Tərcümə Mərkəzində Beynəlxalq Tərcüməçilər Federasiyasının nümayəndələri ilə görüş

 

Ölkəmizə səfərə gələn Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henri Liu, vitse-prezidenti Reyner Hardqurumun katibi Sabine Colombe Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) qonağı olublar.

 

Mərkəzin rəhbəri Afaq Məsud qurumun fəaliyyəti, həyata keçirilən tərcümə və nəşr layihələri və s. barədə qonaqlara məlumat verib. Bildirilib ki, mərkəz dövlət qurumu statusunda 6 aydır fəaliyyət göstərir və bu müddətdə “Tərcümə Mərkəzinin kitabları” seriyasından 9 kitab işıq üzü görüb, həftəlik “Aydın yol” qəzeti, rüblük “Xəzər” dünya ədəbiyyatı jurnalı nəşr olunub. Mərkəzin saytı 8 dildə fəaliyyət göstərir, yaxın günlərdə açıqkitab.az adlı elektron kitabxana oxucuların ixtiyarına veriləcək. Mərkəz dünyanın aparıcı kitab sərgilərində iştirak edir. Yaxın günlərdə London beynəlxalq kitab sərgisinə getməyə hazırlaşırıq.

Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henri Liu bildirib ki, mərkəzin fəaliyyəti barədə eşitdikləri onda xoş təəssürat oyadıb: “Təqdirəlayiq haldır ki, siz tərcümənin tədrisi məsələsindən başlayaraq, tərcüməçiliyin peşəkarlıq problemlərini əhatə edən geniş fəaliyyətlə məşğulsunuz. Tərcüməyə baza səviyyəsindən - yəni təhsildən başlamağınız olduqca uğurlu addımdır. Dövlət başçısı İlham Əliyevin mərkəzə belə bir status verməsi isə, onun, ölkənin dil və tərcümə sahəsinə olan ciddi münasibətinin göstəricisidir. Biz xalqları və ölkələri onların ədəbiyyatı ilə tanıyırıq. Bu mənada tərcümənin xalqlar və ölkələr arasında ədəbi-mədəni bağlantıların qurulmasında önəmli rolu var”.

Qonaq Azərbaycan Tərcümə Mərkəzini Beynəlxalq Tərcüməçilər Federasiyasının 2017-ci ildə Avstraliyada keçiriləcək növbəti konqresində iştiraka dəvət edib.

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 10.