Dağların o tayında
Kəlbəcərin işğalından 22 il keçdi
Aprelin 2-də Azərbaycanın Kəlbəcər
rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilməsinin
22 ili tamam oldu. İşğalçı ordunun Kəlbəcərə
genişmiqyaslı hücumu 1993-cü il martın 27-də başlamışdı.
Kəlbəcərin süqutu ilə 60 minə yaxın rayon sakini yurd-yuvasından didərgin düşdü, Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, 100-dən çox kənd talan edildi. Kəlbəcər Laçından sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal olunan ikinci rayon, Ermənistanla sərhəddə mühüm strateji bölgə idi.
Azərbaycanın qərbində kiçik Qafqazın ətəklərində, dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində yerləşən Kəlbəcərin adının mənası «yüksək yer», «uca aşırım» deməkdir. Kəlbəcər rayonu 1930-cu il avqustun 8-də təşkil edilmişdi.
Dağlar diyarı zəngin tarixi-mədəni irsi, təbii sərvətləri, mineral çeşmələri ilə məşhur idi. Rayonda dünya şöhrətli müalicəvi turizm mərkəzi - İstisu kurortu yerləşirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Qaragöl, Zalxa gölləri sahillərində, Ayıçınqıl və Pəriçınqıl dağlarındakı qayaüstü təsvirlər bu bölgənin qədim yaşayış məskəni olduğunu sübut edir. 1976-cı ildə qayaüstü təsvirlərin yerləşdiyi ərazidə aparılan qazıntılar zamanı e.ə. III minilliyə aid qədim yaşayış məskəninin qalıqları aşkarlanmışdı.
Kəlbəcər qədim tarixi
abidələri, o cümlədən alban məbədləri ilə
tanınırdı. Onlardan ən böyüyü Vəng kəndi ərazisindəki
Xudavəng məbəd kompleksidir. Abidə
VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib.
Çərəkdar kəndində alban
kilsəsi (Həsən Camal kilsəsi),
Qanlıkənd ərazisində Lök
qalası, Qaraçanlı kəndində Uluxan
qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndindəki
eyniadlı qala, Comərd qalası, Camışlı kəndində Keşikçi
qalası, Kəlbəcər şəhərində,
Başlıbel, Otaqlı kəndlərində məscid, Soyuqbulaq kəndində Tərtər
çayı üzərindəki Tağlıdaş körpüsü, Söyüdlü
yaylağında Seyid Əsədullanın
ziyarətgahı tarixi abidələr kimi qeydə alınmışdı.
Rayondakı tarix-diyarşünaslıq muzeyinin
zəngin fondu vardı. 22 ildir
işğal altında qalan
bu tarixi-mədəni sərvət
dağıdılaraq talan edilib.
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 11.