“Azərbaycanda məni ən çox cəlb edən xalça sənəti və muğamdır”

 

Fransa Azərbaycanın Avropada sıx münasibətlər qurduğu dövlətlərdən biridir. Bu gün iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə müsahibəmizdə daha çox mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələlərinə toxunduq.

 

- Cənab səfir, Fransa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu il iki ölkənin əməkdaşlığına hansı istiqamətlər prioritet olacaq?

- Azərbaycan və Fransa arasında əlaqələr əla səviyyədədir və ildən-ilə inkişaf etməkdədir. 2014-cü ildə Prezident Fransua Olland Bakıya rəsmi səfər edib, ümumilikdə isə ötən il iki ölkənin başçısı üç dəfə görüşüblər. Münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Məsələn, iqtisadi sahəyə nəzər salsaq, görərik ki, əgər 2011-ci ildə ticarət dövriyyəsi 130 milyon avro təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 400 milyon avronu keçib. Digər sahələrdə də əməkdaşlığımız inkişaf etməkdədir. Kosmos sənayesi, nəqliyyat və başqa sahələri qeyd etmək olar. Mədəniyyət, təhsil sahəsində də əməkdaşlığımız davam edir. Bilirsiniz ki, fransız təhsili liseydən universitetlərə qədər Bakıda təmsil olunur, müxtəlif treninqlər keçirilir. Fevralın 27-də Fransa və Azərbaycanın 30-dək universitet təmsilçilərinin Parisdə görüşü oldu, ikili diplomların verilməsi, proqramların yaxınlaşdırılması və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Yaxın gələcəkdə Fransa-Azərbaycan Universitetini təşkil etməyə hazırlaşırıq. Bu layihə 2013-cü ildə Bakıda qurulan Fransa məktəbinin davamıdır. Biz fransız dilinin tədrisini Azərbaycanda genişləndirmək istəyirik, daha çox gənci təqaüd proqramları ilə Fransaya göndərmək niyyətindəyik.

İncəsənət sahəsində də xüsusi bir struktur yaratmaq istəyirik. Məqsədimiz bu sahədə mübadilənin aparılması, iki ölkənin incəsənət adamlarının qarşılıqlı olaraq müəyyən müddət ərzində Fransa və Azərbaycanda fəaliyyət göstərmələridir. Hazırda bununla bağlı hər iki tərəfdə razılıq əldə olunubbiz layihənin reallaşmasına başlamaq istəyirik.

Hesab edirəm ki, 2015-ci il ikitərəfli münasibətlər baxımından çox zəngin il olacaq. Paris və Bakıda biznes forumlar təşkil etməyi planlaşdırırıq. Bu da adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

- Ölkələrimiz arasında münasibətlərin inkişaf istiqamətlərindən biri mədəniyyət sahəsidir. Bu istiqamətdə hansı tədbirlər, yeni layihələr gözlənilir?

- Ölkələrimiz arasında bu sahədə də əməkdaşlıq qənaətbəxşdir, lakin daha da yaxşı ola bilər. Mədəni əlaqələrdən danışarkən ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri qeyd etmək istərdim. Mehriban xanımın təşəbbüsü ilə istər Fransada, istərsə də Azərbaycanda reallaşdırılan layihələr iki ölkənin yaxınlaşmasında vacib addımlardır. Azərbaycan mədəniyyətinin tanıtımı ilə bağlı layihə Fransanın bir çox regionlarını əhatə edib. Sözsüz ki, bu tədbirlər fransızlarda Azərbaycan haqqında xoş təəssürat yaradır. Ümumiyyətlə, mədəniyyət sahəsində sıx əlaqələr və mübadilə mövcuddur. Fikrimcə, biz bir-birimizdən öyrənməklə daha çox bilik, təcrübə əldə edə bilərik. Ona görə də, mən sənətçilərin mübadiləsinin gücləndirilməsinin tərəfdarıyam. Bugünlərdə Fransanın video sənətçisi Robert Kayen YARAT Müasir İncəsənət Məkanında qonaq oldu və 10 gün ərzində Azərbaycan, Gürcüstan və Rusiyanın video sənətçilərinin sərgiləri keçirildi. Mədəniyyət sahəsində iki ölkənin müvafiq nazirlikləri arasında da yaxşı əməkdaşlıq qurulub. Yeri gəlmişkən, bu il fevralın 7-də Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbulunda oldum. Söhbət zamanı mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi, həmçinin bu mədəni tədbirlərin Fransanın nüfuzlu televiziya kanallarında yayımlanması məsələlərini müzakirə etdik. Qeyd olundu ki, xalqların bir-birinin mədəniyyətinə göstərdiyi qarşılıqlı maraq bu əməkdaşlığın uğurlu inkişafına daima təkan verir.

