Şərəfli
sənət yolu
İrəvan teatrı - 133
Teatr elə bir məkandır ki, bu sənətə gələn hər bir insan anlamalıdır ki, bura yalnız və yalnız mənəvi qida bazası, özünüifadə meydanıdır. Yaşanan ömrün bütün mahiyyəti bu sənəti seçənlər üçün yalnız burada öz mənasına qovuşa bilir. Ömrünü teatra bağlayanlar burada ən ağır çətinliklərlə üz-üzə dayanma, ən gərgin məqamlarla mübarizə aparma, bəzən maddi imkansızlıqla çox səmimi şəkildə qol-boyun olma və belə halları özünə, öz taleyinə məhkum olunmuş bir həqiqət kimi qəbul etməyə vadar olduğunu dərk etməli və bununla barışmaqdan çəkinməməlidir, əksinə, bununla çox böyük ruh yüksəkliyi ilə qürurlanmalıdır. Çünki bu sənətin sahibləri hər kəsə nəsib olmayan, düşüncə, hiss, duyğu, daxili bütövlük, mənəvi rahatlıq və təmizlənmə, saflaşma, kövrək və istiqanlı qəlb dolğunluğu, idrak və təfəkkür dərinliyi, zövqlü və kübar zənginlik, alicənab və mükəmməl şəxsiyyət və sair kimi mütləq sərvət zənginliyi ilə Tanrının mükafatını qazanmaq imkanında ola bilirlər. Və bu sənətə məhz sənət naminə gələnlər gec-tez həmin mükafata layiq mərtəbəyə çata bilirlər və özlərindən sonra həyatda qoyub getdikləri böyük sənət nümunələri ilə tarixdə öz yerlərini tuturlar və bu yer - belə bir müstəvi insan olan kəs üçün ən mötəbər bir məkandır. Bu məkana daxil olmaq, həmin məkanın sakininə çevrilmək üçün yerli-yersiz, vaxtlı-vaxtsız, layiqli-layiqsiz, tələm-tələsik, haqlı-haqsız göstərilən canfəşanlıqlar həqiqi sənətkarların düşüncəsinə, onların arzu meyarlarına uyğun olmayan bir havacatdır ki, həqiqi sənətkarlar belə havacatlara oynamamaqla öz ruhlarını xəstələnməkdən həmişə qoruyurlar. Əsl sənətkarlar bütün varlıqları ilə, ömürlərinin sonuna qədər yalnız və yalnız sənətləri ilə məşğul olurlar. Fikrimcə, bu meyarı İrəvan teatrının kollektivi yarandığı gündən etibarən anlayır, dərk edir və elə bu qüdrət də həmişə onun bütün həyatının mənasını ifadə etmişdir.
2 aprel 1882-ci ildən peşəkar fəaliyyətə başlandığı bilinən İrəvan teatrının tarixinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bu sənət ocağı zamanın və dövrün ictimai-siyasi mənzərəsi fonunda o dövr ziyalı mühitinin yaratdığı tərəqqinin sürətli axını istiqamətinə qoşulmuş cəmiyyətin teatr sənətinə olan tələbləri dinamikasının təsir qüvvəsindən, beləliklə, böyük bir zərurətdən yaranmışdır. Teatrın fədakar kollektivi bütün fəaliyyəti boyu öz sənətkarlıq qüdrətləri ilə cəfakeşlik, əzmkarlıq, mübarizlik nümayiş etdirmiş, yaratdıqları çoxjanrlı səhnə əsərləri ilə cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə çox dolanbac yollardan keçsə də, Azərbaycan teatr sənəti salnaməsinə böyük töhfələr verməklə yanaşı öz ənənələrini yaratmış, özünəməxsus bir sənət məkanına çevrilmişdir.
İrəvan teatrının yaradıcılıq potensialının məzmun və mahiyyətində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur. Bu teatrın kollektivi bütün yaradıcılıq tarixi boyu - həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə hər bir səfərində, geniş yaradıcılıq imkanlarının miqyasını göstərməklə yanaşı, həm də İrəvan və Qarabağ həqiqətlərinin carçısı olduğunu dönə-dönə və qəhrəmancasına sübut edir.
