Bakı sərgisi turizm peşəkarlarının görüş yerinə çevrilib

 

 «AİTF-2015» sərgisində 42 ölkənin şirkətləri 80-dək turizm istiqaməti üzrə stendlərini təqdim edir

 

Aprelin 2-də Bakı Ekspo Mərkəzində işə başlayan XIV Azərbaycan beynəlxalq «Turizm və səyahətlər» («AİTF-2015»), XIX Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (HOREX) və II Xəzər beynəlxalq «Katerlər və yaxtalar» («CIBS-2015») sərgilərinin ekspozisiya sahələrində qələbəlik müşahidə olunurdu. Sərgilərin birinci günü olduğundan burada ancaq peşəkarlara rast gəlmək mümkün idi.

 

Regionlarımızın geniş təqdimatı

 

«AİTF-2015» öncəki sərgilərlə müqayisədə daha böyük sahədə təşkil edilib. Burada 42 ölkədən ümumilikdə 371 şirkət 80-dək turizm istiqaməti üzrə stendlərini təqdim edir. Onların arasında turizm şirkətləri, hotellər, istirahət və sağlamlıq mərkəzləri var. 17 ölkə öz milli stendi ilə iştirak edir.

Ölkəmizin turizm imkanlarına da geniş yer ayrılıb, sərgidə Azərbaycanın 18 regionu təmsil olunur. Bu sırada diqqəti cəlb edən isə bu il ilk dəfə sərgidə Qarabağla bağlı ayrıca stendin qurulmasıdır. Burada 4 rayonun - Bərdə, Tərtər, Ağcabədi və Şuşanın turizm imkanları, o cümlədən sənətkarların əl işləri, milli musiqi alətləri nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin sözlərinə görə, may ayından turizm şirkətləri tərəfindən Qarabağ turu təşkil ediləcək. Bu məqsədlə «A La Carte Travel» turizm şirkəti tərəfindən «Beş dövrün beş paytaxtı» adlı turpaket hazırlanıb. Həftəsonu baş tutacaq tur üzrə iştirakçılar Azərbaycanın qədim paytaxtlarına Bakı-Şamaxı-Qəbələ-Gəncə-Bərdə marşrutu üzrə səyahət edəcək, milli mətbəx nümunələri, tarixi abidələrlə tanış olacaqlar.

Azərbaycanın turizm potensiallı bölgələrindən olan İsmayıllı rayonu da sərgidə öz stendini təqdim edir. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun sözlərinə görə, 2014-cü ildə bölgəyə 96 min turist gəlib. Bunun 23 faizini əcnəbilər təşkil edib.

Azərbaycan Turizm Assosiasiyası (AZTA) builki sərgidə öz ekspozisiya sahəsini ötən ilə nisbətən iki dəfə artırıb. Qurumun idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, AZTA-nın stendində 20-dən çox yeni fəaliyyətə başlayan hotelturizm şirkəti təmsil olunur. Bunun da əsas səbəbi onlara bazara daxil olmaqdaöz işlərini qurmaqda kömək etməkdir.

 

Ölkəmizə gələn turistlər üçün bələdçi

 

Sərginin ekspozisiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun stendiyer alıb. 2014-cü ilin aprelindən Azərbaycan, ingilisrus dillərində işıq üzü görən aylıq nəşrdə ölkəmizə gələn turistlər üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılar, şəhərimizin mədəni həyatı, teatrkonsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri və s. barədə məlumatlar təqdim olunur. Nazir Əbülfəs Qarayev, sərginin rəsmi qonaqları “Baku Guide”ın stendi ilə də yaxından tanış oldular. Qonaqlara nəşr haqqında məlumat verildi.

 

Sağlamlıq turizmi üçün geniş imkanlar

 

AİTF sərgisində ikinci ildir ki, yeni bölmə - «Tibbi turizm» istiqaməti də ayrıca yer alır. Buradakı iştirakçıların sayı da xeyli artıb. Azərbaycan, Almaniya, İran, Sloveniya, Litva, Macarıstan, Çexiya, Türkiyə, Yunanıstanın özəl və dövlət klinikaları, tibbi mərkəzləri sərgidə təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin stendində isə «Chinar SPA Naftalan», «Naftalan Hotel by Rixos», Naxçıvan Muxtar Respublikasının «Duzdağ» Fizioterapiya Mərkəzi kimi sağlamlıq mərkəzləri öz məhsullarını təqdim edirlər.

