Bakıda Avropa səyahət bazarı təşkil olunub
Aprelin 1-də “Fairmont
Baku” hotelində Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi
ilə Avropa səyahət bazarı ("Baku Travel Bazaar
Europe") keçirildi.
Azərbaycanda lüks (elit) turizmin inkişaf etdirilməsi
məqsədilə təşkil olunan tədbirə
müxtəlif ölkələrin bu turizm sahəsi üzrə qabaqcıl şirkətləri
və media nümayəndələri
qatılmışdı.
Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov dünya iqtisadiyyatında turizmin önəmindən danışdı. Bildirdi ki, turizm dünyada gəlir gətirən sahə kimi günü-gündən inkişaf edir. Son illər ölkəmizdə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində turizm mühüm inkişaf yolu keçib: “Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti, zəngin mədəni irsi, tarixi abidələri turizm imkanlarımızın böyük perspektivi olduğunu göstərir. Bu da öz növbəsində turizmin müxtəlif növlərinin inkişafına zəmin yaradır”.
Sektor müdiri turizm sahəsində dövlət siyasətindən söz açdı, ümumi daxili məhsulda turizmin payının tədricən artdığını dedi. Bildirdi ki, Bakıda Avropa səyahət bazarı kimi tədbirlərin keçirilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərərək, iştirakçıların potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış olmasına imkan yaradır, əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.
Qeyd edək ki, Bakıda Avropa səyahət bazarı tədbirində Türkiyə, İspaniya, İtaliya, Böyük Britaniya, Yunanıstan, Rusiya, İsveçrə, Fransa, Almaniya, ABŞ kimi ölkələrin lüks turizm sahəsində tanınmış 70-dən artıq şirkəti iştirak edib. Tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçirilib.
"Baku Travel
Bazaar"ın il ərzində bir neçə dəfə təşkili nəzərdə
tutulub. Tədbirlər "Baku Travel
Bazaar Wellness", "Baku Travel Bazaar Exotic", "Baku Travel
Bazaar Adventures" kimi adlarda
müxtəlif mövzulara
həsr olunacaq.
Lüks turizmində qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər
göstərilir. Bu turizm
növü ilə məşğul olan şirkətlər qonaqlarını
brend hotellər, özəl təyyarələr,
yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksək səviyyəli
xidmət göstərən
turizm obyektlərində
turistlərə asudə
vaxtlarını daha maraqlı keçirmələri
üçün xizək,
qolf, dalğıc, idman avtomobil turları, paraşütdən
tullanma, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 9.