Son bir neçə ildə M.F.Axundzadənin “Mürafiə vəkilləri”, Hidayətin “Vətəndən ağırdı Vətənin yükü”, İftixarın “Soyqırımı tarixinin dastanı” (2012), Anarın “Qaravəlli”, İftixarın “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan”, E.İoneskonun “Stullar” (2013), X.Əliyevin “Xan bəzəmə oyunu”, X.Qocanın “Vəzifə dəlisi”, E.Hüseynbəylinin “Qaçaq qocalar”, Hidayətin “Burdan min atlı keçdi” (2014), D.Çizməlinin “Cümhuriyyətin ilk sədası” və N.Dumbadzenin “Didro” (2015 - son iki əsər beynəlxalq layihə olaraq hazırlanmışdır) və başqa müəlliflərin əsərlərinin bir-birindən maraqlı premyeraları ilə öz sevimli tamaşaçılarını sevindirə bildi.
Teatrın repertuarını bəzəyən müxtəlif janrlı əsərlər sırasında vətənpərvərlik ruhu aşılayan nümunələrə xüsusi yer ayrılır və həmin əsərləri geniş tamaşaçı auditoriyasında dəfələrlə nümayiş etdirməyə çalışırıq. Bu əsərlərin xarici ölkələrdə nümayişini həyata keçirmək də bizdən ötrü prioritet məsələlərdən olduğu üçün buna daha çox əmək sərf edirik. Bu mövzuda olan tamaşalarımızı biz adətən Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi ilə beynəlxalq layihə miqyasına yüksəldirik.
2011-ci ildə Türkiyə Cümhuriyyətində böyük coşqu ilə qarşılanan qastrol səfərimizdən sonra 2013-cü ildə qardaş ölkədən soyqırımı hadisələrini əhatə edən məzmunda bir əsərin nümayişi üçün yeni dəvət aldıq. Lakin bu təklifdə bir məsələ şərt olaraq qarşımıza konkret şəkildə belə qoyulmuşdu ki, əsər mütləq mənzum olmalıdır. Belə olan halda gecikmədən “Soyqırımı tarixinin dastanı” mənzum, xronikal, tarixi dramını ərsəyə gətirdik. Yeni, orijinal bir tamaşa hazırladıq və həmin tamaşa ilə 2013-cü il martın 20-dən 27-dək Türkiyənin Qars, İqdır, Manisa, Kuşadası və Uşak şəhərlərində qastrol səfərində olduq. Biz əvvəlki illərdə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki dəfə geniş heyətlə və Türkiyənin geniş coğrafi ərazisini əhatə edən qastrol səfəri həyata keçirmişdik. İlk səfərimiz Prezident sərəncamı ilə teatrımızın 125 illiyinin Bakıda təntənəli şəkildə keçirilən törənindən sonra yubiley tədbirlərinin Türkiyədə davam etdirilməsi məqsədi ilə gerçəkləşmişdi. Bütün bunlar İrəvan teatrının tarixində parlaq səhifələrdir.
2013-cü ildəki səfər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyasının tədbirlər planı çərçivəsində, Türkiyə Cümhuriyyətinin Uluslararası Azərbaycan Kültür, Dil, Tarix, Araşdırma Mərkəzinin dəvətinə uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdi.
Qastrol səfəri 21 mart 2013-cü ildə ulu öndər Heydər Əliyevin Qars şəhərində ucaldılmış abidəsinin ziyarəti ilə başlandı və həmin axşam kollektiv Qars şəhərinin “İmperator” salonunda keçirilən möhtəşəm Novruz bayramı şənliyinə dəvət aldı. Qars-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Göksəl Qayğısız, Qarsdakı Azərbaycan konsulunun müavini Fariz Cəfərov və digər rəsmilərin də qatıldığı mərasim iki qardaş xalqın ortaq mədəniyyətinin nümayişi ilə yaddaşlarda qaldı. Böyük coşqu ilə keçən şənlikdə teatrın aktyorları Bahar qızı, Kosa və Keçəl obrazları ilə qonaqları salamladılar.
Martın 22-də İqdır vilayətinə yola düşən kollektivlə İqdır Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyində görüş keçirildi. ASİM-DER Dərnəyi idarə heyətinin sədri Göksel Gücbey qurumun gördüyü işlər barədə geniş məlumat verdi. Axşam İqdır Kültür Mərkəzində azərbaycanlı və türk teatrsevərlər qarşısında “Soyqırımı tarixinin dastanı” tamaşası böyük coşqu ilə oynanıldı. Tamaşadan sonra kollektivimizə mükafatlar təqdim edildi.
Əsərdə həm bədii material, həm də maraqlı rejissor yozumu məharətli aktyor ifası ilə vəhdətdə dolğun və təsirli bir tamaşanın yaranmasına səbəb olmuşdu. Ən çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycana gəlişi səhnəsində tamaşaçı salonu ayağa qalxırdı. Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnəsi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!” sözlərinin səsləndirilməsi səhnəsinin yaratdığı coşqu tamaşaçılara böyük həyəcan yaşadırdı.