«Duzdağ» Fizioterapiya Mərkəzinin satış meneceri Əli Abdullayev deyir ki, burada əsasən astma-bronxidallergiya xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. Mərkəz 1979-cu ildən fəaliyyət göstərir, bir neçə il əvvəl əsaslı təmir olunub. İl ərzində 5 min nəfərə yaxın insan burada öz sağlamlığına qovuşur. Mərkəzə xarici ölkələrdən, daha çox isə Türkiyə, İran, RusiyaAvropa ölkələrindən gələnlər var.

 

“AİTF sərgisi ölkəmizə turist cəlb etmək üçün yaxşı imkandır”

 

Monteneqronun stendində bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Branko Miliçlə qarşılaşırıq. Səfir deyir ki, son illər ölkəsinə səfər edən azərbaycanlıların sayı artıb. Bunun səbəblərindən biriMonteneqronun «AİTF» sərgisində yaxından iştirak etməsidir. Onun fikrincə, sərgi ölkəyə turist cəlb etmək üçün yaxşı imkandır.

 

 

 

 

 

Sərgidə ən böyük ekspozisiya sahəsi olan ölkələrdən biriqardaş Türkiyədir. Bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanın sözlərinə görə, «AİTF-2015» sərgisində təmsil olunmaq üçün Türkiyə 207 kvadratmetrlik sahə icarəyə götürüb. Bu sahədə TURSAB, “Türk Hava Yolları” da daxil olmaqla 30-a yaxın təşkilat və turizm şirkəti öz məhsullarını nümayiş etdirir. Antalya, İstanbul, Bodrum, Ərzurum, Ərzincan, Bayburt, Qars, Ərdahan, Ağrı, Bursa, Alaniya bölgələri yüksək səviyyədə təmsil olunur.

Türkiyənin stendində qədim tarixi və mədəni dəyərləri ilə tanınan Mardin şəhəri xüsusi formada təqdim olunur. Mardin UniversitetininReyhanimusiqi qrupunun ifaları hər kəsin diqqətini cəlb edirdi. Qrupun musiqi sədaları altında stendin qonaqlarına Türkiyədə böyük önəm verilən mətbəx nümunəsi - çiy küftə və bölgəyə xas olan digər yeməklər təqdim edilirdi.

İran İslam Respublikasının stendində bu ölkənin 3 vilayətinin turizm imkanları təqdim olunur. Urmiya Turizm İdarəsinin müdir müavini Hüseyn İmami qəzetimizə açıqlamasında bildirdi ki, ildə təkcə bu şəhərə 6 mindən çox Azərbaycan Respublikası vətəndaşı səfər edir. Onların əksəriyyəti isə müalicə məqsədilə gələnlərdir.

 

 

 

 

 

«Horex Caucasus-2015» və «CIBS-2015» - peşəkarların məkanı

 

Digər iki sərginin - regionun hotelrestoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan 9-cu Qafqaz beynəlxalq «Hotellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar» («Horex Caucasus-2015») və 2-ci Xəzər beynəlxalq «Katerlər və yaxtalar» («CIBS-2015») sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşir. Burada yeni inşa edilmiş və gələcəkdə inşa olunacaq obyektlər üçün «Mehmanxana, restoran və kafelər» («HoReCa») sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribütorların təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatlar, eləcə də qida məhsulları və içkilər nümayiş olunur. Eyni zamanda kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı, su nəqliyyatı və s. sektorlarda fəaliyyət göstərən şirkətlər öz xidmətlərini təklif edirlər.

Qeyd edək ki, hər üç sərgi aprelin 4-də başa çatacaq. Sərgilərin yekunları barədə materialı növbəti sayımızda təqdim edəcəyik.

 

Fəxriyyə Abdullayeva

 

      Mədəniyyət.- 2015.- 3 aprel.- S. 8.