Avropa Oyunlarında qonaqların yerləşdirilməsində problem olmayacaq

 

Aydın İsmiyev: “Maliyyə bazarındakı vəziyyət hotellərdə qiymət artımına səbəb olmayıb”

 

Azərbaycan artıq maraqlı bir turizm ölkəsi kimi tanınır, bu sahədə dünyada öz yerini tutub. Ölkəmizin dünyada tanınmasının mühüm səbəblərindən biri də Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Bakıda keçiriləcək Avropa Oyunları bu baxımdan müstəsna önəm kəsb edir.

 

Bu fikirləri Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev jurnalistlərə açıqlamasında bildirib. Şöbə müdiri deyib ki, Avropa Oyunlarına hazırlıq vəziyyətinin araşdırılması məqsədilə hotellərdə monitorinqlər aparılır: «Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək qonaqların sayı ilə bağlı hələ konkret dəyərləndirmələr aparılmasa da, onların yerləşdirilməsi ilə əlaqədar problemin olacağı gözlənilmir. Hotellərin qiymətlərinə gəldikdə, deyə bilərəm ki, son bir neçə ildə Bakıda dördulduzlu hotellərin sayı artıb. Hazırda belə hotellərdə birgünlük yerləşmənin qiyməti 70-80 manatdır ki, bu da normal qiymət hesab oluna bilər».

Nazirlik rəsmisi ölkədə fəaliyyət göstərən bütün turizm şirkətləri və hotellərin fəaliyyətinin qənaətbəxş olmadığını da deyib. Onun sözlərinə görə, Azərbaycanda 284 turizm şirkəti, 535 hotel var. Lakin xidmət səviyyəsi onların hamısında eyni səviyyədə deyil: «Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aprelin 6-dan 13-dək Bakı şəhərində xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi nəzərdə tutulur. Kursları Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edəcək».

Aydın İsmiyev jurnalistlərin sualına cavab olaraq bildirib ki, dünyada baş verən iqtisadi böhran Azərbaycan turizminə də müəyyən qədər təsir göstərə bilər. Azərbaycana turistlər daha çox sərhəd ölkələrdən - Rusiya, Türkiyə, İranGürcüstandan gəlir. Onun sözlərinə görə, son iki-üç ildə dünyada baş verən iqtisadi böhran insanların maliyyə vəziyyətinə, o cümlədən onların xaricə səfərlərinə, istirahətlə bağlı planlarına da təsirsiz ötüşmür.

Şöbə müdiri əlavə edib ki, maliyyə bazarında baş verən proseslər Azərbaycan hotel xidmətlərində qiymət artımına səbəb olmayıb: «Bu baxımdan Azərbaycana gələn turistlərin sayı arta bilər. Amma getmə turizmi ilə bağlı müəyyən qiymət artımı müşahidə olunur. Turizm şirkətləri xarici ölkələrin hotellərindəki yerləri avrodollarla alırlar. Sonra da məzənnə nəzərə alındıqda onlar öz turlarını təqdim edən zaman qiymət əlbəttə ki, qalxır».

Nazirlik rəsmisi turizm sahəsində sığorta məsələsinin tətbiqindən də danışıb. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan «Turizm haqqında» yeni qanun layihəsində turizm şirkətlərinin müştəriləri sığortalaması məsələsi də yer alıb: «Ümumiyyətlə, turizm sahəsi - həm turizm şirkətləri, həm də hotellər sığortalanmalıdır. Rusiyada, Türkiyədə nə qədər turizm şirkəti müflis olur, çünki onlar müştərilərlə maliyyə hesablaşmalarında böyük çətinliklərlə rastlaşırlar. Ancaq sığorta vasitəsilə müştərilərin ehtiyaclarını ödəmək mümkündür».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 9.