Finalda aktyorların “Qalx ayağa, Azərbaycan!” xitabından sonra isə səslənən marşın sədaları altında bütün tamaşaçılar ayaq üstə Türkiyə və Azərbaycan əbədi dostluğunun rəmzi olan bu tamaşanı xüsusi sevgi ilə alqışladılar.
Tamaşadan sonra çıxışlar oldu. Öz çıxışlarında əsərin yaratdığı coşqu barədə danışan İqdır millət vəkili Sinan Oğan, ASİM-DER başkanı Göksəl Gücbey, İqdır Universitetinin rektoru, prof. dr. İbrahim Haqqı Yılmaz və digər rəsmi nümayəndələr bu tamaşanın soyqırımı həqiqətlərinin üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını və əsərin Türkiyənin bütün şəhərlərində göstərilməsinin vacibliyini qeyd etdilər. Millət vəkili Sinan Oğan tamaşanın təkcə Türkiyədə deyil, hətta Avropa şəhərlərində də oynanılmasının daha doğru olduğunu və bu istiqamətdə hər cür yardımçı olmaq niyyətini bildirdi. Mərasimin sonunda şəhər rəhbərliyi adından teatrın kollektivinə mükafatlar təqdim olundu.
Martın 23-də teatrın
kollektivi Qars-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin
Qars Xalq Təhsil Mərkəzində keçirdiyi, əslən
Gəncə şəhərindən olan, Qarsın məşhur
aktyoru Səttar Güldürün xatirəsinə həsr
edilmiş gecəyə qatıldı. Təntənəli mərasimə
Səttar Güldürün nəvələri Nəsrin
Əskəran Ünal və İlham Əskəran da dəvət
olunmuşdular. Gecədə
dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasından parçalar oynadıq. Qeyd edək ki, həmin
il operettanın 100 yaşı qeyd olunurdu.
Tamaşa “O olmasın, bu olsun” operettasının qəhrəmanı
Məşədi İbadın monoloqu ilə başlayır, sonra
“Arşın mal alan”a keçid alır və
sonda yenə Məşədi İbad tamaşaya yekun vuraraq sənətsevərləri
növbəti qastrolda bu əsərin tamaşasına dəvət
edirdi.
Bu məqamda Azərbaycan teatr sənəti tarixi
üçün yeni olan, bizim aşkar etdiyimiz bir faktı da
qeyd etmək yerinə düşər. XX əsrin əvvəllərində
Gəncə şəhərindən Qarsa pənah
aparmış Səttar Güldür (o Səttar Güldür
ki, ilk türk kinofilmində rol almışdır!) Qars şəhərində Azərbaycan
teatrının bünövrəsini qoymuş, uzun müddət
teatr öz fəaliyyəti ilə həmin bölgədə
xeyli tanınmış, hətta böyük Atatürk Qarsda
onların tamaşasına baxmışdır.
25 mart
tarixində Manisada, Manisa valisinin xahişi ilə “Arşın
mal alan” tamaşası da oynanıldı. Gecəyə təşrif buyuran vali Xəlil
İbrahim Daşöz tamaşadan sonra kollektivin bir neçə
üzvünü öz iqamətgahında qəbul etdi.
Vali belə möhtəşəm tədbirlərin həyata
keçirilməsi üçün atılan cəsarətli
addımlara görə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya və vitse-prezident Leyla
Əliyevaya, təşkilati işlərin həyata
keçirilməsinə dəstək olduqlarına görə
isə Azərbaycan Respublikası mədəniyyət və
turizm nazirinə, Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısına təşəkkür və
salamlarının çatdırılmasını bizdən
xahiş etdi. Görüşün sonunda biz tərəfdən
nazir Əbülfəs Qarayevin adından Manisa valiliyinə hədiyyə,
valiliyin adından isə teatra hədiyyə və mükafat təqdim
olundu.
“Arşın
mal alan” operettası martnın 26-da
Kuşadasının teatr salonunda da böyük uğurla
oynanıldı. Şəhərin bələdiyyə
başqanı M.Esat Altungün tamaşadan məmnun
qaldığını söylədi.
