Kitablar və kitabxanalar
Qafqaz Albaniyasının kitab mədəniyyəti
Qafqaz Albaniyası Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edir. Eramızdan əvvəl IV-III əsrlərdə formalaşan, eramızın VIII əsrində ərəb xilafəti tərəfindən işğal edilən bu dövlət Azərbaycanın bütün ərazisini, indiki Ermənistan və Gürcüstanın bir hissəsini, Rusiyanın cənub bölgəsini (Dağıstan) əhatə edirdi. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristianlığı rəsmi dövlət dini elan edən Albaniya dövləti mövcudluğunun sonuna qədər bu ideologiyanın təsir dairəsində olmuşdur.
Böyük inkişaf yolu keçən bu dövlətin mədəniyyəti, ədəbiyyatı da tərəqqi etmişdi. Hətta xarici ölkələrdə təhsil almağa gedənlər də olmuşdur. Xristianlığın geniş yayılması ilə mədəniyyətin və ədəbiyyatın inkişafı sürətlənməyə başlamışdı. Xüsusilə də kilsə məktəblərinin yaranması dini və tərcümə ədəbiyyatına böyük təsir göstərmişdi. Musa Kalankatlının “Alban tarixi” əsərində bu barədə deyilir: “VI yüzillikdə Albaniyada kilsələr və dövlət binalarının üzərində yazılar həkk olunmağa başlandı. Eyni zamanda yunan, fars və digər dillərdən əsərlər tərcümə edilirdi. VII əsrdə katolikos Viro, şair Dəvdək kimi yaradıcı şəxsiyyətlər tanınmağa başladı”.
Albaniyada şəxsi kitabxanaların olması faktına da Musa Kalankatlının əsərində rast gəlinir. Xristianlığa qədər albanların öz yazısı meydana gəlmişdi. 52 hərfdən ibarət olan əlifba yazı mədəniyyətinə, kitab və kitabxanaların yaranmasına müsbət təsirini göstərmişdir. V-VII əsrlər alban yazı mədəniyyətinin çiçəklənmə dövrü hesab edilir.
Kitabxanaşünas alim, professor Abuzər Xələfov Albaniyada kitab mədəniyyəti ilə bağlı qeyd edir ki, alban əlifbası 10 sait və 42 samitdən ibarət idi. Bu əlifba, onun yazılış forması və quruluşu haqqında böyük elmi əhəmiyyətə malik faktlar 1948-ci ildə Mingəçevirdə qazıntı işləri zamanı aşkar edilib. Yazılı lövhə üzərinə həkk olunmuş əlifbanın albanlara məxsusluğu təsdiqlənib. Qazıntılar zamanı V-VI əsrə aid kitabələr də aşkar edilib.
Kilsələrdə kitab üzü köçürənlərin çoxalması tədricən kilsə kitabxanalarının yaranmasına səbəb oldu. Yenə “Alban tarixi” əsərində oxuyuruq: “Ölkənin rəhbəri Vaçaqanın əmri ilə ölkədə çoxlu məktəblər yaranmışdı. Bu məktəblərdə kitabxanalar fəaliyyət göstərirdi”.
Alban hökmdarı Cavanşirin dövründə (642-681) isə bu iş daha geniş vüsət almışdı. Onun hakimiyyəti zamanı Albaniyada yeni məktəblər açılmış, bir çox ölkələrdən dini və dünyəvi ədəbiyyat gətirilərək alban dilinə tərcümə edilmişdi. Bununla da kilsə və məktəblərin yanında zəngin kitabxanalar yaranmışdı.
Alban əlifbasının yaranması kitab sənəti və kitabxanalarla yanaşı, məktəblərin inkişafına səbəb olmuşdur. Məktəblərin açılması isə kitabxanaçılığın inkişafı ilə nəticələnmişdir. Bu proses Qafqaz Albaniyasının mədəni həyatında mühüm rol oynamışdır.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 13.