ki, sən payızda doğulduğunçün Böyük Oktyabrdan bu qədər yazırsan! İnşallah, mənim anım günlərimə gül gətirərlər, səninkinə əklil...”
Şairlərin həyatında belə zarafatlar, baməzə “rişxənd”lər az olmur. Həyatı “taleyin ironiyaları” ilə də müşayiət olunmuş Zeynal Xəlilin öz doğum ünvanıyla bağlı həmin o ağrılı-məzəli şifahi xatirat da bunlardan biri. 1914-cü ildə Yelizavetpolda doğulan bu əsil-nəsilli şair yeddi yaşında ikən atasını itirib. 1937-ci ilin repressiyaları onun şairlik duyğuları ilə çox “qaçdı-tutdu”lar oynayıb - baxmayaraq ki, bir il öncə çap olunmuş “İstək” adlı ilk şeirlər kitabında könüldən istəmədiyi məsələ-mətləbləri də bəyan etməli olmuşdu. Kitablarının adları (“İstək”, “Yəhərləyin atları”, “416”, “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz, insan”, “Ulduzlar”, “İntiqam”, “Ata yolu”) təkcə nəşr nişanələri kimi deyil, həm də ömür-gün naxışları, tələsi daim pusquda olan tale haray-həşiri kimi də səslənən şairin yaradıcılığına sovetlərin “qlavlit” adlı hədə-barmağı çox müdaxilələr edib. Onu toxunduğu mövzuların milli mahiyyətinə enməyə, “40-cı qapı”ları açmağa rüsxət verməyib. Təbiət “siyasət”ində isə Zeynal Xəlil qələmi istənilən səmtə gedir, istedadı daxilində istənilən dərinliyə işləyirdi.
...Mən yarpağa nəzər saldım:
Şaxta vurmuş, gün döymüş -
Çöhrəsi damar-damar.
Yerdən-göydən soruşdum,
Dedim səhər yelinə:
- Söylə, neçin bənzəyir
Yarpaq insan əlinə?..
Onun yazmadığı,
ürəyində o dünyaya
apardığı təəssüf
faktı ilə bitirməyə bilmirəm
bu yazını. Bəli, o, dünyasını
dəyişəndə (11 avqust
1973) 1914-cü ildə doğulduğu
Yelizavetpol hələ
Kirovabad adlanırdı. Və o vaxt nekroloqlarda “Allah rəhmət eləsin” yazmaq da yasaq
idi. Elə bu iki fakta
görə, Allah ulu Gəncənin az-az yad etdiyimiz bu
gözəl şairinə
qəni-qəni rəhmət
eləsin!..
Tahir Əhmədalılar
Mədəniyyət.- 2015.- 1 aprel.-
S. 13.