- Ötən ay Fransanın Bakıdakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Fransa qastronomiya həftəsi və frankofoniya günləri təşkil edildi. Belə tədbirlər ölkələrimiz arasında əməkdaşlığın inkişafında nə qədər faydalıdır?

- Qastronomiya həftəsi ənənəvi olaraqGout de France/ Good France” layihəsi vasitəsilə beş qitədə qeyd olunan beynəlxalq fransız mətbəxi bayramıdır. Artıq bir neçə ildir ki, Bakıda da keçirilən frankofoniya günləri isə fransız dilində danışan insanları birləşdirir. 1970-ci ildən etibarən dünyanın fransızdilli ölkələrinin əməkdaşlığı məsələləri ilə məşğul olan eyniadlı təşkilat fəaliyyət göstərir. Fransa mətbəxi həftəsi çərçivəsində bütün arzu edənlər fransız şərabının, fransız pendirlərinin, müxtəlif yeməklərin dadına baxmaq, eləcə də endirimli qiymətlərlə onları Bakıdakı bir sıra fransız restoran və kafelərindən almaq imkanı əldə etdilər. Fransanın Azərbaycandakı səfirliyi və Bakıdakı Fransa İnstitutu da bu münasibətlə bir sıra tədbirlər təşkil etdi. Fransız qastronomiya həftəsində Bakıdakı dörd fransız mətbəxi restoranı (“Entree”, “Paul”, “Pierre Herme”, “Paris Bistro”) qonaqlara ləziz yeməklər təqdim etdi. Frankofoniya günləri çərçivəsində Bakıdakı Fransa İnstitutunda bu ölkənin mədəniyyəti və qastronomiyasına dair "Kino mətbəxdə" adı altında filmlər nümayiş olundu. Fransa İnstitutunda məşhur fransız şərablarından bəhs edən konfrans keçirildi. Novruz bayramı ərəfəsində isə Bakının 6 restoranında xüsusi fransız menyüsü təklif olundu. Bu tədbirlər Azərbaycanda fransız mətbəx mədəniyyətinin təqdimatı və tanıtımı baxımından əlamətdar hadisədir.

- Necə düşünürsünüz, Azərbaycan Fransada, Fransa isə Azərbaycanda kifayət qədər tanınırmı?

- Azərbaycan hələ də Fransanın ümumi əhalisinin düşüncəsində sirr dolu, tanıdılmalı bir ölkədir. Sizin insanlarınız isə Fransanı yaxşı tanıyır. Aleksandr Dümanın Qafqaza səfər etməsinə və buradan aldığı təəssüratlardan ibarət çox gözəl kitab yazmasına baxmayaraq (mən hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm) Azərbaycan Fransada yetərincə tanınmır. Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Fransa-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən göstərilən bütün təşəbbüslər, müvafiq nazirliklər səviyyəsində həyata keçirilən işlər son illər Azərbaycanın Fransada təbliğatına kömək edib. Eyni zamanda bu sahədə hələ çox işlər görmək lazımdır.

- Siz özünüz Azərbaycanda hansı maraqlı, görməli, tarixi yerlərdə olmusunuz?

- Vəzifə işlərimlə bağlı Bakıda çox məşğul oluram və ölkənin hər bir bucağını gəzib-dolaşmağa kifayət qədər vaxtım olmur. Buna baxmayaraq, Şamaxı, Qəbələ, Şəki, Quba, Qusar, Şahdağ, Lənkəran, Lerikə bir neçə dəfə gedə bilmişəm. Gəncədə keçirilən şərab festivalında iştirak etmişəm. Bundan başqa, Naxçıvana da səfər etmək imkanım olub. Mingəçevirə getməyi planlaşdırıram. Beləliklə, tədricən ölkənizlə tanış oluram.

- Maraqlıdır, Azərbaycanı tərk edərkən xatirə kimi özünüzlə nə aparmaq istərdiniz?

- Azərbaycan xalçaları, ölkəniz, onun məşhur insanları haqqında kitablar, muğam diskləri və əlbəttə ki, öz qonaqlarımla bu ölkənin dadını, zövqünü paylaşmaq üçün bir neçə Azərbaycan şərabı aparacağam. Azərbaycan tarixi, mədəniyyəti və musiqisi çox zəngin və çoxçeşidlidir. O, əsrlərlə qonşu dövlətlərin təsirinə məruz qalıb. Məni Azərbaycanda ən çox cəlb edən isə xalça sənəti və muğamdır.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 10.