“Ölkəmizi tanıyaq”

 

Ekskursiya turlarının üçüncü mərhələsi başa çatıb

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici ekskursiya turlarının üçüncü mərhələsi başa çatıb.

 

Novruz bayramı münasibətilə 17-20 və 21-24 mart tarixlərində gerçəkləşən bu mərhələdə Naxçıvan Muxtar Respublikasının orta məktəblərində təhsil alan şagirdlər 4 istiqamətdə (Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki, Quba-Qusar-Xaçmaz və Lənkəran-Masallı-Lerik) səfərdə olublar. Eyni zamanda respublikamızın qərb, şimal-qərb, şimal və cənub bölgələrinin orta məktəb şagirdləri üçün Naxçıvan Muxtar Respublikasına ekskursiya keçirilib.

Ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə aparılıb. Turlar zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti, həmçinin turizm potensialı ilə yerində əyani tanış olmaq imkanı əldə ediblər.

Naxçıvan şagirdlərinin cənub bölgəsinə səfər edən qrupu üçün Lənkəranda “Dairəvi qala”, “Mayak” binası, Hirkan Milli Parkı, AstaradaYanar bulaq”, “Ləm” yay istirahət evi, Lerikdə “Uzunömürlülər muzeyi” və digər maraqlı məkanlarla tanışlıq yaddaşlarda dərin iz qoyub.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Naxçıvan Muxtar Respublikasında olan Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarının şagirdləri də səfərdən zəngin təəssüratla qayıdıblar. Şagirdlər muxtar respublikanın tarixi və mədəniyyət abidələri, tarix-diyarşünaslıq və ev-muzeyləri, ziyarətgah və digər görməli yerlərinə baş çəkiblər. Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.

İsmayıllı-Qəbələ-Şəki istiqamətində səfər edən Naxçıvan şagirdləri ölkəmizin bu dilbər guşələri ilə tanışlıqdan zövq alıblar. Qəbələ rayonunun Vəndam kəndində “Yeddi gözəl” şəlaləsinə ekskursiya edən məktəblilər gözəl təbiət qoynunda xatirə şəkilləri çəkdiriblər. Qəbələdə şagirdlərin marağına səbəb olan məkanlardan biriNohur gölü olub. Sonra Nic qəsəbəsinə gedən şagirdlər “Cotarialban kilsəsini ziyarət ediblər.

Daha sonra Şəkiyə səfər edən tur iştirakçıları “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Məktəblilərə bu qədim diyarın tarixi, mədəniyyəti, memarlıq abidələri barədə məlumat verilib. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq Naxçıvan məktəblilərinin böyük marağına səbəb olub. Tur-aksiyanın iştirakçıları sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olublar.

Naxçıvan Muxtar Respublikası məktəblilərindən ibarət daha bir qrup Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada olub. Ekskursiya dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədən başlayıb. Sonra məktəblilər Qubadakı Cümə məscidinə gəliblər, ardınca şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini müşahidə ediblər. Quba Soyqırımı Memorial Kompleksində tur iştirakçılarına ermənilərin ötən əsrin əvvəllərində törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.

Gənc nəslin Vətənə məhəbbət, Azərbaycanın tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması baxımdan böyük əhəmiyyət daşıyan "Ölkəmizi tanıyaq" ekskursiya turlarının üçüncü mərhələsində ümumilikdə 38 şəhər və rayondan 720 nəfər şagird iştirak edib.

 

Mədəniyyət.- 2015.- 1 aprel.- S. 6.