Martın 27-də isə Uşak Universitetinin müəllim
və tələbə heyəti ilə
görüşümüz oldu. Uşak Bələdiyyəsi
Atatürk Kültür Mərkəzində kollektiv
“Soyqırımı tarixinin dastanı” tamaşasını təqdim
etdi. Tamaşaçıları göz
yaşlarına qərq edən əsərin təsir qüvvəsi
sonda yenə böyük coşqu yarada bildi. Tədbirdə Uşak valisi Mehmet Ufak Ərdən,
Uşak bələdiyyə başqanı Nevzat Turan və digər
rəsmilər iştirak edirdilər. Bütövlükdə,
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının Türkiyə Cümhuriyyətinə
qastrol səfəri boyu bütün şəhərlərdə
təkrar olunan səmimi qarşılanma ümumilikdə Azərbaycan
xalqına, dövlətinə, mədəniyyətimizə və
teatr sənətimizə olan sevginin, ehtiramın göstərici
idi.
Belə
beynəlxalq layihələrdən birini 26 fevral 2015-ci il tarixində Gürcüstan Mədəniyyət
və Abidələrin Qorunması Nazirliyi və Heydər
Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan
Dram Teatrı ilə birgə həyata keçirdik. Layihə
yenə də “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində, gürcü
dramaturqu Nodar Dumbadzenin “Didro” hekayəsinin və müxtəlif
əsərlərinin motivləri əsasında Tiflis
teatrının aktyoru və rejissoru Turqay Vəlizadənin
quruluşunda hazırlanan çox maraqlı bir
tamaşanın nümayişi ilə gerçəkləşdi.
Tamaşada İrəvan teatrının sənətkarları,
Əməkdar artist Vaqif Kərimov, Esmiralda Şahbazova ilə
yanaşı gənc istedadlı aktyorlar Əhliman
Ərşadlı, Şəbnəm Cəbrayılova, Samirə
Hacıyeva, Solmaz Məmmədova, Ceyhun Əliyev və Tiflis
teatrının aktyorları Aslan Məmmədovla Leyla
Qasımova da iştirak edirdilər. Müharibə əleyhinə
hazırlanmış, Azərbaycan və gürcü
xalqlarının, eləcə də müharibələrə,
soyqırımına məruz qalmış bütün
xalqların dərdini ehtiva edən bu beynəlxalq layihəyə
9 aprel 2015-ci il tarixdə Tiflis şəhərində
yekun vurulacaqdır.
Teatrımız Binəqədi Rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə də bir neçə layihə
həyata keçirmişdir. İşimiz A.Babayevin
“Xilaskar” əsərinin tamaşası ilə başlandı.
Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyinin
təşəbbüsü ilə ardıcıl olaraq bir
neçə yeni layihə həyata keçirildi. Rayon ərazisində
20 Yanvar qurbanlarının xatirəsinə
ucaldılmış “Güllə yağışı” abidəsinin
önündə “Soyqırımı tarixinin dastanı” mənzum
tamaşasından parçalar oynadıq. Binəqədi Rayon
İcra Hakimiyyətinin təşəbbüsü ilə,
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş, teatrın baş rejissoru Oruc Qurbanovun quruluşunda
hazırlanmış, müəllifi olduğum “Qurtuluş
dastanı” tamaşasını 2013-cü ildə Akademik Milli
Dram Teatrının səhnəsində nümayiş etdirdik. Müstəqillik tariximizə, ulu öndər Heydər
Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə
həsr olunmuş səhnə əsəri böyük maraqla
qarşılandı.
Qeyd etməliyəm ki, öz əzəl məkanına
dönmək arzusunu heç vaxt unutmayan və buna görə
də repertuarında vətənpərvərlik ruhu
aşılayan əsərlərə həmişə
müraciət edən İrəvan teatrı ulu öndər
Heydər Əliyevin fenomenal qüdrətini təcəssüm
etdirən daha bir neçə böyük əsərə səhnə
həyatı verib. Kollektiv A.Babayevin “Xilaskar”, İftixarın “Qurtuluş
dastanı”, “Nurlu ömrün anları”, ümummilli liderimiz
Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin və
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan mədəniyyətinin
hamisi Mehriban Əliyevanın da obrazlarının yer
aldığı, möhtərəm Prezidentimizin 50 illik
yubileyi ərəfəsində onun quruculuq missiyasına həsr
olunmuş “İşıqlı, nurlu sabah” mənzum
dramının və ulu öndərin bədii obrazının
təcəssüm tapdığı tanınmış
şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərlərinin
tamaşaya hazırlanmasında böyük səy göstərib.
