Musiqimizdə parlaq izi qaldı...
Azərbaycanın
musiqi xəzinəsinə töhfələr
verən, onun üslub
rəngarəngliyində yeni səhifələr
açan və özündən sonra parlaq iz
qoyan sənətkarlar çox
olub. Belə görkəmli sənətkarlardan
biri görkəmli bəstəkar, Xalq artisti Rafiq
Babayevdir.
Rafiq Fərzi oğlu Babayev 1937-ci il
martın 31-də Bakıda
anadan olub. O, dünyaya göz açmamış atası
repressiyaya məruz qalır, ailənin bütün əmlakı müsadirə edilir. Anası Şahbəyim xanım ailəni təkbaşına
dolandırmağa məcbur
olur. Rafiq incəsənətdən uzaq mühitdə böyüsə də, onda musiqiyə böyük maraq yaranır. Ana övladının istək
və arzusunu nəzərə alaraq onun sənədlərini
1943-cü ildə musiqi
məktəbinə verir.
Burada təhsilini başa vurduqdan sonra, 1950-ci ildə A.Zeynallı adına
musiqi məktəbinə
qəbul olunur və R.S.Levinanın
fortepiano sinfində təhsil
alır.
1954-cü ildə məktəbi
müvəffəqiyyətlə başa vurur. Buraxılış imtahanında onun ifa etdiyi proqrama
klassik əsərlərlə
yanaşı, amerikalı
caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilir.
İlk dəfə imtahan səhnəsində R.Babayevin
ifasında improvizasiya
səsləndirilir. İmtahan komissiyasının
tərkibində görkəmli
bəstəkar Fikrət
Əmirov gənc musiqiçinin cəsarətli
çıxışını layiqincə qiymətləndirir.
R.Babayevin konservatoriyada oxuduğu illər bir-birindən daha maraqlı və yaradıcı mühitdə keçir. O, özünü
bütünlüklə caz
musiqisinə həsr edir. Təhsilini uğurla tamamladıqdan
sonra qrupun musiqi rəhbəri kimi keçmiş ittifaqın müxtəlif
şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır.
Bakıya döndükdən sonra yaradıcı həyatında
həlledici mərhələ
başlayır. O, görkəmli
müğənni Rəşid
Behbudovla tanış
olur. 1964-cü ildə pianoçu ilk dəfə SSRİ sərhədlərindən
kənarda - Misirdə
çıxış edir.
1967-ci ildə R.Behbudov Mahnı Teatrını yaradır, musiqi rəhbəri vəzifəsinə isə
R.Babayevi dəvət edir. Müəyyən fasilələrlə onlar 1983-cü ilə qədər bir yerdə işləyirlər.
R.Babayev burada çalışdığı
vaxtlarda böyük bir məktəb keçir. Müsahibələrindən
birində belə deyir: “Sözsüz ki, belə bir
istedadlı müğənni,
bəstəkarla işləmək
mənim yaradıcılığıma
böyük təsir etdi. Mən Mahnı Teatrına
gələndə çox
gənc idim. Onun gözəl vokal məktəbini keçdim.
Bu mənada Rəşid
Behbudov nümunə idi”.
Onlar birlikdə möhtəşəm
teatrlaşdırılmış konsert proqramı ilə (bu proqrama
gənc instrumental ifaçılar,
müğənnilər, rəqqaslar
cəlb olunmuşdu) keçmiş ittifaqın
bir çox şəhərlərində və
eləcə də Əfqanıstan, Türkiyə,
İraq, Bolqarıstan,
Macarıstan, Yəmən,
İordaniya, İsveçrə,
Almaniya, Pakistan, Hindistan,
Əlcəzair, Belçika
və s. ölkələrdə
müvəffəqiyyətlə çıxışlar edirlər.
R.Babayev yaradıcılığını daha da inkişaf
etdirir, “Bayatı-kürd
ladında” (1966) və
“Sayrışan ulduzların
işığı” (1967) kompozisiyalarını
yaradır.
Onu da qeyd edək ki, R.Babayev muğam
strukturunda sərbəst
oriyentasiya edən, orkestrin intonasiya və texniki imkanlarına, Azərbaycan
vokal sənətinin ən zərif melizmlərinə dərindən
bələd olan bir sənətkar olub. 1967-ci ildə Estoniyanın
paytaxtı Tallində
keçirilən beynəlxalq
festivalda onun rəhbərlik etdiyi ansambl laureat adına layiq
görülür. Bu festivalda ifa olunan “Bayatı-kürd ladında” kompozisiyası özünəməxsus milli
koloriti ilə məşhur amerikalı caz tənqidçisi Uillis Konoverin ruhunu oxşayır. Tənqidçi bəstəkarın yaradıcılığını çox bəyənir.
Görkəmli musiqiçi ifaçılıq
sənəti ilə yanaşı, bəstəkarlıq
sahəsində də
yeni-yeni əsərlər
ərsəyə gətirir. Ü.Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasının motivləri əsasında
yaratdığı eyniadlı
fantaziya-parafraz, “Nisgillik”
albomu, “Bayram yürüşü”, “Bakının
nəbzi”, “Dağlarda
bayram”, “Portret”, “Qobustan” kimi instrumental pyeslər, bir sıra bədii və sənədli filmlərə yazılan musiqilər, xalq və bəstəkar mahnılarının işləmələrini
misal göstərmək
olar.
Maraqlı yaradıcılıq yolu keçən R.Babayev ifaçılıq sənətimizdə
öz dəst-xətləri
ilə seçilən
sənətkarlar da yetişdirib. Onun yetirmələrindən söz düşərkən
ilk olaraq Cəmil Əmirov, Ələsgər
Abbasov, Siyavuş Kərimi, Rauf Sultanov kimi tanınmış
sənətkarlar göz
önünə gəlir.
1991-ci ildə R.Babayev
rəhbərlik etdiyi
“Cəngi” estrada-folklor
ansamblı ilə bir sıra ölkələrdə
konsertlər verir, musiqisevərlərin böyük
rəğbətini qazanır. Onun Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə təbliği sahəsindəki
xidmətləri yüksək
qiymətləndirilir, 1993-cü ildə respublikanın “Xalq artisti” fəxri
adına layiq görülür.
Azərbaycan xalqı 1994-cü ilin 19 martında dəhşətli
bir faciənin ağrılarını yaşadı. Erməni xüsusi
xidmət orqanlarının
Bakı metropoliteninin
20 Yanvar stansiyasında
törətdiyi terror aktı
neçə-neçə günahsız
insanın arzularını
yarıda qoydu. Faciə zamanı həlak olanların arasında Rafiq Babayev də vardı... Onun musiqi mədəniyyətimizdəki
parlaq izi neçə-neçə nəsilləri
böyük uğurlara
səsləyəcək.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 1 aprel.-
S. 12.