Malayziya sərgisində Azərbaycan pavilyonu böyük maraq doğurub

 

Malayziyanın MARA Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq mədəniyyət sərgisində Azərbaycan da təmsil olunub. Sərginin əsas məqsədi müxtəlif ölkələrin tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, mətbəxi və milli adət-ənənələrini təqdim etməkdir. İlk dəfə təşkil edilmiş beynəlxalq sərgini Malayziyada fəaliyyət göstərən müxtəlif ali məktəblərin müəllim və tələbələri, diplomatik korpusun nümayəndələri ziyarət ediblər.

Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin Malayziyadakı səfirliyinin dəstəyi ilə dövlət atributları, Bakı şəhərinin qədim və müasir görünüşünü əks etdirən fotoşəkillər, milli geyimlər, suvenirlər, xalqımızın zəngin mədəniyyəti haqqında məlumatları özündə əks etdirən nəşrlər nümayiş olunub. Sərginin Novruz bayramı günlərinə təsadüf etdiyi nəzərə alınaraq bu bayrama xas olan şirniyyatlar da qonaqlara təqdim edilib. Azərbaycan pavilyonunu ziyarət edənlərə ölkəmizin tarixi, təbii resursları, turizm imkanları, Novruz adət-ənənələri barədə məlumat verilib, respublikamız haqqında qısametrajlı film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 1 aprel.- S. 16.