Bu faktı da qürurla qeyd etmək istərdim
ki, ulu öndərin bədii obrazının geniş miqyasda səhnə
təcəssümü ilk dəfə məhz İrəvan teatrında
reallaşmışdır. Bu reallıqda,
oynanılan bütün əsərlərdə aktyor kimi
taleyimə nəsib olan, ümummilli liderimizin bədii
obrazının səhnə təcəssümünü
yaşamaq imkanı həyatımın ən fərəhli və
unudulmaz hadisəsi kimi qürurverici bir faktdır.
Onu da diqqətə
çatdırmaq yerinə düşər ki, Zihni
Papaqçının “Soyqırımı abidəsinin
dastanı” və müəllifi olduğum “Soyqırımı
tarixinin dastanı” əsərlərində Osmanlı dövlətinin
nəhəng sərkərdəsi olan Nuru Paşanın bədii
obrazı Azərbaycan teatr məkanında ilk dəfə
İrəvan teatrının səhnəsində öz təcəssümünü
tapdığı kimi, türk yazarı Demet Çizməlinin
“Cümhuriyyətin ilk sədasi” əsərində Türkiyə
Cümhuriyyətinin yaradıcısı, böyük öndər
Mustafa Kamal Atatürkün və ünlü türk sərkərdəsi
Kazım Qarabəkir paşanın bədii obrazları da ilk dəfə
İrəvan teatrının səhnəsində
canlandırılmışdır.
2013-cü
ildə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü
və dəstəyi ilə aşağıda adları çəkilən
mənzum əsərlərin yazılması və tamaşaya
qoyulması da (noyabr ayının 7-də “Azərbaycan
bayrağı”, ulu öndərin anım günü münasibətilə
dekabrın 12-də “Nurlu ömrün anları”, 2014-cü ilin
17 yanvarında 20 Yanvar qəhrəmanlarının anım mərasimi
üçün “Qalx ayağa, Azərbaycan!”) teatrın yerli
icra orqanı ilə müştərək fəaliyyət
dinamikasından xəbər verir. Həmin layihələrdən
biri - “Nurlu ömrün anları” tamaşası ilə,
Gürcüstan Teatr Xadimləri İttifaqı və “Günəş”
Assosiasiyasının dəvəti, Mədəniyyət və
Turizm Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin
birgə dəstəyinə əsasən, 2014-cü ilin 8-12
may tarixində Gürcüstanın Tiflis, Rustavi, Qardabani,
Marneuli, Bolnisi (Kəpənəkçi kəndi)
rayonlarında qastrol səfərində olduq.
Bugünlərdə “Çanaqqala zəfəri” adlı daha bir yeni beynəlxalq layihənin gerçəkləşməsinə start vermişik. Türkiyəli yazıçı D.Çizməlinin “Cümhuriyyətin ilk sədası” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerasının tamaşaçılarımıza təqdimatı gözlənilir. Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunacaq bu tamaşa 1919-cu ildə qardaş Türkiyədə baş verən hadisələrdən, tarixdə məşhur olan “Ərzurum Konqresi”ndən bəhs edir. 24 aprel 2015-ci il tarixində, Çanaqqala zəfərinin 100 illiyinin kutlanma törəninə Azərbaycandan türkiyəli qardaşlarımızla birgə səslənmək məqsədi ilə bu mühüm əhəmiyyətli beynəlxalq layihədə iştirak etmək üçün müəlliflə yanaşı, Kazım Qarabəkir paşanın qızı hörmətli Timsal Qarabəkir və “Anadolu Aydınlar Ocağı”nın başkanı professor-doktor İbrahim Öztək dəvət olunublar.
Diqqətəlayiq məsələ budur ki, İrəvana dönmək eşqini hər zaman özündə yaşadan teatrımız heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşmənə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır. İnanıram ki, bu mövqe İrəvan teatrı üçün hər zaman prioritet məsələ kimi qalacaqdır və kollektivimiz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində, respublikamızda gedən bugünkü parlaq inkişafın sabahımıza apardığı işıqlı yolda üzərinə düşən sahədə hər zaman öz işini aktiv fəaliyyət prinsipləri üzərində davam etdirəcəkdir. İrəvan teatrı olaraq biz dövlətimizin göstərdiyi etimadı bütün sənət bacarığımız, düşüncəmiz, vətənpərvərliyimiz, azərbaycançılığımızla var gücümüzü hər zaman qüvvədə saxlayacaq və xalqımızın xidmətində ləyaqətlə dayanacağıq.
İftixar
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət
işçisi
Mədəniyyət.- 2015.- 1 aprel.- S. 10.